ABŞ isə Cənubi Qafqazda sabitliyi hədəfləmir: Erməni politoloq

ABŞ isə Cənubi Qafqazda sabitliyi hədəfləmir: Erməni politoloq
 

Qərb Ermənistanın və Qarabağın təhlükəsizliyini təmin edə bilmir, ABŞ isə Cənubi Qafqazda sabitliyin bərqərar olması məqsədi daşımır, çünki onlar başqa vəzifəni güdürlər.
Bizimyol.info xəbər verir ki, bunu Sputnik Ermənistan -a müsahibəsində politoloq Beniamin Matevosyan Ermənistanın ABŞ və Avropa ilə münasibətlərinin intensivləşməsini şərh edərkən deyib.

O hesab edir ki, Ermənistan hökumətinin müxtəlif nümayəndələri (xüsusən də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan - red.) ABŞ və Avropa ölkələri ilə hərbi əməkdaşlığı gücləndirdiyini bəyan edərək, bunu Ermənistanın və Qarabağın təhlükəsizliyinə təminat kimi təqdim edirlər. Ekspertin fikrincə, Ermənistanın baş naziri və komandası ya öz hakimiyyətinin qorunub saxlanmasını ölkənin sabitliyi və təhlükəsizliyi ilə səhv salır, ya da cəmiyyəti çaşdırır.

"Ermənistanın hazırkı hakimiyyətinin mövcudluğunun təminatlarından biri də Qərbin siyasi və iqtisadi loyallığıdır. Onlar bunun əvəzini İran və Rusiyaya qarşı hərəkətləri ilə ödəyirlər, faktiki olaraq anti-İran və anti-Rusiya koalisiyasına qoşulurlar", - deyə ekspert qeyd edib.

Üstəlik, Matevosyan əmindir ki, ABŞ yalnız Cənubi Qafqazda sabitliyi poza bilər və bütün regional oyunçular - Rusiya, İran, hətta Türkiyə və Azərbaycan bunu başa düşür və belə bir perspektivi səsləndirirlər. O hesab edir ki, indi Qərbə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, Azərbaycandan İrana qarşı müharibənin elementi kimi istifadə etmək üçün unikal imkan yaradılıb. Və bu siyasət çərçivəsində Qarabağ məsələsini “bağlamağa” çalışır.

Matevosyan hesab edir ki, Amerika platformasında Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında danışıqlar Qarabağın statusu və onun əhalisinin hüquqlarının müdafiəsi ilə bağlı deyil, Ermənistanın statusu ilə bağlıdır, çünki ölkənin təhlükəsizlik arxitekturası dağıdılıb. ABŞ başa düşür ki, Qarabağ münaqişəsi Ermənistan-Rusiya sıx əməkdaşlığında mühüm amildir.

"ABŞ hesab edir ki, Qarabağ bu zəncirdən çıxarılarsa, Ermənistanın Rusiyadan asılılığı minimuma enəcək və regionda təhlükəsizlik arxitekturasını dəyişmək mümkün olacaq", - deyə politoloq qeyd edib.

Ekspert xatırladıb ki, Avropa İttifaqı təhlükəsizlik yaratmır, o, NATO-nun yaratdığı təhlükəsizlik sisteminin istehlakçısıdır. Deməli, Aİ-dən hər hansı təhlükəsizlik zəmanəti gözləməyin mənası yoxdur. ABŞ-a gəlincə, politoloq silah tədarükü ilə bağlı danışıqları qeyri-ciddi hesab edir. Onun sözlərinə görə, Vaşinqtonun İrəvanı silahla təmin etmək istədiyini fərz etsək belə, logistika tam aydın deyil.

"İran Amerika tankerlərinin öz ərazisinə daxil olmasına icazə verməyəcək, Gürcüstan Bakı və Ankara, hətta Rusiya ilə münasibətləri riskə atmayacaq. Bəs bu silahlar necə daşınacaq?" – deyə o, sual verib.

O, qeyd edib ki, indi Ermənistan hakimiyyəti, Qərb və Türkiyə Rusiyanın sıxışdırılması prosesini sürətləndirməyə - Ermənistan və Azərbaycan nümayəndələri arasında görüşlər keçirməyə, təcili olaraq sülh müqaviləsi imzalamağa tələsir, çünki Ukrayna böhranı son həddə çatır və Rusiya get-gedə üstünlük əldə edir.

“Hər kəs anlayır ki, o, tezliklə yenidən diqqətini bizim regiona yönəldəcək”, - deyə erməni ekspert bildirib.

0.015078067779541