Qaraciyəri təmizləyən içkilər

Qaraciyəri təmizləyən içkilər
 
Orqanizmdəki ən mühüm orqanlardan biri sayılan qaraciyər yanlış qidalanma vərdişləri üzündən zamanla öz funksiyasını yaxşı yerinə yetirə bilmir. Qaraciyərin əsas vəzifələri bunlardır: maddələr mübadiləsini normaya salır, qanı təmizləyir, vitaminləri sorur. Daha sağlam bədənə sahib olmaq üçün bütün bunların yerinə yetirilməsi vacibdir. Çünki qaraciyər xəstəliklərinin müalicəsi olduqca çətin və ağrılıdır. 
 
Unutmayın, orqanizmdəki hər orqanın hansı vəziyyətdə olmasına biz özümüz cavabdehik. Bu məsuliyyəti dərk edən insanlar həkimlərə və dərmanlara ehtiyac duymur. Ömrünün sonuna qədər sağlam və gümrah yaşayır.
 
"Paralel.az" bu yazıda qaraciyəri təmizləyən, müxtəlif xəstəliklərdən qoruyan təbii içkilərin siyahısını təqdim edir:
 
Möcüzəli yaşıl çay
 
Yaşıl çay qaraciyər yağlanmasının qarşısını alan içkilərin siyahısında liderdir. Tərkibindəki katexin sayəsində qaraciyərdə yağ yığılmasının qarşısını alır. Yatmazdan əvvəl bir fincan yaşıl çay içməyi vərdiş halına gətirərək qaraciyərin funksiyalarını yerinə yetirməsinə kömək edə  bilərsiniz.
 
Ləzzətli resept: alma suyu
 
Qaraciyəri qorumaq istəyirsinizsə, öd kisəsinin də qeydinə qalmalısınız. Öd kisəsi daşlarını əritmək, qara ciyəri infeksiyalardan qorumaq və təbii detoks üçün alma suyu için. Almanın tərkibində olan turşular öd kisəsi və qaraciyər üçün olduqca faydalıdır. Təbii alma suyunu eyni dərəcədə limon suyu ilə qarışdırıb ləzzətli içki hazırlaya bilərsiniz.
 
Özü acı, faydası şirin: qreypfrut şirəsi
 
Qış aylarında bütün mağazalarda asanlıqla tapılan qreypfrut qaraciyərin ən sədaqətli dostudur. Qreypfrut suyuna: sarımsaq, zəncəfil kökü, limon, zeytun yağı əlavə edərək həm ləzzətli, həm də çox sağlam içki hazırlayın. Bu içki qaraciyəri təmizləyir, limfa sistemini möhkəmləndirir.
 
Min bir dərdin dərmanı: qarağat şirəsi
 
Qarağat tərkibindəki vitamin, mineral və antioksidantlar sayəsində əsl sağlamlıq anbarıdır. Bu bitki qaraciyəri təmizləyir, immunitet sistemini gücləndirir. Qarağatı, kərəviz sapını, kiçik xiyarı, qırmızı alma və yaşıl armudu blenderdə yaxşıca qarışdırın. Bu möcüzəli içkini 5 gün ərzində mütəmadi olaraq için. Qaraciyəri təmizləyən bu içkini hər gün təzə hazırlamaq faydalıdır.
 
Qızıldan qiymətli: yerkökü suyu
 
Yerkökünün tərkibindəki A, B, C vitaminləri, kalsium, fosfor və kalium qaraciyəri zərərli maddələrdən təmizləyir. Yerkökü, xiyar və kərəviz sapını mikserdə qarışdırın. Bu içkini hazırlayan kimi için, çox saxlamaq olmaz.
0.01718807220459