Əsrin Karfageni mütləq dağıdılmalıdır!

Əsrin Karfageni mütləq dağıdılmalıdır!
 

Əsrin Karfageni mütləq dağıdılmalıdır!

Putin gərək ağzını bərk-bərk yumsun və heç açmasın. Adam ağzını açdıqca özünü daha dibə batırır. Çərşənbə axşamı günü Kremldə 18 hərbi müxbirlə keçirdiyi görüş bir daha Rusiya liderinin nə qədər qafil, bixəbər, qeyri-adekvat birisi olduğunu göstərdi. Adam sanki başqa paraleldə yaşayır.
Aralarında “WarGonzo”dan Semyon Peqovun da olduğu bu hərbi müxbirlər əslində hərbi cinayətkarlardır. Bir çoxu İkinci Qarabağ müharibəsindən sonra aradan çıxa bildi, amma Ukrayna çətin ki, onların yaxasından əl çəksin. Bu, başqa söhbətin mövzusudur və qayıdaq Kremldəki söhbətə. Şübhəsiz ki, həmin “voyenkorlar” adi hərbi müxbir, bloger və yutuber deyillər. Onlar səngərdə olur, döyüş yerlərindən keçirlər – yəni, cəbhədəki vəziyyəti ən azı Putin qədər bilirlər. Həm əcaib, həm də komik idi: RF prezidenti cəbhədən gələn “voyenkor”larla 3 saatlıq söhbətinin böyük bir qismində onlara cəbhədə nələrin baş verdiyindən danışdı.
Bir-birilərini əbləh yerinə qoymuşdular, yoxsa səhnəni birlikdə qurmuşdular? Putin Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumunun qarşısının uğurla alınmasından, Rusiyanın “yaxşı itki”, Ukraynanın “pis itki” verməsindən, “Leopard”ların ovlanmasından, işlərin “planauyğun” getməsindən danışır, hərbi müxbirlər isə ona dəvə nalbəndə baxan kimi baxırdılar. Yəqin ki, içlərində gülürdülər. Amma güman ki, o an şefin qafil söhbət-məntiqindən, qeyri-inandırıcı izahatlarından, zorən səmimi-sıcaq ünsiyyətindən, əlaqəsiz, qırıq-qırıq mülahizələrindən, naçar halından və tövrlərindən həm də anladılar ki, işlər yolunda getmir – yəni, vəziyyət ağlamalıdır. Hər halda bunlar Putinin nağıllarına inanacaq adamlar deyildilər, bunu sir-sirfətlərindən də sezmək olurdu...
Hərbi müxbirlərdən biri dövlət başçısına “xüsusi hərbi əməliyyat”ın hədəfləri ilə bağlı sual verir: “Siz dəfələrlə demişsiniz ki, xüsusi hərbi əməliyyatın gedişində Sizin şəxsən müəyyən etdiyiniz bütün məqsədlər əldə ediləcək. Xüsusi hərbu əməliyyat artıq uzun müddətdir gedir.Vəziyyət dəyişir, qaydalar dəyişir, yəqin ki, əməliyyatın hədəf və vəzifələri də dəyişir. Hədəflər dəyişibmi, dəyişibsə necə dəyişib?”
Putun başladığı müharubənin “denasifikasiya” hədəfi ilə bağlı əlaqəsiz və məntiqsiz şərh verdikdən sonra başlayır “demilitarizasiya”dan danışmağa, bu işlə “daimi, metodik məşğul olduqlarını” deyir: “USQ nə ilə vuruşur?v Onlar məgər “Leopard”, yoxsa “Bradley” və ya silahlanmalarına hələ girməyən “F-16” istehsal edirlərmi? Ни шиша они не производят (anlamı azərbaycancada senzuradankənar olduğu üçün ruscadan çevirmədik- Q.H.). Ukrayna HSK tezliklə mövcudluğunu dayandıracaq. Onlar nə istehsal edirlər? Silah-sursatı, texnikanı, hər şeyi onlar üçün gətirirlər. Bu, uzun sürməz, belə çox yaşaya bilməzsən. Beləliklə də, demilitarizasiya ilə bağlı məsələ olduqca praktik planda durur”.
Belə çıxır ki, Putinin hədəfi Ukraynanın yerli və köhnə silahlarını “demilitarizasiya” etmək imiş, xarici silahların isə mətləbə dəxli yoxdur. Ukraynaya dünyanın silahını veriblər, bəlkə də dünyanın 2-ci ordusu USQ-dir, Rusiya Ordusu rəzil günlərini yaşayır, tank lüləsinə qoymağa mərmi tapmırlar, Kremlin sahibi isə utanmadan Ukraynanı silahsızlandırmağı “praktiki bitirməsi”ndən danışır...
