Yenə də "2"? - dos.İlham Əhmədov
Biliklər cəmiyyətində ölkələrin nüfuzu onun elm, təhsil və texnoloji nailiyyətləri hesabına formalaşır. Bu məqsədlə ölkələrarası müxtəlif qlobal müqayisələr aparılır. Təhsil sahəsində dünya universitetlərinin müxtəlif reytinq sıralaması, şagird nailiyyətlərinin PİSA və TİMSS v.s. qiymətləndirilmısi mövcuddur.
Bu reytinqləmə və qiymətləndirmələrin hər il dərc olunan nəticələri ilə tanlş olanda, məyus oluram. Çox vaxt yadıma məhşur rus rəssamı Fyodr Reşetnikovun "Yenə də 2 ?" ("Опять двойка", 1952) əsəri yadıma düşür. Yəqin bu rəsm əsərini çoxlarınız görmüsünüz. Daim dərslərindən 2 qiymət alan balaca Vova evə yenə üzüqara qayıdır, ailə üzvləri pərişandır, hətta ailədəki it də fərsiz Vovaya etiraz edir. Sovet vaxtı bir çox məktəb dərsliklərində olan bu şəkilin çox yaxşı tərbiyəvi təsiri olurdu.
İndi bizim ali təhsil sisteminin hər dəfə qlobal qiymətləndirilməsi ilə tanış olanda bu rəsm əsəri yadıma düşür. Amma balaca Vova obrazında yox, artıq gözümüz önündə ETN canlanır.
2023-cü il üzrə Dünya universitetlərinin qlobal reytinq cədvəli dərc edilib. Əvvəlki 20 ildə olduğu kimi (bu reytinqlər 2003-dən tərtib edilir) İlk 1000-likdə yenə yoxuq. Mən bu reytinqləri ilk dəfə 2008-ci ildə görmüşəm. 1000 ATM əhatə edən Reytinq Cədvəllərində bizim heç bir universitetimiz yox idi. Onda maraq yarandı ki, bu reytinq cədvəli nə qədər davam etməlidir ki, bizim bir ATM ora düşsün? Müəyyən araşdırmalardan sonra məlum oldu ki, hətta 10.000 ATM reytinqlənməsi aparılsa belə, bizim 1 universitetimiz orda olmayacaq. Sonralar bu mövzuda xeyli məqalələr yazdıq, müsahibələr verdik, sonralar TN də belə cədvəllərin mövcudluğu barədə məlumatlandı.
Son 15 ildə universitetlərimiz qlobal reytinq metodoloğiyası ilə tanış oldular, öz işlərində bunu nəzərə almağa başladılar, tədricən reytinq cədvəllərində ATM-lərimizin mövqeyi yaxşılaşmağa başladı. Amma bu prosesdə təhsil nazirliyinin iştirakı hiss edilmirdi.
Ayrı ayrı ATM rəhbərlərinin və kollektivlərinin səmərəli fəaliyyəti hesabına reytinqlərdə nisbi inkişaf mümkün oldu.
Amma hələ də ilk 1000-likdə yoxuq. Bu artıq 20 il davam edir. Narahatlığa əsas varmı? Əlbəttə. Bu necə olur ki, beynəlxalq idman yarışında, Avroviziya yarışmasında zəif iştirak edəndə narahat oluruq, amma 20 ildir beynılxalq səviyyədə reytinq qazana bilən bir universitet yarada bilmirik. Kimdir günahkar? Təbii ki, bu günahın çox böyük hissəsi təhsil nazirliyində olub. Bu necə ola bilər ki, 30 il əvvəl bizimlə eyni start vəziyyətində olan ölkələrin universitetləri inkişaf edə bildi, tanındı, bizimkilər isə tənəzzül etdi? Onların təcrübəsini öyrənmək, tətbiq etmək mümkün deyildimi? Kim mane olurdu?
Malayziyanın ən azı 1 universiteti daim TOP 500 -də olurdu. Bir dəfə belə olmadı. Malayziya xalqı və hökuməti bunu milli faciə kimi qiymətləndirdi, təhsilə investisiyanı xeyli artırdı və tezliklə Malayziya universitetləri mövqelərini bərpa etdi. Malayziyada da yəqin bizdəki kimi təhsili millətin gələcəyi hesab edirlər. Amma orda əməldə, bizdə sözdə.
Ali təhsil sisteminin inkişafında 2 mühüm amil rol oynayır. Bu səriştəli mütəxəssislərin mövcudluğu və ciddi maliyyə yatırımı. Bizdə ali təhdildə orta səviyyəli kadrlar və çox cüzi səviyyədə investisiya olub. İndi isə ETN-də dünya ali təhsil sistemindən çox uzaq komanda və çox az maliyyə var. Amma son 20 ildə ölkəyə axan neft pullarının müəyyən hissəsini heç bir iqtisadi faydası olmayan stadionların, olimpiya mərkəzlərinin v.s. obyektlərin tikintisinə yox, universitetlərə yönləndirsəydik, bu gün tam fərqli mənzərə olardı.
Sonuncu reytinq cədvəllərində Qazaxstan universitetləri hamını yaxşı mənada heyrətləndirdi. İlk 1500-də Qazaxstan 21 universitetlə təmsil edilib, bu onlar üçün ciddi uğurdur.
Rusiya universitetlərinin də vəziyyəti ilbəil yaxşılaşır, ölkədə iqtisadi böhran olmasına rəğmən, çünki, son 15 ildə bir sıra mühüm layihələr edə bildilər.
1000-1500 aralığında bizim cəmi 3 universitetimiz bərqərar olub. Məlum strategiyaya görə 2030-cu ildə ilk 700-də bəlkə 1 universitetlə təmsil olunduq. 2 tədqiqat universitetimizin yaranması da gözlənilir.
Bunlar çox az və gecdir. Düzü ETN-dəki indiki komandanın bunu etməsinə inamım azdır. Bəlkə hansısa ATM öz daxili potensialı ilə nəyəsə nail ola bilər.
Bu problemlə əlaqədar ETN-nə bu suallarla müraciət edirəm. Əgər cavab versələr, ali təhsilin gələcəyi ilə əlaqədar ictimaiyyətdə az da olsa, müəyyən ümid yaranar:
1. ETN reytinqlərdə fərqlənən universitetlərimizə son 3 ildə konkret hansı köməyi edib, yoxsa bu ATM yalnız öz güclərinə buna nail olublar?
Əgər heç bir kömək etməyibsə, onda fəaliyyəti hiss edilməyən ETN adlı quruma nə ehtiyac var?
Amma ETN-nin bu ATM-lərinə konkret ziyanı olub, ən azından yaratdığı fonda hər bir ATM-nin zəif büdcəsindən ildə 1-2 milyon (tələbə sayına görə) qoparıb, büdcəni daha da zəiflədib, əvəzində heç nə vermədən.
2. ETN ATM-nin qlobal reytinqlərdə vəziyyətini yaxşılaşdırmaq üçün hansı tədbirləri icra etməyi düşünür ?
3. Ümumiyyətlə ETN ölkədə ali təhsilin inkişafı üzrə nə vaxtsa, hər hansı bir strategiya təqdim edəcəkmi, yoxsa ATM hələ 30 ildə "başlı başını saxlasın" prinsipi ilə "inkişaf" edəcəklər ?
"Paralel.az"