Hələ ümidimiz var...
Sənət fədailərinin yeri görünür
“ Ayə, ay camaat, bu kino ki, var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib”.
Yazıya Azərbaycan kino və teatr aktyoru, əməkdar artist, ölməz sənətkarımz rəhmətlik Səməndər Rzayevin “Bəyin oğurlanması” filmindəki sovxoz sədri rolunda səsləndirdiyi sözlərlə təsadüfü başlamadım. Həqiqətən də kino nə qədər qəliz və mürəkkəb bir sənət olsa da, eyni zamanda vacib sahədər. “Bəyin oğurlanması” filmi kino işçilərinin fəaliyyətindən bəhz etsə də, filmin əsas sujet xətti, məqsədi, kənd həyatının zəngin ənənələrini və maraqlı adətlərini tamaşaçıya göstərməkdən ibarətdir. Olduqca maraqlı və əyləncəli olan bu film, hər şeydən əvvəl insan səadətini, bu səadət uğrunda aparılan mübarizəni əks etdirir.
Azərbaycan kinosunun tarixi 1898-ci ilin avqust ayının 2-də Aleksandr Mişonun “Qafqaz rəqsi” sənədli filmi, “ Bibiheybətdə neft fontanı” və bir sıra digərləri ilə başlayıb. Elə buna görə də 2000-ci ildə, avqust ayının 2-si kino işçilərinin peşə bayramı - “Azərbaycan kinosu günü” kimi qeyd edilməsinə sərəncam verildi. Həmin gün milli kinonun yaranma tarixi sayılır.
Milli kinomuzun yaranmasından çox danışmaq, çox yazmaq olar, lakin bu sənətin keçmişini bilməyən yoxdur.
Təxminən 125 illik tarixi olan Azərbaycan kinosu müstəqillik qazandığımız vaxtadək dünya kinosu ilə demək olar ki, eyni sıradaydı. Yəni çəkisini qoruyub saxlayaraq həmin yüksəklikdə durmağı bacarırdı. Təxminən 1990-cı illərə qədər kinomuz keçdiyi ağır sınaqlı, keşməkeşli yollara rəğmən, bir əsrdən çox bir zaman dilimində qürurlu mövqeyini dəyişməmişdi. Bu ondan irəli gəlirdi ki, kino sənətinin həmin dövrdəki yaradıcılarının mayasında azərbaycançılıq məfkurəsi var idi. Kinomuz yarandığı zamanlardan düşmən qüvvələr nə qədər çalışsalarda ki, əllərinə keçən ilk fürsətdə yıxsınlar, lakin milli düşüncəyə və vahid dövlətçiliyə söykənən bu sənət fədailəri buna imkan vermirdilər.
Hər bir sahədə olduğu kimi, mərhələli inkişaf yolu keçmiş kino sahəsinin də yaranmasında və ərsəyə gəlməsində məqsəd maarifləndirmədi. Çünki hər bir sənət mütləq, birmənalı şəkildə, yarandığı cəmiyyətin inkişafına, milli düşüncəyə, dövlətə və dövlətçiliyə xidmət etməlidir. Hər birimiz bunu bir şüar kimi, gücümüz daxilində, Azərbaycan insanlarının, xalqımızın, millətimizin arasında mütəmadi şəkildə yaymalıyıq və bu fikirin onların yaddaşlarında həkk olması yönündə hərəkət etməliyik. Amma bunu nə qədər edirik və ümumiyyətlə edə bilirikmi sualı ətrafında insanlar zaman-zaman çox düşünür, ortaq məxrəcə gəlməyə çalışırlar.
Bu sahədən çox danışılıb, çox yazılıb deyə, tarixini, keçmişini bilməyən yoxdur. Ona görə də milli mədəniyyətimizin dünyaya tanıdılmasında böyük rolu olan bir təbliğat vasitəsinin bugünündən danışmaq məncə daha məqsədəuyğundu.
Dostlar, yoldaşlar arasında Azərbaycan televiziyasından söz düşüb danışanda hərə bir cürə ifadə edir burdakı vəziyyəti. Növbə mənə çatanda ki, mən də bir tamaşaçı kimi öz fikirlərimi söyləyim, onda ən çox keçmişdə maraqla izlədiyimiz filmlər, tamaşalar yadıma düşür. Xoş xatirələrlə yaddaşımda iz buraxan televiziyamızın keçmişini bugünkü ilə müqayisə etmək çətin gəlir adama.
Çünki vaxtaşarı qınaqlara, tənqidlərə, tövsiyələrə baxmayaraq, televiziyalarımızda cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır ki, azalmır. Yəni daha yığcam ifadə etsək, böyük təsir vasitəsi olan televiziya yarıtmaz kollektivi ilə kiçik işlərlə məşğuldur.
