Nəcməddin Sadıqovun ətrafında çəmbər daralır
“Tərtər işi” ilə bağlı məhkəmə prosesi davam edir. Məhkəmədə bir-birindən maraqlı, sensasion ifadələr səsləndirilir. İstər zərərçəkən kimi tanınanlar, istərsə də ittiham edilənlər ifadələrində bu dəhşətli prosesin yönəldicilərinin, təşkilatçılarının adlarını çəkirlər.
Məhkəmə başlamadan da mediada, ayrı-ayrı müzakirələrdə bu hadisənin təşkilatçıları sırasında N.Sadıqovun adı əvvəldə çəkilirdi. “Tərtər işi” mövzusu hələ ilk vaxtlardan oxları bəlli bir çevrənin üzərinə yönəltmişdi.
Bu çevrənin başında dayanan şəxs kimi general Nəcməddin Sadıqov adı hallanırdı. Müdafiə nazirinin sabiq birinci müavini, Baş Qərargahın keçmiş rəisi 2017-ci ildən keçən 6 ildə bu mövzuda 6 kəlmə belə etməyib. Bir dəfə haqqındakı iddiaları təkzib etməyib. O, zatən Azərbaycan ictimai rəyində sevilməyən persona olub. Vəzifədə olduğu ilk gündən xalq bu adamı qəbul etmədi. Ona ictimai inam sıfıra bərabər olub. Cəbhədə nə vaxt uğursuzluq baş verib, hər kəsin barmağı N.Sadıqova tuşlanıb. Haqlı-haqsız, bütün günahların cümlə baiskarı o elan edilib.
Dövlət bu şərtlər altında dövlət onu uzun illər vəzifədə saxladı. O da heç nə olmamış kimi işində-gücündə oldu. Normal məntiq soruşur: Bu qədər qınanan, xalq tərəfindən sevilməyən, hər addımda günahkar elan edilən bir nazir müavini vəzifədə necə qərarlaşa bilib? Hər gün iş yerinə necə rahat gəlib? Kabinetində necə əyləşib? Nazirlikdə özünü necə rahat hiss edib?
Nəcməddin Sadıqov heç vaxt milli adam hesab olunmayıb. Əksinə, onu cəmiyyət, media antixalq biri olaraq tanıyırdı, tanıdırdı. Yəqin buna görə də xalqın rəyini vecinə almırdı. Güman ki indi də almır.
Amma hüquq tələb edir ki, o, məhkəmə önünə çıxarılsın, istintaqda dindirilsin, şahidlərlə üzləşdirilsin. İşgəncələrə məruz qalanların suallarını eşitsin, onlara cavab versin. Təsəvvür edin, “Tərtər işi” məhkəməsində bu qədər adam “Nəcməddin Sadıqov günahkardır, işgəncələrin başında o dayanırdı” deyir, hakimlər, prokurorlar sabiq Baş Qərargah rəisinin məhkəməyə dəvət edilməsini təmin etmirlər? Sadıqovun himayəçiləri kimlərdir? Xalqın, dövlətin iradəsini heçə sayacaq qədər güclüdürlər?
Heç bu işdə adları hallandırılan, ittiham olunan digər generallar, yüksək rütbəli hərbçilər də doğru-düzgün sorğulanmır. Məsələn, 2022-ci ilin dekabr ayının 16-da Milli Məclisin iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı “Tərtər işi”nə görə iki generalın adını çəkərək, onları sərt tənqidə məruz qoydu. Hərbi Prokuror Xanlar Vəliyevlə sabiq baş prokuror Zakir Qaralovu “Tərtər işi” mövzusunda ittiham etdi. Çıxışının sonunda hər iki generalın ölkə prezidentindən, zərərçəkmişlərdən və xalqdan üzr istəməli olduqlarını bildirdi. İki gün keçmədi ki, Xanlar Vəliyev Zahid Oruca və digərlərinə sərt dildə cavab verdi. O, barəsində deyilənləri təkzib etdi, özünü təmizə çıxaran açıqlama yaydı. Bundan sonra X.Vəliyevin adı Milli Məclisdə və deputatlar arasında bir daha hallandırılmadı…
Zakir Qaralov danışmasa da susqunluğu ilə hamını boykot etdiyini göstərdi. Bir növ, “dedikləriniz mənə vız gəlir” mesajı idi onun bu tavrı. Bilmirik, arxa planda, gizli qapılar arxasında bu iki generalın ifadəsi alındımı? Mümkündür ki, onlara dövlətin sərt üzü göstərilsin. Çünki Z.Orucun o çıxışı boşuna deyildi. Arxasında dövlətin iradəsinin olduğunu görmək mümkün idi.
Fikrimizcə, Nəcməddin Sadıqovla bağlı bütün kartlar açıqdır. Diqqət edin, Prezident İlham Əliyev onu vəzifədən nə vaxt azad etdi? Müharibə başlayan ərəfədə N.Sadıqov sistemdən uzaqlaşdırıldı. Bu o deməkdir ki, dövlətin onunla bağlı dəqiq məlumatı olub.
Üç ilə yaxındır ki, ictimaiyyət onun həbsini tələb edir. Dövlət isə tələsmir. Bu cür adamlarla bağlı təmkinli davranmaqda fayda var. Öncə onun ordudakı sistemini çökdürmək lazım oldu Bu proses hələ davam edir. N.Sadıqova bağlı olan, onun əmrlərini icra edən vəzifəli şəxslərin bir neçəsi içdən çıxarılıb, həbs edilib.
Yəqin növbəti mərhələdə özü də tam zərərsizləşdirilər. Bunun mümkün yolu hazırda davam edən “Tərtər işi” məhkəməsidir.
Ötən həftə prezidentin sərəncamı ilə general rütbəsindən məhrum edilənlər haqda məqalə yazmışdıq. Həmin məqalədə Eldar Mahmudovla Nəcməddin Sadıqovun da adlarını çəkmişdik. Bildirmişdik ki, ali hərbi rütbəsi əlindən alınacaq namizədlər sırasında E.Mahmudovla N.Sadıqov da adları var.
Dövlətin bu adamlara dözüm limiti bitib. Ona görə də bütün resurslardan məhrum edilirlər. Böyük hesablaşma davam edir.