Saxta diplomlu sektor müdiri Beyləqan təhsilini kor qoyub
Beyləqan təhsil sektoruna müdir təyin olunan Elvin Abbasov hansı əsasla sektora müdiri təyin edilib?
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abbasov Elvin Sevdimalı oğlu Beyləqan rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub!
Maraqlı məqam odur ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev diplomun legitimliyinə şübhə doğuran və bu əsasla da bir neçə il əvvəl öz ərizəsi ilə işlədiyi məktəbdən işdən azad olunan Elvin Abbasovun sənədlərini Təhsil Nazirliyindən necə keçirdib?
Bu qaranlıq qalan məqamları aydınlaşdırmazdan əvvəl Elvin Abbasovun arxivinə nəzər salaq.
Nəzərinizə çatdıraq ki, mərhum Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialından Elvin Abbasova saxta diplom alınıb.
Bundan sonra isə o, Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, 2013-2014-cü tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinə qatılıb.
Ən maraqlısı isə, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi olub.
Halbuki, o, bu nominasiyaya layiq deyildi.
Bu maxinasiya isə mərhum Tofiq Sadıqova və Vaqif Abdullayevə saxta diplomun verilməsi üçün 8 min manat, Elvin Abbasovun Beyləqan rayon 6 saylı tam orta məktəbinə tarix müəllimi vəzifəsinə işə qəbulu üçün 3 min manat və müsabiqədə iştirakına görə 6 min manat və nəhayət, qalibin mükafatlandırıldığı 5 min manat da daxil olmaqla 22 min manat qazandırıb.
Elgün Həsənovun qanunsuz olaraq təhsil sahəsində fəaliyyəti rekord səviyyəyə çatıb. Beyləqan rayonu təhsil sistemi baş verən qanun pozuntuları ilə gündəmdədir, rayonun sektor müdiri saxta diplomlu olduqdan sonra rayonun təhsilində inkişaf gözləmək nə dərəcədə düzgündür?
İnsanlar 4 il əziyyətlə universitet oxuyub bitirir, daha sonra magistr təhsili alıb iş tapmaqda çətinlik çəkir. Belə olduğu təqdirdə kimlərinsə əli ilə saxta diplomlu şəxslər təhsil ocaqlarında at oynadırlar. Çox maraqlıdır Elm və Təhsil Nazirliyi saxta diplomlara qarşı necə mübarizə aparır ki, belə özbaşınalıqların sayı azalmaq yerinə günü-gündən artır. Bu problemi Elm və Təhsil Nazirliyi də öz nəzarətinə götürə bilmirsə, bu işə hansı qurum baxmalıdır?
Elm və Təhsil Nazirliyi bu qanunsuzluqlara və özbaşınalıqlara nə vaxta qədər göz yumacaq?
Mənbə: Təhsil Media