Sertifikasiyadan ibarət təhsil siyasəti - dos. İlham Əhmədov

Sertifikasiyadan ibarət təhsil siyasəti - dos. İlham Əhmədov
 

“Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirin əks sədası

TN-nin əsas vəzifəsi ölkənin təhsil siyasətini formalaşdırmaq və onu sistemli reallaşdırmaqdır. TN-nin son 3 ildəki fəaliyyətinə baxanda isə belə təəssürat yaranır ki, nazirliyin əsas vəzifəsi MİQ və Sertifikasiya imtahanlarının aparılmasıdır.
Bu ərəfədə keçirilən “Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbir bir daha bunu göstərdi.
Əvvəla tədbirin adı haqqında. Peşəkar müəllim hazırlamaq ETN-nin əsas vəzifələrindən biridir. Amma davamlı olaraq sertifikartlaşmadan danışmaq, müəllimin peşəkarlığı artmaz. Bundan ötəri əlavə çox iş görülməlidir. Bütün bu işlərdən sonra sonuncu mərhələdə sertifikatlaşma olmalıdır. Əks halda sertifikatlaşma peşəkarlığa yox, başqa məqsədlərə xidmət etmiş olur.
Bəli, peşəkar müəllim keyfiyyətli təhsilin mühüm amilidir, amma bu yeganə amil deyil. Burda da əlavə çox məsələlərə diqqət yetirilməlidir, hansı ki, diqqətdən kənardadır. Niyə təhsilin keyfiyyəti ilə əlaqədar digər məsələlər kölgədə qalır, amma müəllim amili daim qabardılır? Çünki, müəllim amilini qabatrmaq, müəllimləri qeyri peşəkar adlandırmaq sertifikatlaşmaya yol açır. Dünyanın heç bir ölkəsində təhsil nazirliyi sertifikatlaşmaya bu qədər önəm vermir. Onlar təhsilin keyfiyyətini kompleks yanaşma ilə yüksəldirlər.
Bir tərəfli yanaşma ilə təhsildə keyfiyyət artmaz. Çünki, təhsil mürəkkəb və dinamik sahədir, bu sahədə dövlət siyasəti formalaşdırmaq və icra etmək asan məsələ deyil. Pedaqogika elminin əsaslarını, sadə anlayışları bilmək, təhsil siyasətində bunu nəzərə almaq lazımdır, təəssüf ki, hər addımda qeyri peşakarlıq özünü göstərir.
Bu tədbirdə müəllimlərin sertifikasıya kompaniyası ETN-nin böyük bir nailiyyəti, qələbəsi kimi təqdim edilməsi cəhdi hiss edilirdi. Amma reallıqda isə ... Nəhayət ki, TN-nin ETN-ə çevrilməsi prosesinin ilk addımlarını ölkə 12 aydır ki, səbrsizliklə gözləyir, amma heç bundan danışan yoxdur. Bu ərəfədə milli universitetlərimizin qlobal reytinqlərdə çox zəif nəticə göstərməsini nazirlik sakitcə qarşıladı, sanki, daim bu belə olmalıdır.
Tədbirdə iştirak edən nazir qeyd etdi: “sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçirilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar. Çalışırıq ki, sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar".
Təhsil ictimaiyyatı yaxşı bilir ki, ölkədə müəllimlərin təkmilləşdirilməsi sistemi artıq 20 ildir ki, dağıdılıb. Belə bir şəraitdə müəllimlərin təkmilləşdirməsi ilə hansı qurum məşğul olacaqdır?
Yenə də dost-tanışın QHT və MMC -ləri ?
QHT və MMC-lərin ümidinə qalan təhsil sistemi bu gündə olar də!
Müəllimlərin Təkmilləşdirmə İnstitutlarının fəaliyyətini geç də olsa bərpa etmək lazımdır. Əgər belə qurumlara ehtiyac olmasa idi, Həkimlərin Təkmilləşdirmə İnstitutu və digər nazirliklərin analoji qurumları öz fəaliyyətini hələ də davam etdirməzdi.
Nazir daha sonra qeyd etdi: "Məktəb direktorlarına tam müstəqillik vermək olmaz".
Təhsil ictimaiyyatı bunu da yaxşı bilir ki, müəllimlərin işə qəbulu əvvəllər (1992-2002-ci illərdə) məktəb direktorları tərəfindən həyata keçirilirdi. Nazirlik məktəb direktorlarının bu işinin nəticəsindən "narazı" qalıb, prosesi RTŞ- etibar etdi. Lakin RTŞ bu işi ilə nazirliyi "razı" sala bilmədi. TN RTŞ-nin işindən elə "narazı" qaldı ki, Bakı şəhəri üzrə bütün RTŞ ləğv edildi.
Ölkə üzrə müəllimlərin işə qəbulu kimi ağır və "məhsuldar" işi nəhayət nazirlik öz əlinə aldı. Halbu ki, ölkədə təhsil islahatları aparmaq idi onun əsas vəzifəsi.
Artıq 13-14 ildir ki, müəllimlərin işə qəbulunu TN aparır, özü də daha bu işdən "razı"dır.
Amma son illər işə qəbul edilən müəllimlərin də arasında sertifikasiyadan aşağı nəticə göstərənlər az deyil. Deyəsən heç nazirlik də məktəb direktorları və RTŞ kimi keyfiyyətli kadr seçə bilmir. Bəlkə söz söhbətlər kəsilsin deyə, dövlət qulluqçuları kimi, müəllimlərin də işə qəbulunu DİM aparsın? Bəziləri deyirlər ki, sertifikasıyanın məqsədi MİQ üçün fasiləsiz olaraq yeni vakant yerlərin yaradılmasına xidmət edir, bu məqsədlə ilbəil suallar da qəlizləşdirilir. Hansı həddə qədər? Belə getsə, deyəsən doktoranturaya qəbulda olduğu kimi, burda da ingilis dilindən beynəlxaq sertifikat tələb edəcəklər
Müəllimlərin də işə qəbulunu DİM aparsa, yəqin ki, ETN müəllimlərin sertifikasıya imtahanlarını aparmağa daha həvəsli olmayacaq.
Həm də ETN nəhayət ki, əsl missiyası ilə- elm və təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq, islahatlar aparmaq, özünə əsasnamə hazırlamaq, tərkibində olan agentliklərin yaratmaq, elm və təhsili inteqrasiya etmək barədə düşünəcəkdir.

"Paralel.az"

 

0.016488075256348