Ərzaq təhlükəsizliyi insan hüquqlarından ayrıdırmı?

Ərzaq təhlükəsizliyi insan hüquqlarından ayrıdırmı?
 

İqtisadi Təhlil İnstitunun rəhbəri 

Ərzaq təhlükəsizliyindən danışan zaman yalnız vətəndaşların ərzağa əlçatanlığı kimi başa düşülməməlidir. Bu həm də milli təhlükəsizliyi təhdid edən faktor olaraq qəbul edilməlidir. Çünki ərzaq təhlükəsizliyi iqtisadi təhlükəsizliyin, iqtisadi təhlükəsizlik isə milli təhlükəsizliyin çox vacib komponentlərindən sayılır. Dахili təhlükəsizlik kоnsеpsiyаsınа аşаğıdаkı еlеmеntlər dахildir: dövlət təhlükəsizliyi, ərаzi bütövlüyünün qоrunmаsı, iqtisаdi təhlükəsizlik, еkоlоji təhlükəsizlik və sоsiаl təhlükəsizlik.

    Ərzaq təhlükəsizliyi təkcə iqtisadi faktor deyil. Onun təmin olunması vətəndaşların ən əsas hüquqlarından olan insan hüquq və azadlıqları ilə birbaşa bağlıdır. Amerikalı alim M.Ensminger yazır: “Ərzaq istehlakı həm məsuliyyət, həm də silahdır. Ona görə məsuliyyətdir ki, insanın yaşaması və yeməsi üçün lazım olan kifayət edəcək ərzağın olması onun ən başlıca hüququdur. Digər tərəfdən, o, silahdır. Çünki siyasətdə və iqtisadiyyatda ərzaq məhsulları böyük təsirə və neftdən artıq gücə malikdir”. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramının ilk sətirlərində də belə bir fikir qırmızı xətlə keçir: “Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir”. Deməli, biz ərzaq təhlükəsizliyimizi təmin etməklə, vətəndaşlarımızın sosial-iqtisadi təhlükəsizliyini deyil, həm də hüquq və azadlıqlarını mühafizə etmiş oluruq. Və ya onu effektiv sürətdə qorumamaqla insan hüquqları üçün təhdidedici mühit yaratmış oluruq.

Azərbaycanda ərzaq təhlükəsizliyinin təminolunma səviyyəsi

2022-ci ilin dövlət büdcəsindən  [1] kənd təsərrüfatına ayrılan xərclərin həcmi 997 milyon manat vəsait ayrılacaq. Bunun 456 milyon manat vəsait isə ərzaq təhlükəsizliyi tədbirləri üçün nəzərdə tutulur. Bu isə kənd təsərrüfatı xərclərinin 45% ərzaq təhlükəsizliyinə yönəldilməsi deməkdir.

Bilirik ki, ərzaq təhlükəsizliyinin çox mühüm komponentlərindən biri də ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ilə ölçülür. İki istiqamət üzrə (bitkiçilik və heyvandarlıq) təminənetmə səviyyəsini təhlil edən zaman maraqlı nəticələr ortaya çıxmış olur.

Bitkiçilik məhsulları ilə özünütəminetmə səviyyəsi, faiz

Məhsulun adı 2018 2019 2020
Dənlilərin (çəltik istisna olmaqla) cəmi 74,1 67,3 68,1
Buğda 64,8 57,2 57,1
Arpa 103,1 100,2 94,6
qarğıdalı 82,7 80,0 86,6
vələmir 89,2 90,9 86,6
sair növ dənlilər 82,3 88,2 93,9
Paxlalılar 72,0 76,1 60,3
Kartof 90,8 87,8 90,6
Bütün növ tərəvəz 115,0 112,0 110,4
Pomidor 138,0 132,5 131,0
Bostan məhsulları 99,7 100,8 100,8
Meyvə və giləmeyvə 123,2 123,1 116,3
Qoz və fındıq 130,0 138,2 138,0
Nar 106,3 110,7 112,0
Üzüm 92,5 94,3 95,8

Mənbə: Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan “ərzaq balansları” rəsmi məlumat bazası [2]

Rəsmi açıqlamalar görə ölkəmizdə bitkiçilik məhsulları üzrə ən aşağı özünütəminetmə səviyyəsi dənli bitkiləri görmək olur. Bitkiçilik ərzaq məhsulları üzrə (dənli və paxlalı bitkilər istisna olmaqla) ərzaqla özünütəminetmə səviyyəsi isə yüksək olaraq göstərilib.

