Heç kim qatil doğulmur -II - Çingiz Sultansoy

Heç kim qatil doğulmur -II - Çingiz Sultansoy
 

Detektiv hekayə, II hissə

"Yeganə, həqiqətən, ciddi mənəvi problem - qətldir" - Alber Kamü


Ön cəbhədə əvvəlcə kəşfiyyatçı bölüyünün üzvü, sonra şücaətinə görə rütbə alıb irəli çəkilən bir qrup komandiri kimi dəfələrlə ölümlə üz-üzə gəlmiş Rainer ən çətin, çıxılmaz vəziyyətdən belə çıxmağı, istənilən təhlükəli durumda döyüş tapşırığını yerinə yetirərək sağ qalmağı öyrənmişdi. Kasıblamış olsa da, zadəgan ailəsində böyüyən, tələbəlik vaxtı çox da korluq çəkməyən Rainer cəbhədə günlərlə ac qalmaq, həftələrlə ən az və ən sadə yemək - soğan-çörək, kök, çuğundur, hərdən ət konservi, isti kartof və ya noxud suppesi* ilə qənaətlənməyə öyrəşmişdi, aylarla çimməmək onunçün adi bir şey olmuşdu.

Cəbhədən dönəndən sonra Rainer istədiyi qızın başqasına ərə getdiyini bilib böyük xəyal qırıqlığı yaşadı və daha heç kimə ürəkdən bağlanmadı. Subay qardaşı müharibədə həlak olmuş, ata-anası dünyalarıını öz əcəlləriylə dəyişmiş, ailəsindən yalnız kiçik bacısı qalmışdı. O da zadəgan von Eberhardt nəslindən qızla evlənmək istəyən neçə kasıblamış zadəgan ya varlı fermer oğlunun elçilərinə "Yox” deyib, qonşuluqda yaşayan və yeniyetmə çağlarından ona aşiq olan ortabab fermerə ərə gedəndən sonra kəndə köçmüşdü, bayramlarda və rübdə bir dəfə paytaxtda yaşayan qardaşına səliqəylə məktub yazır, təbrik və ailə xəbərlərini çatdırırdı. Yaxşı ki, bəxti gətirmişdi, mehriban dolanırdılar, əri ailəcanlı, işlək adam idi, uşaqları nəinki bu zəmanədə aclıq çəkmir, yaxşı yaşayırdılar.

Yaxın qohum-əqrəbadan daha heç kimi qalmamışdı. Boş qalan dədə-baba mülkünü satıb, - torpaqların üçdə birini yeznə, qalanını və kiçik qəsr sayılan, əslində isə çoxdan təmir görməyərək yavaş-yavaş uçalan, dağılan böyük, qalın daş divarlı evi isə müharibə zamanı varlanan, istefaya çıxandan sonra mal-qara alveriylə yüz milyonlar qazanan, indisə əsilzadə kimi görünmək üçün qəsrə sahib olmaq istəyən keçmiş ordu intendatı aldı, - borclarını qaytarandan sonra pulun qalanını bacısıyla bölmüşdülər, indi Berlində yaşadığı mənzili elə o pula almışdı. Bu mənzili qənaət naminə demək olar ki, qızdırmırdı – şinelinə bürünüb, üstdən sahibi həlak olmuş başqa bir şinel də salıb səngərdə yatmağa öyrəncəli adam tavanı-pəncərəsi salamat otağın qızdırılmasına niyə pul xərcləməliydi ki? Otaqdakı sobanı yalnız hərdənbir, ya güclü şaxtalarda, ya da bir axşamlıq ya bir gecəlik, rəqsdə tanış olduğu qızları evə gətirəndə qalayırdı.

Təbii ki, Rainer dinc həyata qayıdandan sonra normal qidalanmağa, tez-tez yuyunmaq vərdişinə də qayıtmışdı, köynəkləri həmişə kraxmallı və dümağ, şalvarı ütülü olurdu. Hər halda səngər həyatı ona yeri gələndə ən az yemək və narahat yataqla qənaətlənməyin mümkünlüyünü, ən çətin şəraitdə yaşamağı öyrətmişdi, bu mənada sanki bir spartalı olmuşdu. Sparta vərdişləri müharibədən sonra da karına gəldi.

