Baş nazir sel və daşqınlarla bağlı tapşırıqlar verdi

Baş nazir sel və daşqınlarla bağlı tapşırıqlar verdi
 

İyulun 3-də Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunan müşavirə keçirilib.

Bu barədə Paralel.az -a Nazirlər Kabinetindən bildirilib.

Müşavirəni açan Baş nazir Ə.Əsədov bildirib ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçib, yağıntıların miqdarı artıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olub.

Qeyd edilib ki, əsasən iyun ayında əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artıb, sel və daşqınlar baş verib.

Təbii fəlakət baş verdiyi rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub.

Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilib, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.

Vurğulanıb ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, o cümlədən əkin sahələrinə və fermer təsərrüfatlarına, həmçinin digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.

0.085109949111938