Nənə və polis...
Nənə və polis...
Nənə, yoxsa baba?!. Babamı çox sevərdim, müdrik kişi idi, amma nənəm başqa aləmdi. Həm nənələrimiz, həm də babalarımız sevgi və ehtirama layiqdirlər. Amma nənə daha fədakar, ummadan və minnətsiz sevəndir. Dədə-babadan belədir - Azərbaycan anası və nənəsi nəslin-tayfanın, elin-obanın ağbirçəyidir, işığına sülalə toplaşar...
Nənələrin dünyası daha zəngin, daha sirli və daha rəngarəngdir. Babadan nağıl eşitməzsən, “Cırtdan”ı, “Ağ atlı oğlan”ı nənələr danışar və doğramacı padşahın süfrəsindəki quş südü sanarsan...
Nənə milli-tarixi populyasiyamızın önəmli faktoru, ekzistensal-mental bərəkətdir. Nənələr yeganə mübarək varlıqlardır ki, həm sentimental romantik, həm də ifrat realist-praqmatikdirlər, həm dözümlüdürlər, həm də prinsipial mübarizdirlər, çarə axtaran və tapandırlar...
Söyüdlü kəndində baş verənlər siyasi-iqtisadi-sosial aspektlərdən banal və üzücüdür. Milli-mənəvi kontekstdə isə situasiya adamı qara-qara düşünməyə vadar edir: polis bibər qazını sadəcə nənənin üzünə sıxmadı, küllən mənəvi-əxlaqi dəyərlərimizə, adət-ənənələrimizə, milli-insani kimliyimizə fısqırtdı. Qızıl mədəninin sianid turşusu gölünün ətrafı, insanları zəhərləməsi nənənin çöhrəsindən axan göz yaşının içimizi göynətməsinin yanında ümmanda damla misalında qaldı...
Polisin bədəməl davranışı heysiyyatımıza toxundu, bizi məyus etdi, amma bəlkə həm də qamçıladı. Dağlar qoynunda kəlağayılı nənələrimiz aydın səmada şimşək kimi çaxdılar: polis-icra başçı önündə mağmın qalmadılar, gördük ki, əzmli- iradəlidirlər, min bir sıxıntıya rəğmən diri-canlı-enerjilidirlər, dilləri də var, dilçəkləri də...
Nənələr yalnız aləmə səs salmadılar, zamanı da, Bakını da elə çalxaladılar ki, kimimiz yağ kimi üstə çıxdıq, kimimiz də ayranlıq olduq...
Qəzənfər Həmidoğlu
"Paralel.az"