Heyif, pulumuz yoxdur ki...

Heyif, pulumuz yoxdur ki...
 

Fəslin gözəlliyindən bəhrələnək

Dünya köhnə dünyadır, sevgiləri təzədir” - rəhmətlik Nüsrət Kəsəmənli Flora Kərimovanın birgə yaratdıqları bu möhtəşəm əsər hələ öz papulyarlığını qoruyub saxlayır. Bu köhnə dünyamızın hər an dəyişən yazılmış yazılmamış qanunları altında çətin olsa, durumdan hərdən razı, hərdən narazı  görüşə gedəni var, görüşdən gələni var, kövrəlib ağlayanı, ürəkdən güləni var

Çünki istəsək , istəməsək həyatın bir sıra qanunları var ki, tabe olmağa məcbursan. Elə yazını da bu notlarla başlamaqda məqsədim dünyanın qeyliqalsız ötüşmədiyini bir daha xatırlatmaqdı. Burda musiqidən, ədəbiyyatdan danışmaq fikrim yoxdu. Hər zamankı kimi, təəssüf dolu mənzərə, özümüzü kəsən maneələr sairə.…

 Yay fəslində iyul ayı ilin ən gözəl çağıdı. Qızmar günəşli günləri uzun, ulduzlu gecələri isə qısadı. Havaların günəşli olmağını təkcə insanlar deyil, bitkilər, heyvanlar da sevir. Təbiətin al-əlvan rəngə boyanması, yamyaşıl ağaclarda quşların cəh-cəh vurması, müxtəlif cür cır meşə meyvə giləmeyvələrin təbii şəkildə dərmansız-dəvasız yetişməsi, onlardan imkan düşdükcə dadmaq, çayda balıq tutmaq, şəhərin maşın səs-küyünün yorğunluğunu çıxarmaq, heç bir otel ödənişi etmədən meşəsində çadır qurub gecələmək - bütün bunları yaşamaq, həm maddi, həm mənəvi rahatlıq tapmaq necə gözəldir.

İyul ayında havaların çox isti keçdiyini bilirsiniz. Xüsusilə paytaxtımızda yaxşı ki, həmişə külək var. Yoxsa ki, qızmar şuasına, rütubətinə görə daha da dözülməz olardı.

Fəsillərin hamısı gözəldi, amma qeyd etdiyim kimi, kasıbların fəsli olan yayın bir başqa yeri var. Bu fəsli gözləməyimizin səbəbi təkcə yuxarıda qeyd etdiklərimlə bağlı deyil, həm ona görədir ki, soyuq aylarda yaşadığımız bir sıra, qaz pulu, işıq pulu, nadir hallarda yağan qardan sonrakı palçıqlı yollar sairə bu kimi digər problemlərdən müvəqqəti olsa qurtuluruq. Amma təəssüflər olsun ki, günəşli günlərin sevincini doya-doya yaşamağımıza mane olan bir sıra səbəblər var ki,  özünü tez yetirir deyə qayıdıb soyuqdan büzüşdüyümüz günlərə şükür edirik.

Bakıda yay deyəndə ilk ağıla gələn yer ya meşə, ya da dəniz sahili çimərlik olur. Qonşum Gülnisə xala deyir ki; “təxminən 30-40 il əvvəl dəniz deyəndə ruhumuz dincəlirdi, elə evin içindəcə sərinliyini hiss edərdik. Amma indi tərsinədi, dəniz adı gələndə canımıza həyacan gəlir. Adı bizim, dadı pullu, imkanlıların olan sərvətimizə tamarzı qalmışıq. Pis xasiyyətli gəlinin ucbatından atası evinə həsrət qalmış qızlar kimi kənardan baxırıq dənizə. Bir az istirahət etmək üçün dəniz sahilinə gedirsən qarşını daş hasarlar kəsir. Yaxud, meşəyə yollanırsan tikanlı məftillərə ilişib qalırsan. Bir sözlə, milli sərvətlərimiz qapısı kilidlənmiş qızıl anbarına dönüb. Xəzinadar isə insafsızdı, gözümüzü, könlümüzü doyurmağımıza imkan vermir. Axı dünyaya 1 dəfə gəlirik, doğulduğumuz coğrafiyanın torpağınının altı da, üstü xəzinədir. Niyə bundan yararlanmağımıza mane olurlar?”

Gülnisə xalanın haqlı iradları qarşısında aciz qalır adam. Dəniz hasar içində, meşə tikanlı məftillər arasında... Hara gedəsən, dərdini kimə söyləyəsən...?

Çimərliklərin qiyməti cibimizə uyğun deyil. Hansısa bir xidmətdən istifadə etmək istəsən ən aşağısı 20-30 manatından keçməlisən. Bir ailənin dənizdə bir gün dincəlməsi üçün 100-150 manatın olmalıdı. Hələ minumum qiymətlərdən danışıram, 300-500 manatadək olan yerləri isə kasıb təbəqə videolarda yuxularda görür. Ən acınacaqlısı isə budur ki, bu pulları kimə nəyə görə ödədiyimizi bilmirik. bizə bir qəbz verən yoxdur ki, filan xidmətlərə görədir bu ödəniş, bu barədə girişdə, yaxud çıxışda insanların maariflənməsi üçün ən azı tablo üzərində bir məlumat yoxdu.

Xalqa məxsus olanlardan pulsuz, ya da az ödənişlə yararlana bilmirik. Hasarlanmış yerlər bir yana, heç mülkiyyətimiz sayılan ərazilərdə imkan verən yoxdur ki, doyunca nəfəs alasan.

