Vicdan haqqı düz deyirəm - Onu itirənlərin vay halına
Belə nəql edirlər ki, Mirzə Fətəli Axundzadənin ömür-gün yoldaşı Tubu xanım günlərin birində evin xalçasını günə vermək üçün eyvandan asır. Mirzə Fətəli də həmin vaxt eyvanda dayanıb küçəni seyr edirmiş. Birdən gözü küçədən keçən bir dilənçiyə sataşır. Tubu xanım eşitməsin deyə, əlinin işarəsi ilə dilənçini eyvanın aşağısına çağırır və xalçanı eyvandan aşağı salır. Xalça yerə düşür. Mirzə yenidən əlinin işarəsiylə dilənçiyə xalçanı götürüb qaçmasını anladır.
Bu hekayəni eşidəndə ağlıma ilk gələn fikir bu oldu. Deməli, Mirzə Fətəlinin dilənçinin durumunu düşünərək vicdanı sızlayıb və ona rəhmi gəlib. Ki, bu hissin də adı Allah rəhmi ilə dolub daşan vicdandır. Həmin məqamda Mirzə Fətəli dilənçinin aclığına, səfalətinə az da olsa, yardım etməyə çalışıb, Allahın mizan tərəzisində, rəbbi qarşısında rahatlıq tapmaq üçün, vicdanına hesab vermək üçün...
Deyilənlərə görə, Mirzə Fələti Axundzadə ateist olub, yəni dindən imtina edibmiş. Lakin məşhur antropoloq Teylorun fikirlərinə istinad etsək, hər bir ateist təhtəlşüurda dinçidir. Yəni belələri özünü Allahsız adlandırsa da, şah damarımızdan bizə yaxın olan rəbbindən, daha dəqiq desək, vicadanından heç yerə qaça bilməzlər. Bəlkə də, bu səbəbdəndir ki, ateistlər Allahın adına deyil, vicdana and içməyə üstünlük verirlər. Vicdana and içmək Sovet dövründə dəb halını almışdı. Çox insan "vicdan haqqı" ifadəsindən istifadə edərdi. Deməli vicdanlı olanların sayı çoxuymuş ki, and içməyə də yerləri olub. Bəs indi, o keyfiyyət sahiblərindən yenə varmı? Məncə bunu hamımız bilirik, gündən-günə bu keyfiyyətlərdən kasad doğulanların sayı artır. Ən pisi də odur ki, onlar hər yerdədirlər - avtobus sükanı ardından tutmuş, ən yüksək postlara qədər. Onları axtarmağa ehtiyac yoxdu, uzaqda deyillər, hara baxsan görünürlər. O qədər yaxındılar ki, səbirsizliklə gözlədiyimiz barlı-bəhrəli yay fəslinin bol nemətlərini doya-doya yeməyi bizlərə rəva bilmirlər. Kənd təsərrüfatı məhsullarının cib yandıran qiymətləri buna əyani sübutdur. Yay qiymətləri qışdakından az fərqlənir.
Bu insafsızlığı müşahidə etdikcə adam mat-məətəl qalır. Vəziyyətə qarşı çıxanlar da yoxdu daha. Hamı durumla razılaşıb sanki. İnsanlar yorulub, daha dillərilə deyil, üzlərinin ifadələriylə bildirirlər narazılıqlarını. Anam demişkən daha dükan-bazardan ürəkli, şahrazı yerişlə geri dönən yoxdu, insanların yerişi, hərəkəti, forması belindən sümük düşmüş adamın fizianomiyasını xatırladır. Bir sözlə, danışmaqdan yornuq düşmüş xalqın vəziyyəti uşaq vaxtı evcik-evcik oynayıb, oyunun sonunda dartışıb, yaxalaşıb, dalaşıb, yorulub bir kənara çəkilərək küsüb oturmuş vaxtlarımızı xatırladır. Bu aciz, acınacaqlı durumu küçədə, yolda, izdə demək olar ki, hər gün müşahidə edirəm. Hər zaman olduğu kimi, bu yay da narazılıqlara göz yuman, sahib-KARlar, korlar, səlahiyyət sahibləri məhsul bitəndən sonra üzə çıxacaqlar.