Rainerin çevrəsində yalnız universitet və cəbhə dostları qalmışdı, hərdən görüşüb pivə, şnaps* içir, bazar günləri cıdıra gedirdilər. İşsiz qalan dostlarını hərdən qonaq edirdi, əslində üç-dörd nəfərdən başqa hamısı işsiz idi, günü-gündən əriyib azalan təqaüdlə necə dolandıqları bilinmirdi.

Bir həftə keçdi. Şirkətdə və alıcılarla görüşlərdə ötən iş saatlarında da Rainer yazı masasının siyirməsində yatan məktubları bir neçə dəfə xatırladı və daha iki gün sonra naməlum şəxsdən içində "Hans-Paul Geiger öldü” xəbəri və iyirmi dollar olan dördüncü məktubu alanda, daha təəccüb etmədi. Zarafatın davamı? Amma artıq zarafata oxşamırdı bu, dost zarafatı ola bilməzdi, çünki çoxu işsiz olan dostları arasında hər hansı zarafata görə iyirmi dolları məktubla göndərəcək adam çətin tapılardı. "Bəlkə varlı müştərilərdən biridir? Amma hətta varlılar da indiki zəmanədə belə zarafat eləməz”. İyirmi dollar bir ətək, yüz qırx min markaya qədər pul edirdi.

Almaniyanı bürüyən və dərinləşən krizis və inflasiona baxmayaraq, işsiz qalan, ya lap işi olsa da maaşı dolanmağa çatmayan universitet və cəbhə dostları arasında Rainer von Eberhardt ən uğurlu, yaxşı işdə işləyən, aldığı aylığı dolanışığına çatmalı adam sayılırdı. Çatmalı idi, amma çatmırdı, çünki bir zəif damarı vardı – qumar, at yarışlarında oynamağı. Hələ yeniyetməykən evdə alman zadəganı üçün zəruri sayılan qılınc oynatmağı, güllə atmağı, at çapmağı, baryerlərdən tullanmağı incəliklərinə qədər öyrənmişdi, ona görə o vaxtlar indikindən yüz dəfələrlə populyar cıdırı, at yarışlarını kübar dairələrin gələnəkli əyləncəsi kimi sevirdi. Özəlliklə gələcək firavan və kübar həyatının əyləncəsi kimi, xüsusilə də iki-üç növünü. Ona görə hələ tələbə vaxtı hərdən Berlinin artıq o zamanlarda köhnə sayılan və məşhur "Hoppeqarten” hippodromuna gedib cıdıra baxardı, hətta bir-iki dəfə azca pul qoyub oynamış və udmuşdu. Müharibəyə qədər vaxtaşırı, mövsümdə ən çoxu bir-iki dəfə gedirdi, müharibədən sonra isə cıdıra marağı artdı və Wettbüroda* müntəzəm oynamağa başladı. Wettbüro onu həvəsə saldı. Rainer uduşlarına sevinir, uduzmağa önəm vermir, unutmağa çalışırdı. "Səhv elədim, axırıncı iki əl oynayıb uduzmayaydım gərək”.

Onu anlamaq olardı – müharibə veteranları səngərdən sonra dinc həyata çox çətinliklə qayıdır, uyğunlaşıb uyuşa bilmirdilər. Bir hissəsi lül-qəmbər olanacan içir, dava-dalaş salır, arvadını ya qonşularını döyür, bir hissəsi nəşə və həşiş çəkir, morfi vurur, kokain iyləyir, digər hissəsi qanunsuz gizli kazinolarda kart və roulette* oynayır, var-yoxunu uduzur, digərləri hətta quldurluq edir, bəziləri rastına çıxanı ya özlərini öldürür, başqa bir hissəsi dinib danışmır, özlərinə qapanıb küçəyə belə çıxmır, günlərini yataqda keçirərək sönüb gedirdilər. Qəzetlər hər gün cinayətlərdən, kriminal olaylardan və intiharlardan yazırdı, krimpo - kriminal polis caniləri tutub qurtara bilmirdi, elə artmışdılar ki çatdırmaq olmurdu.