Lakin burada statistikanın arxasında gizlədilən bir sirr var. Onu da qaranlıqdan işığa çıxarmağa ehtiyac var. Yuxarıdakı cədvəldən ilk baxışda belə görünə bilər ki, dənli bitkilər istisna olmaqla guya ölkəmiz digər məhsullar üzrə özünü təminetməni həyata keçirə bilir. Lakin bəzən olur ki, həmin məhsullar üzrə daxili tələbatı ödəmədən ixraca yol açılır.  Məsələn fındıq ixracını götürək. Təminetmə səviyyəsi çox yüksəkdir. Amma fındıq üçün qiymət baxımından əlçatmaz olur, lakin o Avropa və MDB bazarına ixrac olunur. Eyni nümunəni kartof üzrə də söyləmək olar. Kartof üzrə təminetmə səviyyəsi 90%-dir, lakin ölkəmizdə kartofun qiyməti sürətlə artır və Rusiyadan, Belarusiyadan və Orta Asiya ölkələrindən kartof idxalını həyata keçiririk. Beləliklə biz nümunə olaraq göstərdiyimiz mal pozisiyaları üzrə ərzağın həm fiziki, həm də iqtisadi əlçatanlığı təmin etməmiş oluruq.

Bu cədvəldə isə heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyələrinə diqqət edək. [3]

Heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi, faiz

Məhsulun adı 2018 2019 2020
Bütün növ ət və ət məhsulları 82,7 82,5 84,5
mal əti və ət məhsulları 85,1 86,1 87,4
qoyun və keçi əti və ət məhsulları 98,1 97,6 97,3
donuz əti və ət məhsulları 5,5 5,3 4,7
quş əti və ət məhsulları 75,9 74,6 79,0
Süd və süd məhsulları 86,7 86,3 83,5
Yumurta 101,5 101,8 100,0
Balıq və balıq məhsulları 83,1 82,2 81,7

       Cədvəl üzrə mal pozisiyalarını təminetmə səviyyəsinə diqqə edəndə məlum olur ki, yalnız yumurta ilə bağlı mövqeyimiz yaxşıdır. Yerdə qalan heyvandarlıq məhsulları üzrə bu və ya digər dərəcədə idxaldan asılılıq halı müşahidə edilir. Amma idxaldan asılılıq halının olması həmişə ərzaq təhlükəsizliyinin təmin edilməməsi anlamına gəlmir.  

       Ərzaq təhlükəsizliyinin təmin edilməsi təkcə bir dövlətin lokal qayğısı kimi qiymətləndirilə bilməz. Bu eyni zamanda qlobal miqyasda mühüm əhəmiyyətə malik strateji məzmun daşıyan siyasət kimi qəbul edilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı [4] son rəqəmlərə görə, yer üzündə 821 milyondan çox insan aclıqdan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının 2019-ci ilin hesabatına əsasən isə hər il dünyada 600 milyon insan qida məhsullarından zəhərlənir ki, onlardan da 125 mini uşaq olmaqla 420 min nəfər həyatını itirir.

      Ona görə dünya üzrə çox vacib olan bir neçə indikatorlara xüsusi diqqət yetirilir: yoxsulluq, aclıq indeksi, içməli suya  çıxış imkanları, ölkələrin idxaldan (xüsusilə ərzaqdan) asıllılıq səviyyəsi və s.    

       BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq təhlükəsizliyini biri-birindən əlahiddə təsəvvür etmədən əsasən 4 əlamət üzrə təsnifatlaşdırır: (ı) ərzağın mövcudluğu, (ıı) ərzağa çıxış, (ııı) ərzaqdan istifadə və (ıv) davamlılıq. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ərzaq yetərli səviyyədə olmalıdır, onu satınalmaq fürsəti asan olmalı, ondan istifadə mümkün hala gətirilməlidir və nəhayət həmin məhsulların istehlakçı üçün dəyər zənciri qırılmamalıdır və davamlı təminatı həyata keçirmək mümkün olmalıdır.  

     Bütün bunlarla yanaşı ərzaq təhlükəsizliyinə fiskal siyasət nöqteyi-nəzərindən də yanaşmalıyıq. Bildiyimiz kimi son illərdə dövlət büdcə daxilolmalarında gömrükdən daxilolmaların həcmi dəfələrlə artıb. Gömrük Komitəsi xətti ilə büdcə gəlirləri artır.

Təbii ki, bu artımlar gömrük rüsumlarının artması hesabına baş verir. Rüsumların artması həm də idxal olunan qiymətlərin artması deməkdir. Bu isə nəticədə ölkəmizdə bahalı ərzaq  məhsulunun olması isə vətəndaşların FAO-nun qeyd etdiyimiz “ərzağa çıxış” indikatoru üzrə vəziyyətimizin pisləşməsinə səbəb olur.

Mənbələr:

[1]http://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/6138cc3f29b92.pdf

[2] https://www.stat.gov.az/source/food_balances/5

[3] Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan “ərzaq balansları” rəsmi məlumat bazası [https://www.stat.gov.az/source/food_balances/5]

[4] BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Hesabatları, https://www.fao.org/hunger/ru/  

"Paralel.az"
0.023942947387695