Bizimlə birgə “böyüyən” tıxaclar

Bizimlə birgə “böyüyən” tıxaclar
 

Az qala meqapolisə çevrilən paytaxt Bakının elə Bakı kimi hər gün bir az da böyüyən ən aktual problemlərindən biridir hər gün qarşılaşdığımız, əziyyətini çəkdiyimiz tıxaclar. Doğrudur hökumət qurumları problemin aradan qaldırılması üçün alternativ üsullar tapmağa çalışsa da, lakin tıxac problemi hələ də öz həllini tapmayan məsələlər sırasında qalmaqda davam edir. Nəticədə, tıxac gündəlik həyatımızın bir parçasına olaraq qalır, bizimlə birgə addımlayır və təəssüf ki, həm də bizi sıxır.Maraqlıdır görəsən avtomobil yollarında adi hala çevrilmiş tıxacların yaranmasının əsas səbəbləri nələrdir? Niyə yollarda tıxacların tənzimlənməsi mümkün olmur?
İlk səbəb kimi yolun hərəkət qolaqlarının və dairələrinin kifayət qədər geniş olmaması və ya onların qurulduqları ilk vaxtdan bəri uğursuz layihə olmasını irəli sürə bilərik. Məsələn, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, "20 Yanvar" dairəsi, "Bakı-Sumqayıt" şosesi, Tbilisi prospekti və digərləri tez-tez adı çəkilən yollardır ki, hər gün səhər və axşam saatlarında bu məkanlarda tıxaclara rast gəlirik. Lakin hələ də həlli tapılmayan problem kimi qalmaqda davam edir. İkinci bir səbəb isə işıqforlardır. Bir yolun tənzimlənməsi üçün işıqforların olması mütləqdir. Hər bir yolda işıqfor sistemi quraşdırılsa, tıxac bir qədər stabil vəziyyətdə ola bilər. Qanunların xaosun qarşısını almaqda, nizam-intizamların müəyyən edilməsində böyük rolu var. Əlbəttə ki, ölkəmizdə dövlət tərəfindən qəbul edilmiş yol-hərəkəti qaydaları da mövcuddur. Bəs sürücülər nə dərəcədə yol qaydalarına riayət edirlər? Demək olar ki, burda nisbət yarı-yarıyadır. İntizamsızlar seqmentinə daxil olan həmin o sürücülər əksər hallarda təyin edilməyən yerdə avtomobillərini saxlayırlar və yaxud düzgün yol zolağında hərəkət etməməklə, sürət qaydalarına nəzər yetirməmələri kimi hallar yol qaydalarının pozuntusuna səbəb olur. Yol qaydalarının pozuntusu da tıxacın yaranmasında başlıca rol oynayır.
Tıxacların yaranmasında ən başlıca amil nədir? Əlbəttə ki, nəqliyyat vasitələri, daha doğrusu onların sayının hər ötən gün həndəsi silsilə ilə artması. Maşın sahiblərini nəqliyyat vasitələrindən istifadəni azaltmağa təşviq etmək üçün müxtəlif variantlar mövcuddur. Nümunə kimi deyə bilərik ki, keçmiş zamanla indiki zamanımızı müqayisə edə və ya ümumi statistika çıxarmaqla bunun üçün ipucları axtara bilərlər. Nəticədə, ipuclar sayəsində problemin mahiyyətini araşdırmaqla buna nail ola bilərlər. Həmçinin, dövlət tərəfindən bu mövzu ilə bağlı müəyyən ideyalar, tədbirlər həyata keçirilə bilər.
Bütün sadaladığımız səbəblər bütöv bir seqmenti əhatə etməklə, tıxacın yaranmasında başlıca amillərdir. Düzdür, bu problemləri birdəfəlik həll etmək mümkün olmasa da, lakin bir hissəsini aradan qaldıra bilərik. Əlbəttə, problemin həllində vətəndaşların dəstəyi də danılmazdır. Hamımız bir-birimizə dəstək olmaqla tıxac problemini gündəmdən, həyatımızdan çıxarda bilərik ki, nəticədə nə işə, dərsə gecikər, nə də əsəbləşərik.

Fatimə Mustafayeva,
BDU-nun jurnalistika fakultəsinin tələbəsi

"Paralel.az"

0.019379854202271