Aşpazın va-bankı: Priqojin vs Putin

Aşpazın va-bankı: Priqojin vs Putin
 

Ta qədimlərdən gələn təcrübədir və sonucu da eyni bitir, amma dərs alınmır, ibrət götürülmür. Putin hesab edirdi ki, hakimiyyətini daha da gücləndirmək, hədəflərinə çatmaq üçün dövlət hakimiyyəti orqanları, onların sahib olduğu güc və vasitələr yetərli deyil və odur ki, alternativ güc mərkəzləri yaratmağa qərar vermişdi.
Elə həmin andan Kremlin sahibi öz fiaskosunu proqramlaşdırmışdı. Çünki vaxt yetişdi və həmin alternativ güc - yəni, Priqojinin “Vaqner” özəl hərbi qoşunu Putinin hakimiyyət vertikalı ilə rəqabətə girdi, Rusiya ordusuna meydan oxudu. Faktiki olaraq Kreml indi əkdiyi yezuit siyasətinin məhsulunu biçir. Tarixən belədir, sistemdənkənar yaradılan güc şişləri yayılaraq xərçəng şişinə çevrilir və sistemi iflic edir...
Sosial şəbəkələrdə Rusiya ordusunun gücü ilə bağlı ironik bir təsbit var:
2021-ci il – Rusiya ordusu dünyada ikincidir
2022-ci il – Rusiya ordusu Ukraynada ikincidir
2023-cü il – Rusiya ordusu Rusiyada ikincidir.
Rusiyanın hərbi-siyasi elitası sarsılıb, çaş-baş haldadır - “Vaqner”in Moskva istiqamətində yürüşünə ciddi müqavimət yoxdur, Rostov kimi milyondan artıq əhalisi olan şəhəri “fəth” edən Priqojin Voronejə keçib və Lipetskə yaxınlaşıb. Lipetskdən Moskvaya məsafə 400 km civarındadır. “Vaqner”in kolonları bu sürətlə irəliləsə, iki-üç saata binoklla Kreml qülləsini görə bilərlər...
Konfliktin düyünü güman ki, gecə ilə açılmağa başlayacaq, yoxsa vətəndaş müharibəsi rusları qucağına alacaq. Artıq görüntü belədir ki, konfliktin güc yolundan başqa alternativ həlli yoxdur. Müvəqqəti "atəşkəs" olsa belə, sistem çilik-çilik olub, eskalasiya ertələnə bilər, amma ondan qaçış yoxdur.
Adətən belə hallarda ordunun seçimi hər şeyi həll edir. Rusiya ordusu kiminlə olacaq: hakimiyyətlə, yoxsa xalqla?
Hakimiyyət, Putun Priqojini “qiyamçı, satqın” adlandırıb və artıq geriyə yolu yoxdur. Xalq ortada görünmür, amma Priqojin çıxış və bəyanatlarında özünü xalqla assosiasiya edir. “Putinin aşpazı” adlandırılan 62 yaşlı biznesmen, milyarder, muzdlu-quldur ordu başçısı məmur aparatını hədəfə götürüb, çevrilişə çağırır və bəyan edir ki, Kremlə doğru hərbi rəhbərliyi cəzalandırmaq üçün “ədalət marşı”na çıxıb.
Kreml elitası qorxu içindədir, elə Priqojin də canının hayındadır. Son günlər anlayırdı ki, Şoyqu-Gerasimov tandemi onun axırına çıxacaq, ona görə də va-banka - qiyama getməkdən başqa çarəsi qalmamışdı.
Bu hərbi-siyasi qumarda şübhəsiz ki, Putin güclü görünür, amma son iki ildə “bunkerə qapanmış ded”in şansı heç üzünə gülmür.
Öz növbəsində, “aşpaz” nə qədər va-banka getsə də, elə də primitiv hərbi-siyasi fiqur kimi görünmür, gözlənilmədən “bərk qoz” çıxdı, özünü Kreml boyarları ilə vuruşan “yeni Puqaçov”, ultra-patriot kimi təqdim edə bilir: “Biz Vətənimizin patriotlarıyıq Heç kim prezident, FSB və ya başqa birisinin çağırışı ilə təslim olmağa hazırlaşmır”.
Rusiya cəmiyyəti indiki halında mental baxımdan elə deqradasiyaya uğrayıb ki, kəskin bir dönüş anında qiyam başçısı qəfildən ideallaşdırıla da bilər. Rusiya tarixi belə əcaib nümunələrlə zəngindir. Müharibə isə həmişə sınma və ya dönüş anları üçün zəmindir...

Qəzənfər Həmidoğlu

"Paralel.az"

 

0.023251056671143