Akif Məmmədovun 70 illiyi ərəfəsində "Seçilmiş əsərləri"nin təqdimatı oldu

Akif Məmmədovun 70 illiyi ərəfəsində
 

Prof. Telman Cəfərov

7 iyul 2023 cü il tarixində Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Akif Məmmədovun 70 illiyi ərəfəsində çap olunmuş "Seçilmiş əsərləri"adlı kitabın təqdimat mərasimi keçirilib."Mütərcim" nəşriyyatında işıq üzü görən kitaba alimin tədris vəsaitləri, elmi-metodiki məqalələri, ayrı-ayrı dilçi, ədəbiyyatşünas və metodist alimlərdən götürdüyü müsahibələr və digər yazıları cəm olmuşdur. Nəfis tərtibatda çap olunmuş kitabın ön sözünün müəllifi, redaktoru və tərtibçilərindən biri professor Telman Cəfərov nəşrin tərtib olunmasında və bu cür mükəmməl formatda ərsəyə gəlməsində Akif Məmmədovun həyat yoldaşı Sədaqət xanım Məmmədovanın və tələbəsi Gülnar Əhmədovanın da gərgin əməyi olduğunu qeyd etdi. Kitabın təqdimat mərasimini öz əhatəli çıxışı ilə açıq elan edən professor, Əməkdar müəllim Telman Cəfərov böyük alim və metodist Akif Məmmədovun elmi fəaliyyəti və pedaqogika sahəsində əvəzsiz xidmətləri barədə danışdı. Alimin Bakı Slavyan Universitetinin elmi həyatında mühüm rol oynadığı vurğulandı. Daha sonra Akif Məmmədovun həmkarları, dostları, yetirmələri onun haqqında maraqlı, kövrək, unudulmaz xatirələrini söylədilər. Çıxış edənlərdən Azərbaycan Universitetinin dosenti Səfər Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov, Bakı Slavyan Universitetinin dosenti Şəhla Əhmədova, Əməkdar müəllim İradə Nəbiyeva, onun yetirmələri və həmkarları Naibə Kərimova, Kərimova, Pərvanə Onurlu, Ruhəngiz Qəribova, Gülnar Əhmədova, Genel Məmmədova və digərləri Akif Məmmədovun həm dəyərli alim, həm səmimi iş yoldaşı, həm mehriban və həssas insan olduğunu xüsusi vurğuladılar.Yaradıcı müəllim, pedaqoq-alim Akif Məmmədovun Azərbaycan dilçiliyi elmində və publisistikasında həmişə öz dəst-xəttinin olduğu, neçə-neçə gənc müəllimin, alimin yetişib püxtələşməsində müstəsna rolu olduğundan danışan natiqlər öz çıxışlarında böyük alimin həm də dəyərli insan kimi işlədiyi kollektivdə daima hörmətlə qarşılandığını, sayılıb-seçildiyini vurğuladılar. Kitabın təqdimatında Akif Məmmədovun ailə üzvləri də iştirak edərək öz xatirələrini bölüşdülər. Bu işıqlı alimin əməllərinin bundan sonra da yaşayacağına, öyrənilib təbliğ ediləcəyinə əmin olduqlarını vurğuladılar. Sonda xatirə şəkilləri çəkildi və təqdimat mərasimi iştirakçılarına görkəmli alimin "Seçilmiş əsərləri" kibabının nüsxələri hədiyyə edildi.

"Paralel.az"

 

 

0.068110942840576