O vaxtlar hələ nəinki psixoloji reabilitasion xidməti yox idi, müharibə sindromu veteranlar arasında geniş yayılsa, bu hal barədə hələ antik müharibələr dövründən məlum olsa da, "müharibə sindromu” anlayışı hələ yeni yaranmışdı, Almaniya hökuməti isə xəstə veteranlarına ciddi psixoloji tibbi yardım edə bilmirdi, imkanı yox idi, hərbi təqaüdə kiçik əlavə - qəpik-quruş verirdi. Özünə ya başqasına qəsd edən başqa veteranlara baxanda Rainer von Eberhardt şükürlü idi – cüssəli, bir yumruqla adamı yerə sərəcək gücü olsa da, hərdən öldürdüyü düşmən əskərləri yuxusuna girsə də, heç kimə dəyib-dolaşmırdı, içmirdi, daha doğrusu, qədərindən çox içmirdi, kokain iyləmirdi, yalnız Wettbüroda oynayırdı, qalib gələcək atı tapanda udurdu, tapmayanda uduzurdu. Hamısı da təmkinlə, ağayana.

Bu şakərin tədricən ehtirasa necə çevrildiyindən özünün də xəbəri olmadı. Elə bu get-gedə çılğınlaşan ehtirasına görə babat maaşına baxmayaraq, həmişə puldan korluq çəkirdi, çünki hamını sıxan inflasion çətinlikləri öz yerində, qazancını oyuna xərcləyirdi. Pul əldə eləmək üçün işlədiyi şirkəti, sahibkarı aldatmaq, nəsə əyri bir haqq-hesab eləmək, özünün olmadığına əl uzatmaq və başqa bu kimi şeylər ağlına belə gəlmirdi – tək fırıldağın gec-tez üstü açılacağını və işini itirəcəyini anladığına görə yox, tərbiyəsinə, əsas ailəsinin şərəfinə, zabit adına görə.

Bu qəribə məktubların zərflərinin üzərində göndərənin ünvanı, adı-soyadı yazılmışdı, məktubu poçtla və ya kuryer vasitəsilə geri göndərmək olardı. Amma otuz dollar o vaxt böyük məbləğ olduğundan onu poçta-kuryerə etibar eləmək istəmədi. Məktubları, pulu götürüb göstərilən ünvana yollandı. Ən kasıblar yaşayan böyük, çoxdan təmir görməyən, zamanın axarıyla dağılan, sökülən bir bina...

Buranın sakinləri üçün otuz dollar nəhəng, bəlkə də ömründə əlinə dəyməyən pul idi, bir belə pulu bunlardan kim, hansı ona göndərə bilərdi? Binanın bir qədər aralı müstəri gözləyən, yaxşı geyinmiş kişini görüb qarğa-quzğun leş üstünə cuman kimi üstünə tökükülən ucuz fahişələri rədd eləyib, bir tayı laxlayan qapıdan içəri keçdi. Binanı xeyli gəzib-dolaşıb, sakinlərini bir uzun-uzadı sorğu-suala tutandan sonra məktub göndərən adda adam tapmağın mümkünsüzlüyünü anladı. Demək, zərfin üstündə yazılan ad-soyad izi itirmək üçün idi... Binanın qabağında, kücədə oynayan, cındırından cin ürkən arıq, solğun üzlü uşaqlara xırda pul payladı və tez oradan uzaqlaşdı. Paylamağına peşman olmuşdu, uşaqlar arasında dava düşdü.

Addımlarını yeyinlədərək binada gördüyü kasıblıq və səfalət səhnələrini, burnuna dolan çirk-pas iyini xatırlayırdı. O kasıblıq çox görmüşdü, amma bu gördüyü artıq kasıblıq deyildi, biabırçı, murdar bir səfillik və dilənçilik idi…

Neyləməli? Bir daha bu məktubun kiminsə zarafatı olduğunu düşünüb işə qayıdanda məktubları həmin qovluğa qoydu və işinə-gücünə qayıtdı. Əvvəl-axır bu sirrli işin üstü açılacaqdı.

