Niyə bizim universitetlər xaricdən tələbə yığa bilmirlər? - dos. İlham Əhmədov
Türkiyənin elm, təhsil, texnologiya sahəsindəki uğurları bizim hamımızı sevindirir. Bu il Türkiyə universitetlərində 300 min əcnəbi tələbə təhsil alacaq. Çox yaxşı.
Eyni zamanda biz öz universitetlərimiz haqqında da düşünməliyik. Türkiyədə bizim 34 min tələbəmiz təhsil alır. Təxminən bir o qədər də toplam olaraq digər ölkələrdə tələbələrimiz ola bilər. Əgər xaricdə 70 min tələbəmiz təhsil alırsa, balansı saxlamaq üçün məntiqlə bizdə də 70 min əcnəbi tələbə təhsil almalıdır. Amma reallıqda 5-7 min əcnəbi tələbə təhsil alır. Niyə? Çünki, bizim universitetlər rəqabətə davamlı deyillər. Əcnəbi tələbələr üçün burda oxumaq nə təhsil, nə elm, nə də digər cəhətdən cəlbedici deyil. Hesab edirəm ki, ETN ATM -nin rəqabətədavamlığını təmin etmək üçün kompleks işlər görməlidir. Bəs hansı işləri?
30 ildə hələ belə təşəbbüslər görmədik. Bir dövlət proqramı oldu, adı rəqabətqabiliyyətliyin artırılması olsa da, rəqabətqabiliyyətliyə real təsiri çox az oldu.
Bütün bu proseslər təbii ki, elmi bazada aparılmalıdır, beynəlxalq təcrübəyə söykənməlidir. Təəssüf ki, bir elm kimi "ali məktəb pedaqogikası" sovet vaxtında bizdə tədqiq edilsə də, müstəqillik illərində tam unuduldu. Bu sahəyə əhəmiyyət verməsək, ali təhsildə islahatlar necə aparıla bilər?
Ali təhsil sistemində görüləcək o qədər iş, həll ediləcək bu qədər problemlər olduğu halda, real iş görmək istəyən, iş potensialı olan insanlar çox azdır, olanlar da iqnordadır (görünür alternativ fikirlr və rəylər bəyənilmir, müəlliflər arzubedilməz elan olunurlar (bu yanaşmalar yəqin ki, "təhsilə can yandırmaqdan" irəli gəlir, təki yaxşı ideya olmasın).
ETN özünü belə lazımlı və mürəkkəb işlərdən daim kənara çəkir (səbəb məlumdur), heç olmasa təşəbbüs göstərənlərə bir dəstək versin, onların layihələrini maliyyələşdirsinlər. Məktəblər və məktəb müəllimləri üçün neçə ildir qrant müsabiqəsi keçirdirlər. Lap yaxşı. Əslində bundan 10 dəfə artıq büdcə ilə ATM üçün belə müsabiqələr keçirdilməlidir. Çünki ATM-nin problemləri məktəbin problemlərindən xeyli mürəkkəb və çoxdur, amma inkişafı üçün heç bir maliyyə mənbəyi, investiyası imkanı yoxdur. ATM PHŞ olduqdan sonra durum daha da pisləşib.
"Paralel.az"