Ali Attestasiya Komissiyasında tüğyan edən rüşvətxorluq barədə – Şok faktlar

Ali Attestasiya Komissiyasında tüğyan edən rüşvətxorluq barədə – Şok faktlar
 

Ölkəmizdə elmlə məşğul olan gənclərin böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hökm sürən qanunsuzluqlar, rüşvət və korrupsiya hallarının baş alıb getdiyini, gənclərin elmə gedən yollarının qarşısında süni əngəllər yaradıldığını bildirirlər. 

Milli Elmlər Akademiyasının, nəhəng ali məktəblərinin elmi seminarların, elmi şuraların görkəmli alimləri qarşısında imtahanlarından uğurla keçən gənclərin böyük əksəriyyəti Ali Attestasiya Komissiyasının müəyyən etdiyi “ağır şərtləri” yerinə yetirmir, elmi ad və dərəcə almırlar.

Təbii ki, kimin yaxşı əlaqələri, maddi imkanı var, onlar bu problemlə qarşılaşmır, əsasən elmi-tədqiqat institutlarında və tədris müəssisələrində cüzi əmək haqqı ilə çalışan, gecə-gündüz tədqiqat aparan imkansız gənclər  bu problemi yaşayırlar. Bu günlərdə redaksiyamıza gələn və artıq ikinci ildir AAK-dan diplomunu ala bilməyən bir qrup gənc Ali Attestasiya Komissiyasının binası qarşısında piket keçirmək istədiklərini bəyan eydilər. AAK-ın sədri, əslində iqtisadçı, 90-cı illərdə isə bir çoxları kimi, BDU-dan hüquqşünas diplomu alan Famil Front oğlu Mustafayevə, onun əlaltılarına istefa tələb edəcəklərini bildirdilər.

Həmin gənclərin şikayətlərini araşdırdığımız məqamda ölkə mətbuatında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlaması yayıldı - Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü və katibi Şəfa Əliyev rüşvət alarkən yaxalanıb.

Ardınca məlum oldu ki, xaricdə istirahətdə olan Famil Front oğlu Mustafayev təcili olsraq ölkəyə qaytarılıb. İnformasiyada o da bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış işlərini davam etdirir və AAK-da yeni ciddi yoxlamalar aparmaq fikrindədir. Həqiqətən, AAK-da Baş Prokurorluğun əməliyyat-axtarış işləri davam etməkdədir.

Amma həmin informasiyadan dərhal sonra Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası açıqlama verərək, məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyevin komissiyanın əməkdaşı olmadığını bildirib və günahı öz üzərindən atmağağa cəhd edib. Fəqət, biz AAK-ın bəyanatını özünü sığortalama, yaxud faktı ört-basdır etmə addımı hesab edirik.

Birincisi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bəyan edir ki, «hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində də əməliyyat-istintaq tədbirləri davam etdirilir». Bu isə, o deməkdir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AAK-da rüşvətalma halları ilə bağlı digər faktlar da araşdırılır.

İkincisi, cəmiyyətdə AAK-ın elmi adları və dərəcələri müxtəlif qiymətlərə satması faktar barədə mediada kifayət qədər geniş informasiyalar yayılıb. Bəziləri son dövrdə fəlsəfə doktoru adı almaq üçün rüşvətin 10 min manatdan 40 min manata qaldırıldığını bildirir. Həm də bu rəqəmləri adi insanlar deyil, Milli Məclisin deputatları, ölkənin tanınmış təhsil ekspertləri, görkəmli alimlər dilə gətirirlər.

Ali Attestasiya Komissiyası açıqlamasında Şəfa Əliyevin onların əməkdaşı olmadığını, sadəcə olaraq seçimlərində yanıldıqlarını vurğulamaqla bunun təsadüfi fakt olmasını qabartmağa çalışır. Doğrudanmı bu təsadüfi faktdır? Cəmiyyətin elmlə maraqlanan böyük bir hissəsi bunu AAK üçün təsadüfi fakt hesab etmir.

