Kadrlar hər şeyi həll edir yoxsa məhv edir?
Dos.İlham Əhmədov
Uğurlu islahatlar yalnız uğurlu kadrlarla, öz işinin peşəkarları və dövlətə sadiq insanlarla reallaşa bilər.
Hər bir dövlət insan resursları hesabına inkişaf edir. Bu resurs digər resurslardan daha mühümdür. Səriştəsiz kadrlar dövlətin bütün resurslarını, onun gələcəyini, sonda isə dövlətin özünü çətin vəziyyətə salır.
Belə bir deyim var: Kadrlar hər şeyi həll edir.
Bunun əksi də var: Kadrlar hər şeyi məhv edir.
Hər iki deyim doğrudur.
Seçim özümüzdən asılıdır: İşıq gələn tərəfi yoxsa it hürən tərəfi seçək?
Bu hər yerdə belədir. Ona görə də bütün dünya insan kapitalına, onun formalaşmasına xüsusi önəm verir.
Sözdə yox, əməldə.
İnsan kapitalının formalaşmasına isə ilk növbədə ölkənin təhsil sistemi məsuldur. İstər güclü dövlət olsun, istərsə də zəif.
Əslində təhsil sisteminin idarəedilməsi müvafiq kadrların, islahat komandasının peşəkarlığından asılıdır. Təhsil islahatı aparan komandanın özü yüksək sıviyyəli insan kapitalına sahib olmalıdır.
Niyə kadr seçimi həlledicidir ?
Çünki onlar xalqın gözündə dövləti, onun qüdrətini və səviyyəsini təmsil edirlər. Onlar qanunun aliliyinin icraçıları, dövlətin və vətəndaşın xidmətində duranlardır.
Zəif və ya tutduğu işin öhdəsindən gələ bilməyən kadrlar heç bir hakimiyyətə başucalığı gətirmir. Əgər komanda tamamən belələrindən ibarətdirsə, bu artıq dövlətin təhlükəsizliyinə ciddi təhdiddir. Çünki, belə komandanın reallaşdırmaq istədiyi islahatlar nəticəsiz olur, ümidlər puç olur, illər boşuna gedir. Əgər bu komanda strateji sahədə fəaliyyət göstərirsə, onda daha pis.
Niyyət dövləti və vətəndaşı aldatmaq, öz cibinə işləmək olanda, heç bir müasir texnologiyalar belə məmurlara maneə deyil. Bu sırada elektron nəzarət, elekton idarəetmə, elektron imtahanlar v.s. yeniliklər yalnız gözdən pərdə asmağa, gözə kül üfürməyə, obyektivlik görüntüsü yaratmağa xidmət edir. Təəssüf ki, bəzi xarici təhsilli kadrlar da belə psevdo "innovasiyalara" çox meyllidirlər.
“…Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar.”
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təəssüflə dediyi bu sözlər keçən ilin 6 aylıq yekunlarına həsr olunmuş müşavirədə səslənmişdi. Söhbət iqtisadi məsələlərdən getsə də, bu durum daha əhatəlidir. Təkcə iqtisadiyyatda yox, digər strateji sahələrdə də etimadı doğrultmayan kadrlar olub və hələ də var.
Ölkə Prezidentinin dediyi kimi, problem “yerləşdirilən kadrlara” bağlıdır. Həqiqətən də hər bir sahənin, nazirlik və komitənin durumu onun başında dayanan şəxslərdən , onların peşəkarlığından və dürüstlüyündən asılıdır.
“…Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi.”
(Prezident İlham Əliyev).
"Paralel.az"