Bineyi-qədimdən yay fəslinə kasıbın fəsli deyiblər. Ucuz geyim-kecimdən tutmuş kommunal sərfiyyatına qədər, yemək-içməkdən tutmuş istirahət anlarına qədər, hər baxımdan kasıba sərf eliyən fəsil yaydı. Kasıb baba pomidor, xiyar, bir az da pendirlə qarnını doyurmaq üçün gözlədiyi yayı hər il peşimanlıqla qarşılayır. Bax, belə yerdə deyiblər, dərdimizi dağa yükləsək dağ əriyər - 9 iqlimli ölkədə yaşayasan, 30- 40 dərəcə istidə asfalta belə, düşən toxum 3 günə bar verə, durub bu şəraitdə, bu coğrafiyada yaşayanlara Allahın pomidorunu 2-3 manata satasan. Bunun adı ən yumşaq formada desək insafsızlıqdı. İnsanların yay məhsullarından qarın dolusu yeməklərinə mane olan hər türlü oyunlardan çıxmaq uğrunda yarış gedir işıqlı, gözəl paytaxtımızda. Kəndlərdən 20 qəpiyə alınan məhsul cəmisi 250-300 km məsafəyə gəlib şıxanadək 5 maklerin (işbazın) süzgəcindən keçir, Bakıya gəlib çatanda 2.50 manat olur. Qurduqları bu oyunbazlıq şəbəkəsindən arada əziyyət çəkən isə bizlərik. Onsuz da kasıb əlin mer-meyvədən üzüb, barı qoyun tərəvəzimizi yeyək də. Bütün bu oyunların hamısı bilirsiz nəyə xidmət edir? Saxta hesabata - “ixracımız artıb” demək üçündür bu oyunlar.
Hesabat verin, buna qarşı deyilik, amma əvvəlcə imkan verin şəffaflıqla daxili bazar təmin edilsin, yüksək qiymətə məhsul almağa məcbur olmayaq, ondan sonra nə qədər ixracatdan danışırsınız danışın.
Bu tələblərimizi yerinə yetirmək üçün dövlətimizin hər cür imkanı var. Məmur barmağı olmasa, istənilən vaxt kəndlərdə torpaqda əlləşib kömür kimi yanmış fermerlərdən, istənilən qədər kənd təsərrüfatı məhsulunu alıb ehtiyatda saxlamaq, qışda və digər fəsillərdə bazara buraxmaq imkanı olan bir ölkədə yaşayırıq. Məhsul o qədər çoxdur ki, nə qədər ixracatda bulunsaq, yenə də daxildə qiymətlərin bahalaşdırılmasının qarşısını almaq mümkündür, yetər ki, buna istək olsun. Amma bir qrup insan bunu istəmir, onlara sərf eləmir. Yuxarıda qeyd etdiyim kimi, onlar sanki startda durublar. Nə zaman dövlət səviyyəsində qərar verilir ki, əməkhaqları məsələn, gələn ay artacaq, qərardan 1 saat sonra qiymət artır. Gələn ay artacaq əməkhaqqının heyifini bəribaşdan çıxırlar insanlardan. Bu həmişə belə olub, maaş artırılan kimi, bundan sui-istifadə edən sahibkarlar da məhsulları bahalaşdırır. Daha durub deyən yoxdu ki, a balam hələ artan pul gələn ay daxil olacaq e cibimizə, almadığımız pulun heyifini bəri başdan niyə çıxırsınız bizdən?
Kimsə də imana gəlib deyirsə gəlin, əvvəlcə daxili bazarı qorumaq üçün qiymətləri stabilləşdirək, bundan sonra ixracı həyata keçirək, ya onun səsini bir yolnan kəsirlər, ya şərləyib işindən uzaqlaşdırırlar. Bunlar anlamırlar ki, xalq ixracın əleyhinə deyil. Xalqın içində başı bu işlərdən çıxan o qədər savadlı insanlar var ki... Kim istəməz onun yaşadığı ölkəyə daha çox valyuta daxil olsun? Niyə bunu bilə-bilə insanları narazı salmağa çalışırsınız? Məgər özünüz də bu ölkənin vətəndaşı kimi dükan-bazara getmirsiniz, bazarlıq edəndə bahalığı hiss etmirsiniz? İlin-günün bu vaxtı 3 manata pomidor olar? Əlacımız yenə arzulara qalsın deyirsiz? Görün, nə qədər sadəlövhük ki, müvafiq dövlət qurumlarının bu işlə məşğul olub daxili bazarda qayda-qanun yaradacağına hələ də ümid edirik.
Yuxarıda vicdandan danışmışdım. Demək istədiyim bu idi ki, onu itirənlərin vay halına. Kasıb babaya zülm etməyə hesablanmış bu qiymət oyunundakı oyunçular bunu harda itirdiklərini özləri yaxşı bilirlər. Hər cür əyrilikdən, murdarlıq və küfrdən uzaq olan o dəyərə qovuşmaqda gec qalmayın. Dininizdən, təriqətinizdən asılı olmayaraq, içinizdə daşımağa borclu olduğunuz o dəyər Allahın özüdür! Ondan uzaq düşməksə axmaqlıqdır. Vicdanlı olun!
Hamıya həyatda Azad Vicdan işığında yaşamaq, yaratmaq arzusu ilə!