Çünki hələ bu ilin mart-aprel aylarında və ondan da xeyli öncə ölkə mətbuatı həyacan təbili çalaraq, AAK-da rüşvətin meydan suladığını, elmi ad və dərəcələrə görə böyük məbləğdə rüşvət tələb edildiyini yazırdı. Özü də təkcə iqtisadiyyat üzrə deyil, filologiya, tarix, hüquq və digər sahələrdə də vəziyyətin ağır olduğu bildirilir. Gəlin, bəzi faktlara müraciət edək!

Tribuna.az saytının 15 mart 2023-cü ildə “Təhsil eksperti Ali Attestasiya Komisiyyasındakı korrupsiyadan danışdı” adlı məqaləsində oxuyuruq: “AAK-da elmi adların verilməsində alimlərin qarşısına minimum 20 min manat tələb qoyulub”. Tanınmış alim, professor İdris Abbasov AAK-da rüşvətlə bağlı konkret rəqəmlərdən yazırdı: “20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə”. Sözçü.az saytında gedən “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” adlı yazıda isə tanınmış təhsil eksperti Kamran Əsədov Azərbaycanda elmi adların daha çox məmurlara verildiyini bildirirdi.

O, yazırdı: “Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdı. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla alırlar. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb”. Ekspert daha sonra AAK-ın lazımsız bir qurum kimi ləğv olunmasının zəruriliyini bildirir.

Ümumiyyətlə, AAK-da şəffaflıq olmaması, xüsusi “qara oppanentlərin” əli ilə qəsdən mənfi rəylərin yazdırılması, qurumun “gestapo” kimi qapılarını vətəndaşların üzünə bağlaması, şəffaflıqdan uzaq fəaliyyəti ilə bağlı alimlər çoxdan həyəcan təbili çalır, qurumun fəaliyyətində qaranlıq və şübhəli məqamlar olduğunu açıq-aşkar şəkildə bildirilirdi.

Bunun əvəzində isə AAK qapıları daha kip bağlayır, mühafizə polisini gücləndirir, AAK-ın qapısında içəri yalnız yüksək ranqlı məmurların girişinə icazə verirdi. Son aylar hətta qurumda telefonlara da cavab verilmir. AAK-la əlaqə saxlamaq çox ciddi problemə çevrilmişdi. Sual doğur: Əgər sənin fəaliyyətin şəffafdırsa, onda niyə qapılarını vətəndaşların, alimlərin üzünə çox kip bağlayırsan?

Deputat Etibar Əliyev haqlı olaraq Milli Məclisin tribunasından rüşvət, korrupsiyadan başqa bir fəaliyyəti olmayan, elmə yalnız əngəl olan AAK-ı lazımsız qurum adlandıraraq, onun ləğv olunmasını təklif etmişdi. Bütün bunlar bir daha göstərir ki, professor Şəfa Əliyevin AAK-ın Ekspert Şurasının üzvü və katibi kimi rüşvət üstündə yaxalanması heç də təsadüfi hadisə deyil.

Əgər bu ilin mart ayında, aprel, may, iyun ayında mətbuatda AAK-da rüşvətlə bağlı materiallar gedibsə, iyul ayında AAK-ın katibi rüşvət aldığına görə yaxalanıbsa, deməli bu, təsadüf yox, ardıcıl görülən işin nəticəsidir. AAK-ın isə günahı tələsik öz üzərindən atması, “o, bizim əməkdaş deyil, Sumqayıt Dövlət Universitetinin professorudur deməsi” özü də bu şübhələri qüvvətləndirir. AAK-ın açıqlamasında professor Şəfa Əliyevin Sumqayıt Dövlət Universitetində çalışdığı xüsusi vurğulanır, əslində isə, SDU-nun bura heç bir aidiyyatı yoxdur, çünki professor Şəfa Əliyev universitetdəki vəzifəsinə görə deyil, məhz AAK-dakı vəzifəsinə görə rüşvət alıb. Bu quruma isə, birbaşa Famil Front oğlu Mustafayev cavabdehdir.

