Mürəkkəb məsələlərin primitiv həlli olmur - dos. İlham Əhmədov
2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 və yuxarı bal toplayıb. Nəticə ondan ibarətdir ki, müəllimlərin 35 faizi sertifikasiyadan keçə bilməyib.
Biz dəfələrlə bildirmişik ki, müəllim kadrlarının sertifikasiyası onların hazırlıq səviyyəsini yüksəltmək üçün kifayət deyil. Biz bu prosesin heç bir mərhələsini dəyişmədən müəllimlərin hazırlıq səviyyəsini təkcə sertifikasiya ilə yüksəldə bilmərik. Bu natamam yanaşmadır problemə.
Prosesin bütün mərhələlərini düzgün qurmasaq bu problemləri həll edə bilməyəcəyik. Proses isə müəllimlərin ilkin hazırlığından başlamalıdır. Hələ 15 il əvvəl nazirlik "Fasiləsiz müəllim hazırlığı konsepsiyası və strategiyası" adlı sənəd hazırlamışdır. Amma bu konsepsiyanın reallamasına NK pul ayırmadı və iş yarımçıq qaldı.
Ümumən ölkədə son 30 ildə ali təhsil sahəsində sistemli islahat aparılmayıb. Olan tədbirlər kosmetik və təsirsiz olub. İslahat proseslərinə, o cümlədən universitetlərin normal fəaliyyəti üçün heç vaxt zəruri maliyyə vəsaitləri də ayrılmayıb. Bu müddət ərzində ölkədə ali təhsil problemlərini tədqiq edən nə tədqiqat mərkəzləri, nə beyin mərkəzləri, nə güclü ekspert qrupları yaradılmayıb, nə də sanballı elmi jurnallar təsis edilməyib.
Müəllim hazırlığı prosesinin fasiləsizliyi dağıdılıb. Ölkədə 20 ildir müəllimlərin təkmilləşdirmə sistemi yoxdur. Ən pisi isə budur ki, bütün bu məsələlər ekspertlər tərəfindən zaman-zaman qaldırıldığı halda, nazirlik daima belə təkliflərə biganə qalmışdır. Görünür problemləri kompleks və köklü həll etmək gündəlikdə olmayıb.
Keçən il imzalanan fərmana uyğun olaraq "Elm və Ali Təhsil" agentliyi artıq fəaliyyət göstərməli olduğu halda, hələ də heç nə yoxdur.
Müəllim hazırlığında olan bu qədər sistem problemləri görmədən, onları həll etmədən sertifikasiyanın ətəyindən yapışmaqla ETN heç nəyə nail ola bilməz. Bu gün atılan primitiv addımlar sadəcə 150.000 min müəllimi daim stressdə saxlamaq, onu nüfuzdan salmağa xidmət edir.
Millət vəkili Ceyhun Məmmədov həmişəki kimi, məsələyə peşəkar yanaşmaqla, "Buna görə savadsız müəllimlərin yetişdirildiyinin şahidi oluruq" adlı məqaləsində ciddi məsələlərə toxunur: “ Sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlı hansı addım atıla bilər? Bu problemin kökündə ali məktəblərdə təhsilin keyfiyyətinin və məzmununun yüksək səviyyədə olmaması durur. Bu gün universitetlərdə dərs keçirilir, imtahanlar təşkil edilir. Bunun ardınca deyirik ki, bu tələbələr yaxşı təhsil almayıb, onları yenidən sertifikasiyadan keçiririk. ETN prosesdən çıxış yolunu bunda görür. Hesab edirəm ki, bu proses ali məktəblərdə təhsilin səviyyəsinin yüksəldilməsi və məzmununun artırılması ilə paralel olaraq aparılmalıdır. Bu formada işlər həyata keçirilməsə, gələcəkdə çox çətin olacaq.”
Millət vəkili daha sonra qeyd edir: “Problem ondandır ki, universitetlər təhsilin keyfiyyətinin artırılması ilə bağlı ciddi addım atmırlar. Buna görə də savadsız müəllimlərin yetişdirildiyinin şahidi oluruq. Növbəti mərhələdə universitetlərdə təhsilin məzmun və keyfiyyətini artırmalıyıq ki, bu problemləri yaşamayaq. Bu addımları atmasaq, istədiyimiz nəticələrə nail ola bilməyəcəyik. Bu məsələlərə həssas yanaşmalıyıq. Bu istiqamətdə addımlar atılmalıdır. Sertifikasiya davamlı çıxış yolu olmalı deyil. Həm universitetdə imtahan keçirək, həm də bu addımları ataq, bu çıxış yolu deyil", - deyə deputat bildirib.
Başqa bir millət vəkili Vüqar Bayramov isə "10 bal toplaya bilməyən müəllimin təhsil aldığı universitetdə monitorinq aparılsın" kimi təklif verir: "Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sınağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərində təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır. İmtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib. Eyni zamanda 223 müəllimin balı bir rəqəmli olub, yəni, onlar hətta 10 bal belə toplaya bilməyiblər".
Hesab edirik ki, müəllim hazırlayan universitetlərdə bu gün monitorinqə elə də ciddi ehtiyac yoxdur. Dünya universitetlərinin qlobal reytinq cədvəli ən yaxşı və ən obyektiv monitorinqdir, əgər ETN nəticə çıxara bilsə. Məncə monitorinqi ATM-də yox, ETN-də aparmaq lazımdır.
Necə olur ki:
1. ATM-miz 20 ildir qlobal reytinqlərdə çox zəif nəticə göstərdiyi halda, ETN bu sahədə heç bir dönüş yarada bilmir?
2. Necə olur ki, zəif tələbə yetişdirən ATM-ni ETN hər dəfə akkreditasiyadan uğurla keçirir?
3. 13 ildir ETN müəllimləri özü seçib işə qəbul etdiyi halda, onların arasında zəif müəllimlər haradan və necə yaranır?
Əgər ETN millət vəkillərinin və ekspertlərin də təklifləri nəzərə almırsa, görəsdən hansı ideyalar əsasında öz "fəaliyyətini" qurur?
Axı mürəkkəb məsələlərin primitiv həlli olmur.
"Paralel.az"