Türkiyənin yeni seçilən Xarici İşlər Naziri Hakan Fidanla bir şəkilin tarixçəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Nazirlər Kabinetini açıqladı.Yeni kabinetdə vacib dəyişikliklərdən biri də xarici işlər naziri Hakan Fidanın təyinatı oldu.
Hakan Fidan Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəisi vəzifəsində çalışıb. Hakan Fidanla bağlı paylaşılan xəbər görüntülərinin içərisində onun Azərbaycanlıların və digər Türkdilli alqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovla bir tədbirdə olan görüntüsü yayılıb. Bir çox dostlarımızın marağına səbəb olan bu tədbirlə bağlı məlumat verməyi özümə borc bildim.
2010-cu ildə mayın 26-da Ankarada Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzilə (TÜRKSAM) birgə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Dağlıq Qarabağ probleminin həllində Türkdilli Dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması” layihəsi çərçivəsində Beynəlxalq Konfrans keçirdi.
Tədbirdən bir gün sonra isə İlham İsmayılovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti olaraq 28 may – Respublika günü münasibətiylə Azərbaycanın Türkiyə Cümhuriyyətindəki böyükelçiliyinin düzənlədiyi rəsmi ziyafətə qatıldıq.
Rəsmi ziyafətdə Türkiyə Cümhuriyyətinin rəsmiləriylə yanaşı, Türkiyə Cümhuriyyətinin eski Cümhurbaşkanı Süleyman Dəmirəl, millət vəkilləri, Türkiyədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri və sivil toplum kuruluşlarının nümayəndələri də iştirak edirdi.
Rəsmi ziyafətdə ATXƏM-in sədri İlham İsmayılov Türkiyə Cümhuriyyətinin eski Cümhurbaşkanı Süleyman Dəmirəl, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və TÜRKSAM başkanı Sinan Oğanla da görüşərək, fikir mübadiləsi apardılar.
Süleyman Dəmirəl Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığına xüsusi önəm verdiyini vurğulayaraq, bu əməkdaşlığın daha da dərinləşməsi üçün öz tövsiyyələrini verdi.
Qeyd edim ki, Hakan Fidan həmin toplantıya bir bürokrat olaraq qatılıb və Azərbaycanın bayram tədbirində iştirak edib. Kadrlar məhz həmin tədbirdə lentə alınıb.
Hakan Fidanın bu gün Xarici İşlər Naziri təyin oluması onu diqqət mərkəzinə gətirib və bu maraq da ordan yaranıb.
Bununla belə Hakan Fidanı Türkiyənin Xarici İşlər Xaziri seçilməsi münasibətilə təbrik edir, ona uğurlar arzu edirik. İnanırıq ki, xarici siyasətdə Türk dünyası üçün faydalı olacaq, Türkiyənin xarici siyasətdə artan nüfuzunu daha da irəliyə aparacaq.
İlqar İlkin
ATXƏM-in icra katibi