Rubl sürətlə ucuzlaşır - Azərbaycana hansı təsirləri var?

Rubl sürətlə ucuzlaşır - Azərbaycana hansı təsirləri var?
 

Rusiya rublu dəyər itirməkdədir. Son 2 ayda rubl dollara nisbətən 14% ucuzlaşıb. Sanksiyalar rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Digər tərəfdən, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Paralel.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur: "Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil".

Millət vəkilinin sözlərinə görə, tədiyə balansında profisit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5,1% möhkəmləndirib: "Tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımından daha da təkmilləşdirilməsi prioritetdir".

"Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır", - deyə V. Bayramov vurğulayıb.

Könül
Paralel.az

0.012755870819092