Ölkənin 2-ci ən böyük şəhərinin sahibkarları "Açıq mikrofon"da müraciətlərini ünvanladı
SOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" növbəti dəfə qədim Gəncə şəhərinin sahibkarları üçün təşkil olunub. Aksiyada ilk olaraq Gəncə RQİİ-nin rəisi çıxış edərək sahibkarların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını bildirib.
"Paralel.az" xəbər verir ki, daha sonra KOBİA-nın nümayəndəsi sahibkarlar üçün yaradılan bu cür platformaları yüksək qiymətləndirib. Mikrofon önünə çıxan 10-a yaxın sahibkar müraciətini ünvanlayıb. Sahibkarlar sayğacların yenisi ilə əvəzlənməsini, debitor borcun ödənilməsində güzəştlərin edilməsini və qaz sayğaclarının dövrü yoxlamasının regiona yaxın ərazilərdə aparılmasını xahiş ediblər. Görüşdə səsləndirilən problem və təkliflər araşdırılması üçün qeydiyyata alınıb.