Maraqlıdır ki, tv rəhbərləri özləri də bilirlər ki, bayağı verilişlərlə televiziya öz reytinqini yüksəldə bilməz. Məsələnin təəccüb doğuran tərəfi isə budur ki, bu rəhbərlər elə bil heç fikirləşmirlər ki, sənət yüngül çal-çağır musiqidən ibarət deyil. Heç bu Vətən də minlərlə can qurban verib, sinələrini hərbə meydan edib müstəqilliyini ona görə qazanmayıb ki, bu yüksəkliyi əldə edənlərin səsinin çatdırılmasına xidmət etməli olan böyük təsir vasitəsi - televiziya səviyyəsiz müğənniciklərin reklamına niyə xidmət edir ki? Sənət - ədəbiyyat, heykəltəraşlıq, rəssamlıqdır. Musiqi adı altında lazımsız dınqıltının təqlidi deyi!
Heç olmasa arada bir MM-in hazırladığı qanunlara nəzər salıb, deyilənlərə riayət oluna...
Bəlkə də Milli Məclisin hazırladığı qanunda göstərilən müddəalar telekanal rəhbərliyinə göndərilsə vəziyyət müsbətə doğru dəyişər. Və gələcək nəslin inkişafı üçün maarifləndirici verilişlərin sayı artar, “çal oynasın, vur çartlasın”lara son qoyular. Yenə heç olmasa bizlər vaxtında istədiyimizi görə, eşidə, ala bilmişik. Gələcək nəsilə yazığınız gəlsin, belə inkişaf olmaz! Yarışma keçirməyə bu qədər meyillisinizsə, onda qoy bu yarış milli-mənəvi dəyərlərimizin təbliğatı istiqamətində keçirilsin.Vətənpərvərlik ruhunda verilişlərin sayı artırılsın. Daha o verilişlər millət yatandan sonra, gecə saat 2-də, 3-də verilməsin. Çünki bunun da xeyiri yoxdu.
Amma nə yazıqlar, hələ ki, görünən odur ki, bu sahəyə rəhbərlik edənlərin məqsədi xalqa xidmət etmək deyil. İllərdir bu mövzunun müzakirəsi hökumət masasına qədər gedib çıxsa da, vəziyyət dəyişməz olaraq qalır.
Dərd bir olsa nə var ki... acınacaqlı tərəflərimizdən biri də televiziyalarımızda öz məhsulumuzun olmaması, ayrı-ayrı ölkələrin tanınmış televiziyalarının sosial xarakterli verilişlərinin təqlid edilməsidir. Öz məhsulumuz reytinq xatirinə ailə - məişət yükünün ağırlığından doğan gözü yaşlı insanların ekranlara çıxarılması, acı gülüş doğuran şou xarakterli şit verilişlər, heç bir məna kəsb etməyən “tamaşalar”dır. Azərbaycan ailəsindəki qadını yalnız ərinin üstünə bozaran obrazda göstərən ssenarilər əsasında çəkilən seriallar isə içimizdəki erməni xislətlilərin məhsuludur. Bunların hamısı birbaşa milli - mənəvi dəyərlərimizi kölgədə qoymağa hesablanmış əməllərdir.
Hələ ekranları zəbt etmiş “həftəbecər kulinarlar”ın bozbaşı, dolmanı, küftəni təqdim etməklərini demirəm, sanki beş min illik tarixi olan Azərbaycan xalqı mətbəxindən bixəbərdi.
Etiraf edək ki, qonşu dövlətlərin televiziyalarını izləyəndə ruhumuz dincəlir. Ona görə ki, burada ixtisaslaşma var, müxtəlif sahələrin ətrafında aparılan tədqiqatlara uyğun təqdimat var.
Məsələn, qardaş Türkiyənin televiziyalarında bu gün qlobal məsələlərin təhlili gedir. Bu təhlillərə baxandan sonra, Azərbaycanda elmli, təcrübəli, yol göstərən işıqlı insanların olmasına şəxsən şübhəylə yanaşıram. Bilirsiz bu şübhə hardan doğur? Bu gün müəllimin, həkimin və bütün peşə sahiblərinin hər birinin mükəlləf əsgər olması gərəkən bir vaxtda, insanların hər an xəbər gözlədiyi televiziya ekranlarını ziyalılarımız, zəngin dünya görüşlü insanlarımız deyil, danışığını, hərəkətini, oturuşunu, duruşunu, geyimini normal qaydada tənzimləyə bilməyən “həftəbecər gülbiçələrin” zəbt etməsindən doğur... Bax, dediyim şübhənin kökü burdadı. Bu bizim faciəmizdir!
Bəli, hələ də Azərbaycan televiziyasında bəşəriyyətin bu günü, sabahı və gələcəyi ilə bağlı dünya səviyyəli alimlərin fikirlərini özündə ehtiva edən analitik verilişlərimiz yoxdur. Oxşadırlar, lakin yeniliyi ehtiva etməyən, çeynənmiş şablon kəlimələri əzbərləmiş, gözümüzü mazol etmiş bir sıra insanların məzmunu bəlli olmayan fikirləri artıq insanları çoxdan yorub...
