Marşal Jukovun dəfni-Kremlin urvatsız etməyə çalışdığı yolçuluğu
Ən yeni tarix. Maraqlı faktlar.
Marşal Jukovun dəfni – Kreml sərkərdənin son mənzilə yolçuluğunu urvatsız etməyə çalışıb.
Onun şəxsi nüfuzu dörd dəfə təltif olunduğu Sovet İttifaqı Qəhrəmanı adından, aldığı iki “Qələbə” ordenindən, sovet-alman müharibəsi zamanı İosif Stalinin 41 dəfə göndərdiyi rəsmi təşəkkürdən, digər orden və medallarından qat-qat üstün olub. Bu nüfuz müharibədən sonrakı illərdə Qələbə marşalının həm vəzifə karyerasına, həm də şəxsi həyatına problemlər yaradıb. İstər Stalin, istər Xruşov, istərsə də Brejnev bütün imkanlardan istifadə edərək, Georgi Jukovun nüfuzunu aşağı salmağa çalışıblar. Hətta marşalın dəfnində də SSRİ-nin hərbi və siyasi elitası marşala qarşı hörmətsizlik etməkdən çəkinməyiblər, siyasi qısqanclıq bu məqamda da özünü biruzə verib.
Georgi Jukov 49 il öncə bu gün, 18 iyun 1974-cü ildə 78 yaşında Moskvada, Qranovski küçəsində yerləşən kliniki xəstəxanada vəfat edib. O, öz ölümünü hələ altı ay əvvəldən bəyan edib.
13 noyabr 1973-cü ildə marşalı təcili olaraq həyat yoldaşının müalicə olunduğu xəstəxanaya çağıranda, o, məsələnin nə yerdə olduğunu anlayıb, yolüstü böyük bir gül dəstəsi bağlatdırıb. Palataya daxil olanda Jukov Qalina Semyonovanın nəşi qarşısında diz çöküb, gülləri onun sinəsinə qoyaraq astadan pıçıldayıb:
“Hazırlaşın, məni də dəfn edəcəksiniz, mən bu itkiyə dözməyəcəyəm...”
Həyat yoldaşının vəfatından sonra Jukovun həyatı tamamilə dəyişib. Bədbinliyə qapılan marşalı digər xəstəlikləri də üstələyib, növbəti dəfə infarkt keçirib. Onun müalicəsi ilə SSRİ-nin ən tanınmış həkimləri məşğul olublar. 1974-cü ilin may ayının sonunda Jukov kliniki ölüm keçirib. Ona süni nəfəs aparatı qoşulub. Həkimlərin iyirmi günlük cəhdləri heç bir nəticə verməyib. Bu günlər ərzində isə marşal sağ ola-ola Kremldə onun dəfninin necə olacağı qızğın müzakirələrə səbəb olub. Nəhayət, iyunun 18-də həkimlər süni nəfəs aparatını Jukovun 17 yaşlı qızı Mariyanın gözləri önündə söndürüblər.
Ölümündən öncə Jukov dəfələrlə doğmalarına Novodeviçye qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edib. O, nəşinin yandırılmasına qəti etirazını bildirib.
Bu vəsiyyət haqqında Mərkəzi Komitəyə məlumat verilsə də, yekun qərarı Brejnev verib. Belə ki, marşalın vəfatı günü qızı təcili atasının Sosnovkadakı bağına qayıdıb. Bağ evində Jukovun dövlət telefonu olub və o, bu telefonla birbaşa baş katiblə əlaqə yaratmaq imkanına malik olub. Mariya məhz bu telefon vasitəsilə Mərkəzi Komitənin bütün kabinetlərinə zəng vurub, Brejnevlə danışmağa da nail olub. Sonda isə bir cavab alıb: Jukovun necə və harada dəfn olunacağını dəfn komissiyası müəyyənləşdirəcək.
İyunun 18-də Jukovun nəşi olan tabut son görüş üçün sovet ordusunun mərkəzi evinə qoyulub. Adətən həmin illərdə vəfat etmiş yüksək ranqlı dövlət məmurları və hərbçilər ilə son görüş Ümumitifaq Mərkəzi Həmkarlar İttifaqının binasında keçirilib. Mərkəzi Komitə Jukovla son görüşü orduya məxsus binada keçirməklə, öz aləmlərində, marşalı “kiçildiblər”. Əslində Jukov təkcə hərbi xadim deyil, həm də siyasi xadim, Siyasi Büronun, Mərkəzi Komitənin üzvlərindən biri, keçmiş nazir olub.