Daha əcaibi bu oldu ki, “Vaqner” özəl hərbi şirkətinin sahibi Priqojin Kremldəki bu görüşdən sonra Putinə qiyabi, amma açıq opponentlik etdi: “USQ-nin əks-hücumu uğurla gedir, ukraynalılar onu çox mükəmməl həyata keçirirlər, onların itkiləri çox azdır”...
Rusiyada könüllü və ya özəl hərbi dəstələr qeyri-qanuni fəaliyyət göstərirlər, Şoyqunun tələbi ilə iyulun 1-dək onlar RF Müdafiə Nazirliyi ilə müqavilə bağlamalıdırlar. Hərbi müxbirlərlə görüşündə Putin dolayısı ilə Müdafiə Nazirliyinin çağırışını dəstəkləsə də, Priqojin Şoyqunun tələbini rədd edir...
Putin rejiminin resurslarını artıq tükətdiyindən danışmaq hələ tezdir. Çox şey Rusiya-Ukrayna müharibəsinin nə qədər uzanmasından asılıdır. Amma Rusiya hakimiyyətində artmaqda olan intriqa və çəkişmələr bizi qəfil sürprizlərin şahidinə çevirə bilər.
Əgər əvvəllər Putin qurduğu rejimin başı, siması, əmiri, hər şeyi idisə, Şoyqu-Priqojin çəkişməsi, “Vaqner”- Rusiya ordusu qarşıdurması Putin sisteminin, qurduğu iyerarxiyanın çürüklüyünü ortaya çıxarmaqla Kreml sahibinin rejiminin baş aktoru olmasını sual altına saldı.
Putinin ağzını açması da onun əleyhinə işlədi. Müharibə başlayandan ruslar ondan düz-əməlli bir söz eşitmədilər, müharibəyə “müharibə” demədi, rus silahı əzildi, imici rəzil oldu, amma Putin hər şey “planauyğun gedir” dedi. Əgər Kremlin sahibi iyunun 13-də Kremldə “voyenkor”larla görüşdə olduğu kimi bir daha ağzını belə açsa, nağıllar uydursa, dünyada onsuz da imici bərbaddır, amma Rusiyada da olan-qalan hörmətini itirəcək. Baxmayaraq ki, putinizm bilavasitə raşizmin bəhrəsi, nəticəsidir, yəni, Putini özləri yaradıblar...
Kremldə savaşın hər üzünü görmüş hərbi müxbirlərə nağıl danışmaq savaşdakı uğursuzluqlar və əhalinin narahatlığı fonunda həm təbliğati, həm elektorata mesaj, həm də populyarlıq-imici bərkitmək anlamlarında mənasız bir şey oldu, patriotlar isə xeyli məyus oldular. Adam cəfəngiyyat danışır, bilmədiyi və ya unutduğu mövzulardan söz açırdı. Putinin yeganə çarəsi susması, ağzını açmamasıdır ki, intriqalarda tərəfsiz görünməklə bəlkə rejiminin ömrünü uzatdı.
Amma Ukrayna müharibəsi fonunda rejimin yırtıq corab kimi sökülə-sökülə getməsinin qarşısını Putinin susması da çətin ki, alsın. Rejimdaxili qruplaşmalar sadəcə atışmırlar, rejimin şefini saya salmadan atışırlar, Priqojin hətta məzələnir. Putin isə keçmiş aşpazının adını belə dilinə almır. Cinayətkardan əsgər düzəldən Priqojin füqurunun mövcudluğu əslində Putin avtoritarizminin çürüməsinin bir simptomudur. Bu necə “aşpaz”dır, hansı statusun sahibidir ki, rus generalitetinə meydan oxuyur, rus zabitini əsir götürür, amma Gerasimovdan Patruşevə və ya Medvedevə kimi kimsənin cınqırı çıxmır, aradabir yalnız Don-don Ramzan donquldanır. Yeri gəlmişkən, Priqojin internetin rus seqmentində populyarlıq dinamikasına görə Putini 2 qat geridə qoyur...
Bu mənzərə və Putinin mövcud siyasi portreti fərqli, hətta diametral zidd təssüratlar yaradır:
-Öz avantürist iddia və hikkəsi ilə Rusiyanın Ukraynada başını bəlaya salan Putinin Kremldə hökmranlığı artıq formallaşır, o, əvvəlki kimi hər şeyə nəzarət edə bilmir, verdiyi qərarlara ya əməl edilmir, ya da onlardan bir fayda hasil olmur;
-ən başlıcası, özü üçün qurduğu illüzor dünyada məskunlaşıb - artıq heç nə anlamır və ya baş verən proseslərə adekvat münasibət sahibi deyil;