Bu da digər faciəmizdir!
Yenə qonşulardan misal gətirmək məcburiyyətindəyəm. Onların şousu, moosu ayrıca adıməlum kanallarda təqdim olunur. Bizdə isə kanallar universaldır, guya hər şey var, amma əslində heç nə yoxdur. Biz yola gedərik, lakin unutmayaq ki, çəkilməsi ağır olan dərdimiz gələcək nəsllərin üzərindədir.
Televiziyanın qəzet və radiodan fərqi vizual olaraq, xəbər etmədən bütün evlərə daxil olmasıdır. Sürətlə inkişaf edən texnoloji dəyişikliklər dünyanı ovucumuza sığacaq qədər kiçildib. Artıq bu informasiya vasitəsi qonaq “batman”ından çıxmış ailə üzvü kimidir.
Əgər bu vasitə evimizə qədər gəlibsə, deməli ona olan təlabat ödənməlidir. Amma məsələnin digər tərəfi var. Televiziya tələbatı ödəməyə cəhd etdikcə, yaradıcılıq mühitinin səviyyəsi aşağı düşür, bayağılıq artır, nəticədə idarəolunmaz xaos yaranır. Səbəb tamaşaçı auditoriyasının yaş fərqi, cins fərqi, sosial statusudur və sairə.
Təsirin yanlış üzü...
XX əsrin ən böyük icadlarından olan televiziyada təqdim olunan proqramlar istər böyüklərə, istər uşaqlara bir çox tərəfdən təsiretmə gücündədir. Əslində fikirim burada olan bütün proqramları zərərli olaraq dəyərləndirmək deyil.
Məsələn, elə serial var şiddət xarakterlidir, gənclərin mənfi hisslərini oyadıb hərəkətə gətirir, nəticə göz qabağındadır, cəmiyyətdə şiddət artmaqdadır.
Əvvəllər senzura adlı dövlətin kütləvi informasiya vasitələrinin məzmunu və yayılması üzərində nəzarət edən bir qurum var idi.
Bu, söz, mətbuat və informasiya vasitələrinin dövlət, ictimayyət və və digər ictimai müəssisələrin maraqlarına uyğun məhdudlaşdırma forması kimi qəbul olunsa da, indiki tv məkandakı özbaşınalıqdan çox-çox yaxşıdır.
Hamımız bilirik ki, filmlərdəki qəhrəmanların milyonlarla gəncin xarakterini formalaşdırmasında güclü təsiri var. Bu gün əgər rola girmiş modelin, aktyorun alovlu və saxta həyatı reklam olunub normal həyat tərzi olaraq göstərilirsə, Azərbaycan ailəsinin pul, intiqam və mövqe üçün hər şeyi riskə atmasına da adi hal kimi baxılacaq. Reytinqin yüksəlməsinə xidmət edən bu qeyri-adi və əxlaqsız münasibətlər, təəssüf doğurur. Həyatın ssenarisi ilə, filmin ssenarisini dəyişik salanların vay halına!
Nəzarətin olmamasından həvəslənən istehsalçılar, bilə-bilə ən absurd ssenarilərilə ölkəmizə, xalqımıza, dəyərlərimizə böyük ziyan vururlar. Ailə anlayışının müqəddəsliyi ölkəmizi yaşadan ən böyük sütundur, bunu unudan bizdən deyil!
Beləliklə, cəmiyyət dəyişdikcə, insanların psixoloji tələbləri artdıqca, hər bir sahədə olduğu kimi, bu sahədə də, hər kəsin qəbul edə biləcəyi məhsullar olmalıdı. Bəlkə bu gün maraqla izlədiyimiz bir film 100 ildən sonra heç bir iz qoymadan yaddaşlardan silinəcək. Yaxud əksinə, həmin filmlər gələcək nəsillər üçün kimliyimiz haqqında əvəzsiz informasiya daşıyıcısı olacaq. Kim bilir...? Məhz bu nöqteyi-nəzərdən istərdik ki, bu gün gələcək nəsilə informasiya verə biləcək filmlər çəkilsin, televiziya verilişləri hazırlansın. Tarixi mövzulara yer verilsin.
Bir neçə gündən sonra kino tariximizin növbəti ildönümüdü. Bütün iradlarımıza rəğmən, inanıram ki, Azərbaycan televiziyası, kinosu yenə də özünə dönəcək, irəliləyişlər olacaq. İstər yaşlı, istərsə də gənc olaraq daha keçmişdə gördüklərimizin təəssübünü çəkməyəcəyik. Müasir, etik normaları özündə əks etdirən Azərbaycan qadını və Azərbaycan kişisi obrazını mütləq milli kinomuza, televiziyamıza qaytaracağıq. Buna hələ ümidimiz var.
Şahnaz Salehqızı