İyunun 19-da Jukovun nəşi yandırılmaq üçün krematoriyaya aparılıb. Marşala qarşı növbəti hörmətsizlik bu prosedur zamanı olub. Marşalın nəşi səkkiz saatdan artıq krematoriyada qalıb. Qaydalara görə, bir marşalın nəşinin yandırılmasına digər marşal əmr verməli imiş. Aviasiya marşalı Rudenko isə krematoriyaya 8 saatdan sonra gəlib.
Krematoriya prosedurundan sonra marşalın yandırılmış nəşinin külü xüsusi qaba qoyularaq yenidən ordu evinə gətirilib və Jukovla son görüş mərasimi davam edib. Tədbir ciddi nəzarət altında keçirilib və məhdudiyyətlər qoyulub. Marşala son ehtiramını bildirmək istəyən on minlərlə insan içəri keçə bilməyib.
Jukovun vəfatı ilə bağlı yaradılan komissiyaya SSRİ müdafiə naziri Andrey Qreçko başçılıq edib. Dəfn iyunun 21-də keçirilib. Qreçko nitq söyləyib, Jukovun hərbi fəaliyyəti haqqında qısa və qısqanclıqla danışıb. Sonra marşalın yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib. Dəfn tədbirində çox açıq bir şəkildə hiss olunub ki, Kreml məmurları tədbirin tez sona çatması üçün tələskənlik göstərirlər. Sonralar isə rəsmi xronikadan yüzlərlə insanın Jukovun nəşi qarşısında diz çökdükləri səhnələri çıxarıblar.
İyunun 18-də və 19-da Jukovun keçmiş silahdaşları, bir neçə ayrı-ayrı kollektivlər Mərkəzi Komitəyə müraciətlər ünvanlayıblar. Onlar Qələbə marşalının Kreml nekropolunda yandırmadan, torpağa basdırılmasını xahiş ediblər. Brejnev bütün bu müraciətlərə rədd cavabı verib. Brejnevin Jukova bu cür münasibətinin səbəbini çoxları bilib. Brejnev hakimiyyətə gələndə baş katibin təbliğat aparatı marşala təklif edib ki, müsahibələrində, mətbuatdakı məqalələrində Brejnevin müharibə illərindəki fəaliyyətindən danışsın, hətta kimsə marşala təklif edib ki, uğurlu əməliyyatların birindən qabaq, guya ki, Jukov Brejnevdən məsləhət alıb və bu məsləhətin sayəsində də əməliyyat uğurlu keçib. Təbii ki, Jukov bu təkliflərin hamısını birmənalı şəkildə rədd edib, amma sonuncu təklif zamanı həmişə ciddi olan Jukov elə bir qəhqəhə çəkib ki, bir daha bu məsələ ilə bağlı heç kim ona müraciət etməyib.
Sovet dövründə xalqın sevgisini qazanmaq hər məmura qismət olmayıb. Jukov bu böyük səadəti yaşayıb. O, heç bir sovet liderinin qarşısında baş əyməyib. Əksinə, SSRİ-nin birinciləri ən dar məqamlarda marşala üz tutublar, ondan kömək umublar. Müharibə dövründə Stalin bütün ümidlərini ona bağlayıb, Xruşov Beriyadan xilas olmağına, 1957-ci ildə saray çevrilişindən qurtulmağına görə Jukova borclu olub, Brejnev Jukovdan təbliğatçı kimi istifadə edib, Jukov isə bütün bunlara rəğmən hər üçündən xəyanət görüb. Hamı marşalı siyasi səhnədən uzaqlaşdırmağa cəhd edib, hətta Jukovu həbs təhlükəsi də gözləyib, onun rütbəsini, təltiflərini geri almaq istəyiblər. Amma Jukovun xalq arasındakı nüfuzu bu çirkin planların həyat keçməsinin qarşısını alıb. Sovet liderləri, nəhayət, sonda dərk ediblər ki, Qələbə marşalının nüfuzuna ləkə gətirmək mümkün deyil.
İlham Cəmiloğlu
"Paralel.az"