Bu arada Eberhardtın bir borcunu ödəmək vaxtı yaxınlaşırdı, ödəməyə isə pulu yox idi. Tərs kimi bu arada əli gətirməmiş, Wettbüroda dalbadal möhkəm uduzmuşdu, əlində olanı verib hətta qismən ödəsəydi belə maaş alana kimi çatdırmayacaqdı. Əlbəttə, kreditordan möhlət istəyib ödənişi ertələmək olardı, amma nüfuzu üçün heç də yaxşı bir əməl sayılmazdı. Başqa adamdan yeni borc alıb, köhnə borcu qaytarmaq da olardı, əvvəllər dəfələrlə belə eləmişdi, amma bu dəfə ehtiyat edirdi.

İnflasionun sürəti artmışdı, marka daha böyük təcillə düşürdü, ölkənin maliyyə sistemi və iqtisadiyyatı həmin təcillə uçuruma doğru gedirdi və bu işlərin nə ilə qurtaracağıını heç kim bilmirdi. Məhz bu səbəbə görə daha borc alıb borcu qaytarmaq istəmirdi. Həm də gec-tez onsuz da ödəməliydi, daha ağır şərtlərlə. Qovluqda yatıb bu məktub-pul zarafatının sonunu, üstünün açılmasını və qaytarılmasını gözləyən on və iyirmi, toplam otuz dollar yadına düşdü. Amma bu pullar onun deyildi axı? Pulu götürüb xəcləyəndən sonra zarafatın anonim müəllifi ortaya çıxsa və söhbəti açıb pulunu geri istəsəydi ona nə cavab verəcəkdi?
- Sənin pulunu qaytara bilməyəcəm.
- Niyə?
- Xərcləmişəm.
– Nə olsun ki? Qaytar!
– O qədər pulum yoxdu indi. Biz az möhlət verin…

Bu ya başqa bir buna oxşar formada olacaq söhbəti düşünüb qıcıqlanırdı. Əlbəttə, üzünə salıb, guya ki zarafata salıb "Sən/siz pulu göndərəndə qaytaracağımı şərt qoymuşdunuz?” deməklə adamı başından eləmək olardı, amma bir zabit kimi özü üçün əskiklik sayırdı. Əslində borcu qaytarmaqçün heç otuz yox, on doqquz dollar kifayət edirdi, amma nə fərqi? Pul xərclənəcəkdi…

Vaxt sürətlə yaxınlaşırdı, sabahısı günü borcu ödəməliydi və "İndi iyirmisini götürüb borcumu nağd qaytarım, sabahısını sonra fikirləşərəm. Bir müddət oynamaram, maaşımdan qırağa qoyaram, ya da oynayıb udaram. Sonra da nə ola, ola!” fikirləriylə qərar verdi və gecəni rahat yatandan sonra səhərisi borcunu qaytardı.

İndi növbəti məktubu yox, anomim müəllifin qəfildən peyda olub pulunu geri tələb edəcəyini vicdan əzabından doğan təşvişlə yaxın bir hisslə gözləyirdi. Təbii ki, nə qədər çətin olsa da qaytaracaqdı, qaytarmaya bilməzdi – zabit olması bir yana, fon Eberhardt nəslinin nümayəndəsi başqa cür edə bilməzdi.
 
Davamı var


QEYDLƏR:
 

* suppe – sup, şorba deməkdir. Rus dilindən dilimizə keçən və azərbaycan dilindəki "şorba” sözünə uyğun "sup” sözü alman dilindəki "suppe”dən götürülüb.
*** Wettbüro – totalizator
**** roulette – Azərbaycana rus dilindən keçən "ruletka” sözü fransız "roulette” sözündən götürülüb, yaxşı məlum qumar oyunu. Alman dilində bu formada işlədilir.

"Paralel.az"

0.074229955673218