Keçək başqa bir fakta. Gəncə Dövlət Universitetinin dosenti, fəxri professor Cəfər İbrahimovun Asiya.az-a ünvanladığı məktuba nəzər yetirək: “Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, içindən xəbəri olmayan adamı Ekspert komissiyasından müsbət rəylə keçirib diplom verirlər. Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogikadan xəbəri olmayan adam pul verib alim adı alır”. Yazı konkret fakta söykənir.

“Qasımova Həmidə İsgəndər qızı 27.05.2022-ci ildə 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb”. Kimdir bu Həmidə Abbasova? Professor yazır: “AAK sədri F. Mustafayevin təməlini qoyduğu rüşvət və fırıldaq yollarla alim adı alan Həmidə Qasımova Gəncə Dövlət Universitetinin rekroru Yusif Yusibovun keçmiş katibəsidi”.

Famil Mustafayevin rəhbərliyi altında fəaliyyət göstərən AAK, yuxarıda qeyd etdiyimiz kimi, daha çox məmurlara, onların qohum-əqrəbasına və katibələrinə xidmət edir. Sözü düz tələffüz edə bilməyən adama elmi diplom verilir, ciddi tədqiqat işləri isə illərlə rəflərdə saxlanır.

GundemXeber.Az-ın apardığı araşdırmalardan məlum olur ki, AAK-da son dövrlərdə rüşvət və korrupsiyanın meydanı daha da genişlənib. Bəzi faktlara müraciət edək, AAK eyni ali təhsil müəssisindən gəlmiş iddiaçılardan birinin sənədini qəbul edir, ona elmi dərəcə və diplom verir, digərinə isə, həmin ali məktəbin DİM-dən kənar qəbul apardığını bəhanə edərək imtina edqir.

Mən hazırda fəaliyyətinə xitam verilmiş İslam Universiteti ilə bağlı onlarla belə fakt göstərə bilərəm. Vaxtilə həmin universiteti “hansı yollasa bitirmiş” şəxslərin bəzilərinə elmi dərəcələr və adlar verilmiş, həmin universiteti bitirmiş və həqiqi tədqiqatla məşğul olan bir çox istedadlı gəncin işi isə “məhz həmin universitetdə təhsil aldığına görə” geri qaytarılmışdır. Ortada rüşvət faktı yoxdursa, onda bu, nədir? İnanırıq ki, prokurorluq bu məsələlərə də aydınlıq gətirəcək.

AAK son illərdə tərtib etdiyi sənədlərdə, tələbnamələrində qəsdən elə dolaşıqlığa yol verib ki, həmin baryerləri rüşvətsiz keçmək, demək olar ki, mümkünsüzdür. Və AAK həmin sənədlərdən çıxış edərək neçə-neçə istedadlı, ancaq imkansız, gəncə “sizin baza təhsiliniz, magistratura təhsiliniz müdafiənizə uyğun deyil” deyib, imtina göndərdiyi halda, keçmiş dövlət məmuru Həsən Həsənovun diş texniki olan oğlu Zaur Həsənova tarix üzrə elmlər doktoru adı almaq üçün müdafiəyə icazə verir. Bəs bu, necə olur?

Bütün dövrlərdə AAK-da rüşvət olub, amma Famil Front oğlu Mustafayev AAK-a sədr təyin ediləndən sonra elmi ad və dərəcələrin rüşvətlə verilməsi halları kütləviləşib. "Əgər rəhbər rüşvət almasa, heç kim rüşvət ala bilməz" - deyimi çoxdan sınaqdan çıxıb.

Paralel.az saytı olaraq hər il bir neçə dəfə AAK-da sədr F. F. Mustafayevin rüşvətxorluğu barədə, tutarlı faktlar əsasında, yazılar dərc olunub, lakin təəssüf ki, bu yazılar AAK sədrinin tərbiyə olub, düz yolla qayıtmasına təsir etməyib...

0.022627830505371