Rəqəmsal təhsil yeni pedaqogikaya əsaslanmalıdır
Dos.İlham Əhmədov
UNEC professoru Zahid Məmmədov sosial şəbəkələrdə maraqlı bir status yazıb:
"Düşüncənin "Google –laşdırılması", yəni biz artıq beyinin köməyi vasitəsilə yox, Google –un dəstəyi ilə fikirləşir və qərar veririk. Ən başlıcası, internet tənqidi düşüncəni söndürür və o bu cür fikirləşməyi öyrətmir. Tənqidi düşüncəni kitablar öyrədir, bunun üçün keçmiş bilik sisteminin meyarları, o cümlədən ensiklopedik biliklər daha çox önəmlidir. İnternet bilikləri və informasiyanı kifayət qədər sadələşdirir və həzm etmək üçün asanlaşdırır, nəticədə, insanı tənqidi düşüncədən məhrum edir. Hamı çalışır ki, nə isə asan və daha gözə soxulan ideyaları, frazaları və nəzəriyyəni önə versin və onun köməyi ilə izah etsin. Bu məsələ təkcə müəllimlər üçün yox, həm də cəmiyyət üçün xarakterikdir".
Bu fikrin davamı olaraq öz mülahizələrimi bölüşmək istəyirəm.
Bu problemlər, təbii ki, qlobal xarakterlidir. Biz öz təhsilimizlə bağlı öz əlimizlə yaratdığımız lokal xarakterli problemləri hələ həll edə bilmədiyimiz halda, yeni problemlər vulkanı ilə qarşılaşırıq.
Ümumən, Google nəinki tənqidi düşüncəni, ümumiyyətlə hər cür düşüncəni aradan qaldırır, insan mexaniki bir vasitəyə çevrilir.
İnsan beyni tənbəlliyə meyllidir. İnternetin zəngin resursları insanı düşünmədən hazır cavablar tapmağa sövq edir.
Süni intellekt inkişaf etdikcə,
insan intellekti daha da sönəcək, heç bir araşdırma aparmaq istəməyəcək. Gözlədiyimiz və gözləmədiyimiz halda
çox şeylər dəyişəcək, xeyli əlavə problemlər yarabacaq. Bu proseslərə indidən hazır olmalıyıq, düzgün idarə etməliyik, əks halda çox sahələrdə, xüsusən də təhsildə xaos yarana bilər.
Bu problemlər elmi-pedaqoji-texnoloji cəhətdən araşdırılmalı, universitetlər üçün konkret tövsiyyələr verilməlidir.
Bu məsələlər təbii ki, pedaqigika elminin, yeni yaranan elektron pedaqogikanın, rəqəmsal pedaqogikanın problemləridir. Bizdə pedaqoji elmlər hələ də bu sahədən çox uzaqdır, hələ də əksər alimlər bu gün aktual olmayan pedaqogika tarixini (100 il və daha əvvəlləri) tədqiq edirlər. Çoxu bimirlər ki, indi gözümüz önündə yeni pedaqogika yaranır.
ETN-nin ARTİ adında bir institutu var. Onlar əslində bu tədqiqatları aparmalıdır. Amma son 8 ildə bu institut elmdən uzaq düşüb, elmdən uzaq menecerlərin səriştəsiz idarəetməsi nəticəsində elmi baxımdan tam iflas olub.
Bu gün tamami ilə yeni ali məktəb pedaqogikası yaradılmalıdır.
Problemlər üstümüzə sunami kimi gəlir. Amma ETN-də bu işləri real dərk edənlər çox azdır, verilən təkliflər havadan asılı qalır. Komanda bu mövzularda normal müzakirələrə hazır deyillər.
Nə özləri bilir, nə bilənləri eşidirlər, nə də ideyalara dəstək vermirlər ki, məsələlər qismən həll edilsin.
Nə qədər ki, bu ölkənin təhsil sistemində çörəyi çörəkçiyə verməyəcəklər, təhsil bataqlıqda qalmaqda davam edəcək, problemlər silsilə ilə artacaqdır.
"Paralel.az"