Plagiatdan danışmasaq yaxşıdır - dos. İlham Əhmədov
Elm və Təhsil naziri E. Əmrullayev : "Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur".
Məncə nazir ciddi səhvə yol verir. Hiss olunur ki, ölkənin elmi mühitindən, alimlərin həyat şəraitindən, onların sosial vəziyyətindən xəbərsizdir, ya da olan- qalan elmi də bu yolla məhv etmək istəyir.
Plagiator plagiatora plagiator deməsə….
Bilin ki, ölkədə plagiatdan gen bol faydalanan elə təhsil nazirliyidir. Nazir bilməlidir ki, son 30 ildə təhsil nazirliyinin hazırladığı bir çox strategiyalar, qanunlar, təlimatlar, əsasnamələr, kurikulumlar, fənn proqramları, standartlar, tədris planları, dərsliklər, “innovasiyalar” v.s. məhz plagiat olub. Əksəriyyəti də rus dilindən keyfiyyətsiz tərcümə.
Nazir bunları niyə bilmir? Bilirsə və alimləri plagiatda günahlandırırsa, onda “şüşə evdə oturub, başqalarının daş evinə niyə daş artır?”
Hətta nazirliyə ekspertlərin təqdim eydiyi maraqlı təhsil layihələri də məmurlar ustalıqla, “özününküləşdirir” və dövriyyəyə buraxırlar. Şəxsən şahidi olmuşam.
Məncə nazir bunları bilmir. Çünki, təhsilin belə incəliklərini öyrənməyə gənc nazirin hələ vaxtı olmayıb. Başqa ölkələrin təhsil sahəsində illər ərzində hazırladığı və buna milyonlarla dollar sərf etdiyi elmi-metodik, tədris metodik materialları, təhsil fəaliyyətinin hüquqi təminat məsələlərini, bizim təhsil sistemi 1 manat belə xərcləmədən necə “nail” olub? Əlbəttə ki, plagiatla. Çox vaxt heç bu sənədlərin mahiyyətini dərk etmədən, yarı-yarımçıq kopiyalayıb, tez tələsik tərcümə edib, dövriyyəyə buraxıblar. Məsələn, 25 il əvvəl, RF-nın əyalət universiteti 1 ixtisas üzrə magistratura pilləsinə keçid üçün, onun tədris metodik təminatını hazırlamaq üçün 1 tədris ilində 1,5 milyon dollar xərcləyib. Biz də o vaxtlar magistratura pillsinə keçid etdik. 100-dən artıq ixtisas üzrə. Bu iş 3-4 ay ərzində “həll edildi”. Təbii ki, tədris metodik təminata 1 manat belə xərcləmədən. İstifadə edilən bütün bu tədris metodik təminat təbii ki, tam plagiat idi.
Nazir bir müddət əvvəl plagiatlığı elmdə əxlaqsızlıq adlandırırdı. Bəs nazirliyin plagiator olmasına nə ad verək?
“Elmi fəaliyyəti qadağan etmək”.
Bu nəsə yeni ideyadır. Mən heç vaxt belə qadağa növü haqqında eşitməmişəm. Necə yəni elmi fəaliyyəti qadağan edək?
Guya elmi fəaliyyət lisenziya ilə, sertifikasiya ilə tənzimlənir. Kimin savadı, səviyyəsi və həvəsi varsa, elmlə məşğul olacaq, işini də heç burda da yox, xaricdə dərc etdirəcəkdir. Alınan nəticə hər şeyi həll edir. Buna nə qadağa ola bilər.
Ortalıqda Cabbar Məmmədov nümunəsi var. Bu adam 20 il əvvəl gənc yaşlarında ali təhsili olmadığı halda yazdığı məqalələr və kitabları bu gün bir çox alimlər və xarici universitet məzunları yaza bilməzlər. ...
TN -ni ETN-nə çevirməkdə məqsəd bu idimi?
Elm universitetlərdə cəmləşir. Universitetlərdə isə hələ də nə elmi iş aparılır, nə də real nəticələr var? Niyə? Çünki, 30 ildir təhsil nazirliyi ATM-nə elm məqsədi ilə büdcədən pul ayırmır. ATM Pablik hüquqi şəxs olduqdan sonra vəziyyət daha da pisləşib. PHŞ yaratmaqda məqsəd nə idi? ATM-nə elmin inkişafı üçü ETN pul ayırmaq əvəzinə, yaratdığı yeni fonda ATM-dən pul tələb edirlər.
Pulsuz elm ola bilməz.
Pulsuz ancaq plagiat ola bilər. Niyə nazirliyə plagiatlıq etmək olar, alimə yox? Yoxsa, nazir düşünür ki, xarici universitetlərdə alimlərin 5-10 min avro maaş və milyonlarla qrant alaraq aldıqları elmi nəticələri bizim alimlər 500 manat maaşla alacaqlar? Nazirliyin belə sadəlöhv olmasını düşünmürəm. Axı onlar dövlətin ayırdığı cüzi qrant pullarını elə ustalıqla öz yaxın ətrafına yönəldir ki, burda sadəlöhvlükdən söhbət ola bilməz.
Siz az maaşla, heç bir sosial güzəşti və minimal həyat şəraiti olmayan alimlərə 100 dəfə "sağ olun" deyin ki, bu peşəni atıb, daha pullu peşələrin dalınca qaçmayıblar (məsələn, menecer olmayıblar, onsuz da indi heç kimdən ixtisas və bilik tələb edilmir). Siz isə alimlərin həvəsini məhv edir, onları əxlaqsız adlandırırsiniz.
Nazir strateji məsələlər qaldırmalıdır.
Nazir təzə təyin ediləndə, tez-tez deyirdi ki, mənə problemlərdən danışın, məişət mövzusunda söhbətlər etməyin. Təhsilimizdə həqiqətən yüzlərlə köklü problemlər var. Mətbuatda da xeyliproblemlər qaldırılıb. Onlardan niyə danışmırsınız? Yoxsa, Sizə hələ də məlum deyil bu problemlər? Müəllimləri gözdən salan, "şaftalı belə gəldi, ailəvi şam yeməyi belə getdi, sinifdə şagirdlərin sayının keyfiyyətə təsiri yoxdur, dərslik məlumat kitabı kimi olmalıdır v.s." kimi elmi əsası olmayan fikirlərlə təhsildə çaşqınlıq yaradıb, elmə zidd müddəlarla bizləri heyrətləndirib, sonda da alimlərə hücuma keçmək istəyirsiniz?
ETN qadağalarla işləməli deyil.
ETN yeni imkanlar yaratmalıdır, problemlərin kökünü görməlidir, üstünə getməlidir, innovativ həll yolları təklif etməlidir.
Onsuz da ölkədə alim azdır. Bunlara da müxtəlif bəhanələrlə “qırmızı kart” göstərib deyəsən meydandan çıxartmaq istəyirsiniz? Meydanda kim qalacaq? Yoxsa, daha elm lazım deyil bu ölkəyə?
Ölkədə elm və təhsil bərbad haldadır, amma bunun günahı elm və təhsil adamlarında deyil. Günah bu sahələrin səriştəsiz idarəedilməsində, maliyyələşmənin ehtiyacdan dəfələrlə az olmasındadır.
Nəhayət. Elmi oğurluq təbii ki, pis haldır, amma daha pis hal 0 bu sahəyə ayrılan pulların təyinatdan yayınmaq, elm və təhsili ustalıqla çökdürməkdir.
"Paralel.az"