Aİ Türkiyənin üzvlüyü üçün addım atmaq niyyətində deyil - media

Aİ Türkiyənin üzvlüyü üçün addım atmaq niyyətində deyil - media
 

“Avropa İttifaqı Türkiyənin üzvlük prosesini irəli aparmaq üçün heç bir addım atmaq niyyətində olmadığını gizlətmir, indi hər şey Ankaranın gələcək addımlarından asılıdır”.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin "Hürriyyət" qəzeti bazar ertəsi günü yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Bu bəyanatdan sonra həmin gün NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri "mümkün qədər tez" göndərməyə razılaşıb.

"Türkiyə Aİ üzvlüyünün strateji məqsəd olduğunu bəyan etməkdə davam etsə də, bu proses uzun illərdir ki, dalana dirənib, hətta danışıqlar faktiki olaraq dayanıb. Aİ indiki şəraitdə bu istiqamətdə heç bir addım atmaq niyyətində deyil və bunu gizlətmir. Türkiyə Brüsseli irəliləyiş əldə etməyə sövq edə bilər”, -deyə əlavə edib.

Qeyd olunub ki, Ankaranın NATO-nun Vilnüs sammiti ərəfəsində verdiyi mesajlar Türkiyə ilə Aİ arasında uzun müddətdir ciddi dəyişikliklərin baş vermədiyi münasibətlərin canlandırılması ilə bağlı müzakirələri gücləndirib.

"Bu müzakirənin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ilk siqnallar cümə axşamı Aİ xarici işlər nazirlərinin görüşündə veriləcək", - deyə qəzet vurğulayıb.

Məlumat üçün bildirək ki, Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman - AET) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. İndi danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.

0.020924806594849