BMT: Dünyada qaçqınların sayı 110 milyona çatıb

BMT: Dünyada qaçqınların sayı 110 milyona çatıb
 

Birləşmiş Millətlər Təşkilatı dünya boyu 110 milyon insanın evini tərk etmək məcburiyyətində qaldığını bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komisarı Filippo Qrandi çərşənbə günü Cenevrədə jurnalistlərə bildirib ki, 2022-ci ilin sonuna qədər 108,4 milyon insan müharibə, təqib və ya insan haqlarının pozulması səbəbindən evini tərk etməli olub ki, bu 19 milyon nəfər artım deməkdir. Qrandi qeyd edib ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya işğalı rekord həddin əsas səbəbi olub.

Sudanda səkkiz həftədir davam edən və 2 milyon insanın didərgin düşməsinə səbəb olan münaqişə indi rəqəmi 110 milyona yüksəldib.

Bu rəqəmlər BMT Qaçqınlar üzrə Ali Komisarlığının dünya üzrə məcburi köçkünlərlə bağlı illik hesabatının bir hissəsidir. Qrandi köçkünlərin 35 milyondan çoxunun beynəlxalq sərhədləri keçərək, təhlükəsiz yerə qaçdığını, daha 62 milyonunun isə ölkə daxilində köçkün olduğunu bildirib. Onun sözlərinə görə, 2022-ci ildə vətəndaşlığı olmayan və ya mənsubiyyəti müəyyən edilməyən şəxslərin sayı 4,4 milyon nəfərə yüksəlib.

O, həmçinin bildirib ki, aşağı və orta gəlirli ölkələr zəngin ölkələrdən daha çox köçkün qəbul edir.

"Paralel.az"

0.037286996841431