Cavanlar və qocalar - Kimdir haqlı?

Cavanlar və qocalar - Kimdir haqlı?
 

Başlıca amil vicdan olmalıdır
Gənclər və ahıllar arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları olur. Buna ədəbiyyatda, adətən “atalar və oğllar” problemi deyirlər. Ən mübahisəli məsələlərdən biri də vəzifə ilə bağlı olur. Cavanlar yaşlılara vəzifə verilməsini çox vaxt qəbul edə bilmirlər. Elə həmin qaydada, qocalar da gənclərin yüksək vəzifələtə təyin ounmasını bir çox hallarda həzm edə bilmirlər.
Düşünürəm ki, hər iki tərəf yanlışlığa yol verir. Axmaq, istedadsız, pula həris, vicdansız gənc (bu mənfi keyfiyyətlərin siyahısını uzatmaq da olar), zaman keçdikcə heç də müdrikləşmir, əksinə, onun cavanlqda “topladığı” neqativ cəhətlər daha da inkişaf edir və nəticədə beləsi axmaq, istedadsız, pula həris, vicdansız qocaya çevrilirlər.
Bəli, vicdanlılıq başlıca amil və cəhətdir.
Bir çox hallarda uzun müddət vəzifədə olan adamı qınayır, hətta, ona şəbədə qoşurlar. Baxır, kim hansı vəzifədə çalışır. Adam var ki, cəmi bir neçə ay hansısa bir yüksək postda əyləşir və oranı sökür, talayır. Adam da var ki, onillər boyu yüksək vəzifədə çalışır və halallıqla yaşayır. (Yeri gəlmişkən, şəxsən mən heç vaxt yüksək vəzifə tutmamışam, ömür boyu elmi və bədii yaradıcılıqla məşğul olmuşam, vəzifəli məmurların axmağını da görmüşəm, müdrikini də).
Söhbəti çox da uzatmaq istəmirəm. Mənim şəxsən həyatda gördüyüm, hətta söhbət etdiyim iki adam uzun müddət vəzifədə çalışıb və öz ətrafının sevimlisi olub. Belə ki, 102 il ömür yaşamış Boris Paton 1962-ci ildən 2020-ci ilə qədər Ukrayna EA-nın Prezidenti vəzifəsində çalışmışdır. Yüzdən çox elmi-tədqiqat qurumunu özündə birləşdirən bu nəhəng elmi müəssisənin rəhbəri son nəfəsinəcən elmi fəaliyyətlə məşğul olub, öz xalqının dərin sevgisini qazanıb.
40 ilə yaxın yüksək elmi vəzifədə çalışan Paton tək deyil ki... Yüzlərlə belə adam olub. Məsələn, vaxtilə görüşüb haqqında yazdığım (Bax: “Rəsul Həmzətovdan götürmədiyim müsahibə”) məşhur şair Rəsul Həmzətov düz 52 il (1951-2003-cü illər arası) Dağıstan YB-nin Sədri fəzifəsində çalışıb. Zənnimcə Dağıstanı daha çox elə Həmzətova görə tanıyırlar...
Misalların, nümunələrin sayını artırmaq da olar.
Dediyim odur ki, vəzifədə yaş əsas deyil, vicdan amili başlıca şərt olmalı, rol oynamalı və qiymətləndirilməlidir.

Firuz Mustafa

"Paralel.az"

 

0.018929004669189