8000 tələbə niyə xaric olundu? -dos. İlham Əhmədov
Bizim 8000 tələbəmiz son illər təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən xaric edilib. Əvvəlki illərdə də 30.000-dən çox tələbə xarıc edilmişdir. Bunun əsas səbəbi bilirsinizmi nədir?
Valideynlər ailədə hər övladına fənnlər üzrə repetitor tutur. 2-3 il ərzində, 4-5 fənn üzrə. Bu da məktəblərin və ailə büdcəsinin boşalmasına səbəb olur. Ailə büdcəsi üçün hər övlada görə indiki çətin zamanda hazırlıq müddətində 10-15 min manat itki nə deməkdir. Çox vaxt bu borc və ya kredit hesabına mümkün olur. Əlavə olaraq 2-3 il məktədbən "icazə almaq"da öz yerində. Məktəblərin mövcud olduğu, amma tədrisin pozulması səbəbi ilə ailələr bu riskli addımı atmağa məcburdurlar. Daha sonra bu uşaqlar ATM qəbul olunurlar, amma onların müəyyən hissəsi ödənişli təhsil almalı olurlar. Amma borc yükü altında qalan ailə, taqətdən düşmüş halda, təhsil haqqını vaxtı-vaxtında ödəyə bilmir. Sonda övladı ATM-dən xarıc edilir. Hazırlığa sərf edilən pullar da batır.
Bu vəziyyətin səbəbkarı kimdir? Repetitorluğun qarşısını almalı, məktəbdə normal tədrisi təmin etməli olanlar isə bütün bunlara bəraət qazandırırlar: "Repetitorluq hər yerdə var, bizdə də var" deyərək. Bunlar niyə kölgə təhsilini, repetitor bazarını bu qədər müdafiə edirlər? Maraqları nədir?
"Repetitorluq hər yerdə var, bizdə də var" deyənlər amma demirlər ki, heç yerdə belə kütləvi repetitorluq yoxdur. Repetitorluq heç yerdə 1-11-ci sinifləri əhatə etmir, məktəbi iflic etmir, valideyinlərə ağır iqtisadi problemlər yaratmır.
Niyə demirlər ki, hər yerdə başqa imkanlar da var, hansı ki, bizdə yoxdur bu imkanlar?
Bizdə yeni yaranan "Tələbə kredit fondu"nun büdcəsi azdır, şərtləri də bəzən uyğun olmur tələbələrə.
Məlumat üçün deyək ki, ABŞ hökuməti bu il 800 min tələbənin 40 milyard $ təhsil krediti borcunu sildi. Gələcəkdə daha 400 milyard $ silinəcəkdir. Ölkə üzrə tələbələrin təhsil haqqı kimi kredit borcu 1,75 trilyon $.
Başqa ölkələrdən nümunə gətirənlər niyə tələbələrin xeyrinə olan belə nümunələrə baxmırlar, harda xoşagəlməz, ziyanlı nümunə var, tez onu mənimsəyirlər? Təbii, biz iqtisadi potensiala görə ABŞ deyilik, amma bu gün çox ölkələrdə (o cümlədən Türkiyədə) ali təhsil pulsuzdur. Bunların heç birini edə bilmiriksə, onda zəhmət çəkək, məktəblərdə normal tədris prosesini təmin edək. Dövlət 4000 yeni məktəb tikib ki, siniflər boş qalsın?
"Paralel.az"