Təkliflərə diqqətlə yanaşaq - dos.
İlham Əhmədov

Təkliflərə diqqətlə yanaşaq - dos.İlham Əhmədov
 

İş olan yerdə səhv və nöqsanların olması təbiidir. Yaranmış nöqsanların aradan qaldırılması  isə  başlanmış işin əzmlə irəliləməsinə təkan verir. Nöqsanları vaxtında müəyyən etmək lazımdır. Bu işdə  tənqid əvəzolunmaz vasitədir.  Demokratik və plüralizm mühitində tənqidə dözümlük ümumi mədəniyyətin tərkib hissəsidir. 
Bizlər  müstəqil ölkənin vətəndaşı olaraq hər birimiz ölkənin inkişafında nöqsanlara qarşı barışmaz mövqe sərgiləməklə, bu işə öz real tövhəmizi verə bilərik. Ölkə rəhbərliyi bu məsələyə dair dəfələrlə öz mövqeyini açıq və birmənalı şəkildə bildirmişdir:  
“Hər bir ölkədə problemlər var, o cümlədən də Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir? .... Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur.  Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam təmin olunub. Yüzlərlə mətbu qurum var. Bunu da xatırlatmaq istəyirəm ki, sərbəst və azad söz olan ölkədə söz azadlığı boğula bilməz.” (PREZIDENT İLHAM ƏLIYEV).  
 
Ölkə rəhbəri  ictimai nəzarətin vacibliyi haqqında fikirlər bildirərkən, vətəndaş-hökumət arasında əlaqələrin qurulması, ictimai təkliflərin nəzərdən keçirilməsi xüsusi qeyd edilirdi: “İCTIMAI NƏZARƏTIN GÜCLƏNDIRILMƏSI ÇOX ÖNƏMLI MƏSƏLƏDIR. ÇÜNKI, İCTIMAI NƏZARƏT OLAN YERDƏ İŞLƏR DAHA YAXŞI GEDIR."
Biz də təhsil işçisi olaraq son 20 ildə öz fəaliyyət sahəmizdə olan nöqsanları görüb, bu barədə narahatlığımızı bildirmiş, daim yazmış, danışmış və kifayət qədər təkliflər vermişik. Nöqsanları görüb, onların həllinə yönəli təkliflər vermək  asan məsələ deyil. Heç də hər bir mütəxəssis dərində olan səbəbləri, bunun yaxın və uzaq gələcəkdə törədəcəyi fəsadları vaxtında görüb,  təkliflər verə bilmir. 
İnsafən son 20 ildə təhsilə rəhbərlik edən şəxslər də hər dəfə bu tənqidi fikirlərin ümumi işə xeyirli ola biləcəyini düzgün qiymətləndirmiş, bunun qərəzli olmadığını,  ümumi işə faydalı olacağını düzgün qiymətləndirmiş, tənqidə tolerantlıq nümayiş etdirmişlər.  Məsələn,  Misir müəllim təhsil naziri olduğu dövrlərdə bildiyim qədər  “Azərbaycan Müəllimi” qəzetinin bütün nömrələrini  mütəmadi olaraq oxuyur, oradakı məqalələrdə olan təklifləri  maraqla izləyirdi. Düzdür, bu təkliflərdən hansıların nəzərə alındığını deyə bilmərəm, amma bu  təkliflər haqqında məlumatlı idi.  

Verilən təkliflərin təhsilə konķret faydası olması üçün, bu təklifləri toplamaq, təhlil etmək, nəzərə almaq yaxşı olardı. Təhsilin çox mürəkkəb və dinamik sistem olmasını, hər bir ailənin mənafeyinə xidmət etməsini, bu sahədəki problemlərin ilbəil artmasını, eyni zamanda təhsilin ölkənin gələcəyini müəyyən etməsini də unutmamalıyıq. Bu səbəbdən təhsilə dair verilən təkliflərin toplanması, təhlil edilməsi zəruridir. Bu mənada TN nəznində daimi fəaliyyət göstərən müəyyən analitik qrupun, beyin mərkəzinin yaradılması məqsədəuyğun olardı. Bu halda verilən təkliflər təyinatı üzrə daha səmərəli istifadə edilə bilərdi.
Bu günkü təhsil menecerlərinin təcrübəsiz olduğunu, qarşılarında duran problemlərin çox ciddi olmadını, bunların illərlə həll edilməyərək qalaqlanmasını nəzərə alaraq verilən təkliflə diqqət etmək zəruridir. Məsləhətli don gen olar.

"Paralel.az"

 

0.013123035430908