"Böyük qayıdış" və Qarabağda regional universitetlərin yaradılması
Vətəndaşlarımız tədricən işğaldan azad edilmiş torpaqlara-ata baba yurdlarına qayıdırlar. Ölkə prezidentinin də qeyd etdiyi kimi qarşıdakı illərdə yüzminlərlə vətəndaş öz ata-baba yurduna qayıdacaqdır. Bu məqsədlə "Böyük qayıdış" adlı xüsusi proqram, meqalayihələr hazırlanmışdır.
İşğaldan azad edilmiş torpaqlarda görüləsi işlərimiz hələ çoxdur. Bunlardan biri də bu torpaqlarda yeni universitetlərin yaradılmasıdır. Universitetlərin paytaxtdan regionlara köçürülməsi kimi səmərəsiz ideyaları müzakirə etməkdənsə, işğaldan azad edilmiş ərazilərdə yeni, müasir universitetlərin qurulması barədə düşünməliyik.
Yeni universitet deyəndə biz tikinti quraşdırma işlərini nəzərdə tutmuruq. Bizdə uzun müddət təhsil deyəndə tikinti, TN deyəndə tikinti nazirliyi başa düşülüb. Təhsilin keyfiyyəti ilə yox, tikilən məktəb və kampusların sayı və qiyməti ilə fəxr etmişik. Sonda gördük ki, məktəblər və kampuslar var, amma burada keyfiyyətli təhsil yoxdur.
Bu universitetləri elə qurmalıyıq ki, sonradan onu gücləndirməyə, rekonstruksiya etməyə ehtiyac olmasın.
Bu yenidən bərpa olunan regionların ahəngdar inkişafı, məhz orda regional universitetlərin yaradılması və inkişafı hesabına mümkün olar. "Böyük qayıdış" proqramı bu regionalara əhalinin geri dönməsi ilə yanaşı, regiona elm, təhsil və mədəniyyətin də qayıdışını nəzərdə tutur.
Təhsildəki 30 illik tənəzzüldən sonra, təbii ki, bizim dünya səviyyəli universitet qurmağımız çətin olar, amma regional səviyyəli universitet qurmağımız mümkündür və vacibdir.
Bunun üçün güclü komandaya ehtiyac var. Əgər belə komanda yığa bilsək, bu iş bəlkə də mümkün olar. Son illərin acı reallığını nəzərə alsaq, bu da çətin məsələ olacaqdır. Yenə həmişəki kimi qohumlar, dostlar, tanışlar, həmkəndlilər yada düşəcək.
30 ildir ki, universitetlərimizin tənəzzülünü müşahidə edirik. Belə vəziyyətdə bizim indi regionda yaratmaq istədiyimiz universitet AMİ səviyyəsində olacaq.
Bizim təhsil problemimiz, heç də Qarabağ problemindən sadə məsələ deyil. Hesab edirik ki, ordumuzu türk qardaşlarımız gəlib qurduğu kimi, təhsilimizi də, xüsusən də Qarabağda yaradılacaq yeni universitetləri türk təhsil menecerinin yaxından dəstəyi ilə qurmalıyıq.
Bunun başqa yolunu görmürəm.
"Paralel.az"