- yalnız nəhəng resurslara sahib olması Rusiyanın müharibə aparmaq imkanlarını saxlayır, lakin bir tərəfdən USQ-nin hücumu, digər tərəfdən Putinin ambisiya və səhv hərəkətləri bu resursları tükətməklə Kreml rejiminin sonunu yaxınlaşdırır.
-Priqojin bağırır, Şoyqu susur, Putin tamaşa edir – sistem silkələnir. “Vaqner”in patronu Şoyqunun idarəsini korrupsiyada, generalitet “aşpaz”ı qeyri-qanuni fəaliyyətdə suçlayır. Rejim kriminal mahiyyətini ortaya tökür. Putin gerçəkdən bacarmır, yoxsa “ölüvay” roluna girib? Görünür, Putin Priqojinlə Şoyqu arasında seçim edə bilmir. Şoyqunun Müdafiə Nazirliyi döyüşə bilmir, Priqojinin “Vaqner”i qeyri-qanuni olsa da, döyüşməyi az-çox bacarır. Amma bu, yalnız hərbi deyil, həm də siyasi məsələdir. Hərbi baxımdan Priqojin lazımdır. Amma daxili siyasət baxımından “Vaqner”in mövcudluğu, hansısa “aşpaz”ın müdafiə nazirini küçə söyüşləri ilə təhqir etməsi Putin rejiminin 20 ildir qurduğu, onun dövlətə fetişist yanaşmasının özülündə duran hakimiyyət vertikalını sındırır. Putinin “dilemma”sı uzandıqca sistem tam iflicə girəcək...
Artıq Kreml pəncərələrindən Rusiyanın üfüqləri işıqlı görünmür. Rusiyanın müstəqil “Verstka.media” nəşri yazır ki, məmurlar arasında spirtli içki qəbulu artıb: “Prezident Administrasiyasında əvvəllər heç də hamının günü bir stəkan araqla başlamazdı, indi bir çoxu günə stəkanla deyil, butulka ilə başlayır. Hətta yüksəkvəzifəli qadın məmurlar da heç kimdən çəkinmədən işdə içirlər”.
Tanınmış siyasi texnoloq, Kremlin eks-spiçrayteri Abbas Qallyamov Rusiyanın hakimiyyət dəhlizləri üçün spirtli içki içməyin adi hal olduğunu deyir: “Əvvəllər səhərlər içmirdilər, amma axşamlar periodik olaraq belə şeylər olurdu. İndi səhərdən içməyə başlayıblar. Aydındır, sərxoş üçün dəniz dizindəndir. Hər yerdən dəhşət yağır, Ukraynada uduzurlar, o biri tərəfdən Haaqa məhkəməsi. Kreml administrasiyası nə qədər amoral publika olsa da, kütbeyinlərdən ibarət deyil, hər cür təbliğata rəğmən onlar nəyin nə olduğunu bilirlər. Ovqatları bərbaddır, depressiya içindədirlər. Gələcəkləri barədə düşünməkdən çəkinirlər – üfüq onları qorxudur. Alkoqol onları qaranlıq haldan çıxarır, cəsarətləndirir... Medvedev bunun tipik nümunəsidir...”.
Qədim Roma sərkərdəsi və dövlət xadimi Mark Porsi Katon-Böyük Karfagenin barışmaz düşməni idi. Plutarx “Böyük Katonun həyatı” əsərində yazır ki, Mark Porsi Roma Senatında hansı mövzuda çıxış edir-etsin, nitqini həmişə bir fraza ilə bitirərdi: “Bundan başqa, mən düşünürəm ki, Karfagen mütləq dağıdılmalıdır”.
Mark Porsi vurğulamaq istəyirdi ki, başladılan iş sona çatdırılmalıdır, Karfagenlə əbədi döyüşmək Romaya ağır itkilər gətirəcək. Bu ifadə indi də ilkin anlamını saxlayır, həm də mütərəqqi və vacib olana əngəl yaradan bəladan qurtulmaq, özü də erkən qurtulmaq fikrini özündə ehtiva edir.
Bəndəniz İkinci Qarabağ müharibəsindən bu yana birbaşa Putin barədə 100-dən artıq yazı çızıb-pozub, başqa mövzularda yazdıqlarımın əksəriyyətində də Kremlin sahibinin adı keçib və ya da katonsayağı yad edilib: Kreml mütləq dağıdılmalıdır!
Təbii ki, söhbət fiziki vurub dağıtmaqdan, Qızıl Orda xanı Toxtamış kimi Kremli yandırmaqdan və ya Krım xanı Dövlət Girey kimi Moskvanı viran etməkdən deyil, Rusiyanın imperiya ehtiraslarının əbədi söndürülməsindən gedir...

Qəzənfər Həmidoğlu,

"Paralel.az"

0.033154010772705