Ayrı yolumuz qalmır, bu özbaşınalıqlarla razılaşmaqdan başqa çarəmiz qalmır. Çünki illərlə davam edən hər yay aktuallaşan bu problem həll olunmaq əvəzinə vəziyyət getdikcə daha da qəlizləşir. Baxmayaraq ki, düz 15 il bundan əvvəl dənizin 20-50 metr məsafədə hasara alınmasının qadağan edilməsi ilə bağlı sərəncam verilib, daha sonra məsələ Milli Məclisdə müzakirə edilib. Bütün bunlardan sonra hasarlar nəinki sökülüb, əksnə daha da uzanıb, genişlənib.

Pirşağı çimərliyi kimi tanınan "Qızıl qum" adlanan ərazini şəhər əhalisi mütləq ki, tanıyır. Oranın hasara alınması lap gülməlidi, bu proses anbaan artır. Orda çimərliyə daxil olmaq ordakı cürümək üzrə olan taxta oturacaqlardan istifadə etmək 25 manatdır. Təsəvvür edirsiz? Bura gələn insanların başqa seçimi qalmır, tələb olunan məbləği ödəyir. Ona görə ki, digər ərazilər zəbt olnub, qala kimi hasara alınıb.

İnzibati Xətalar Məcəlləsində dənizin hasara alınması qadağan edilib, lakin nədənsə bu qadağalar elə kağız üzərindəcə qalır.

Gedişat da onu göstərir ki, kasıb, imkansız insanların dənizdə istirahəti mümkün deyil.

Artıq xalq da bezib, daha əvvəlki vaxtlarda olduğu kimi durub deyən yoxdur bu dəniz bizim milli sərvətimizdi. Bu sərvəti heç kim özəlləşdirə bilməz, o hər birimizindir. Niyə biz imkanlı, varlı adamların dəniz ətrafını mənimsəmələrinə görə ləpədöyənə çıxmaq üçün xeyli pul xərcləməliyik? Sərvətimizdən istifadə haqqı əlimizdən niyə alınıb? Dövlət qurumları insanların haqqının bu cür tapdanmasına niyə göz yumur? Xalq məmurların imkanlı adamların qanunsuz əməlləri nəticəsində öz haqq hüquqlarından niyə istifadə edə bilmir, özbaşınalıqlardan niyə əziyyət çəkirik? Azərbaycanda Xəzər dənizini özününküləşdirən xalqı dənizə həsrət qoyan məmurların qarşısını kim, vaxt alacaq?

Maraqlıdır ki, ölkə prezidenti məmurların özbaşınalığı harınlığı barədə yeri gəldikcə xəbərdarlıq etsə , bu xəbərdarlığın təsiri hiss olunmur. Ona görə ki, həddini aşan məmurların hər birinin arxasında dağ kimi dayanan özündən daha yüksək çinli məmur durur. Açıq hiss olunur ki, məhz buna görədir dövlət başçısının etdiyi xəbərdarlıqların heç bir təsirinin olmaması. Özbaşınalıq əvvəlki qaydada, hətta hələ bir az da ondan çox aşikar davam edir. Əgər belə olmasaydı dənizə çəkilən hasarlar, meşələrə dolanmış tikanlı məftillər sökülərdi.

Əslində, məmurların bu dərəcədə hədlərini aşmasının əsas səbəbi ölkədə yaranmış cəzasızlıq mühitidi. Törətdiyi qanunsuz əməlinə görə, qanun qarşısında cavab verən bir məmur tanıyırsız? Mən tanımıram. Uzaqbaşı vəzifələrindən azad olunublar dövlətdən, xalqdan taladıqlarını rahat xırıd etmək üçün daha geniş imkanlar qazanıblar.

Biz təkcə Xəzərin suyunda sərinlənməkdən məhrum deyilik, digər bütün sərvətlərindən məhrumuq. Sahilində yaşadığımız dəniz məhsullarını, xüsusən balığı, kürünü yalnız brokonyerlərin əlində görə bilirik. Müstəqillik əldə etdiyimiz vaxtdan bəri Xəzərin balığını, kürüsünü bu millət bir dəfə olsun, süfrəsində görməyib. Artıq kürünün görünüşü, forması da yaddaşımızdan silinib, çünki şəxsən mən bu neməti Azərbaycanda sonuncu dəfə 17 yaşımda yemişəm. Amma restoran sahibləri Xəzərin növ-növ, xüsusən balığının kababını satmaqla milyonlar qazanırlar! Sual yaranır: əgər dəniz xalqın, millətindirsə, bəs onun sərvətlərini - balığını, kürüsünü niyə yalnız məmurlar yeyir, satır, talayır?  Bəs, xalq həmin sərvətlərin sahibi kimi, onlardan zaman istifadə edəcək?!

Yəqin hakimiyyət vaxt məsuliyyət hiss edib, xalqı düşünsə, o zaman. O da, bu gedişlə çox çətin məsələdir. Bu yerdə yadıma ataların "balıq başdan iylənər" kəlamı düşdü. Xəzər dənizi haqqında ürəkağrısı ilə yazılan bu sətirlərin sonunda bir həqiqəti yazmağı özümə borc bilirəm: Xalq dövlətinə sahib çıxıb, kömək məqsədilə məmurlar üzərində nəzarət funksiyasını əlinə almayınca, ölkədə məmur özbaşınalığının, talançılığının qarşısını almaq mümkün olmayacaq!..

Məndən bu qədər. Günəşli günlərdə hasardan azad olmuş dəniz istirahəti arzusu ilə!

 

0.11716198921204