Cənab nazir, 6 saylı Cəzaçəkmə Müəssisəsində 1800 məhkumun həyatı təhlükə altındadır - Həyacan təbili
Paralel.az xəbər verir ki, “Hüquqları pozulmuş məhkumların müdafiəsi” İctimai Birliyi tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub.
Birliyin sədri Böyükağa Abdullayev, təsisçilər, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov və Əliabbas Rüstəmov tərəfindən Fövqəladə Hallar naziri Kəmaləddin Heydarova ünvanlanan məktubu olduğu kimi dərc edirik:
“Cənab nazir!
Bir necə gün bundan öncə KİV vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində, müəssisəsnin rəisi, Baş Nazirin sabiq müavini Abid Şərifovun qızının əri, ixtisasca həkim olan, cərrah-cəllad Məmməd Mahmudov tərəfindən hər ay rüşvət və korrupsiya yolu ilə 6 milyon manat toplanıldığı barədə Cənab Prezident İlham Əliyevə və aidiyyəti orqanlara rəsmi məlumat vermişdik. Həmçinin 6 saylı Cəzaçəkmə Müəssisəsində yığılan 6 milyon manat barədə gələcəkdə cənab Prezidentə ətraflı məlumat vermək məsuliyyətini öz üzərimizdə saxladığımızı bəyan etmişdik.
Hörmətli nazir!
İctimai Birlik 6 saylı Cəzaçəkmə Müəssisəsində korrupsiya və rüşvət yolu ilə toplanan 6 milyon manat barədə araşdırma apararkən, müəyyənləşdirmişdir ki, Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum edilmiş 1800-ə yaxın məhkum cəza cəkir. Cəzaçəkmə Müəssisəsimndə baş verəcək hər hansı bir fövqaladə hadisənin, yanğının qarşısını almaq, məhkumların həyatını xilas etmək üçün Müəssisədə Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Baş İdarəsi tərəfindən hər cür avadanlıqlar quraşdırılmışdır. Müəssisədə 2 ədəd yanğınsöndürən maşın və yanğın sondürmə avadanlıqlarının saxlanıldığı ambar, bina var.
Cənab nazir!
İctimai Birlik Cəzaçəkmə müəssisəsində törədilən olaylarla bağlı araşdırma apararkən müəyyənləşdirib ki, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Baş İdrəsi tərəfindən Cəzaçəkmə müəssisəsində baş verəcək hər hansı bir yanğın hadisənin qarşısının alınması üçün avadanlıqlar quraşdırılmış bina Cəzaçəkmə Müəssisəsinin rəisi "cəllad Məmməd" ləqəbi ilə tanınan Məmməd Mahmudov tərəfindən 7 ildən artıq bir müddətdir boşaldılıb. Bina arakəsmələrlə otaqlara bölünərək, evro-təmir edilib və pullu məhkumlara icarəyə verilib. Hazırda hər hansı bir fövqaladə hadisə baş versə, biləsin ki, 1800 məhkumun həyatı təhlükə altındadır.
İctimai Birlik müəyyən edib ki, kasıb məhkumlar yaşayış massivindən çox uzaqdadırlar, “Pajarnı”nın binasında yaşayan 40 nəfər pullu məhkumun hər birindən isə, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov ayda 3000 manat pul alır. Bu, bir ayda (40 x 3000 manat) 120 000 manat rüşvət deməkdir.
Bundan başqa, İB müəyyən edib ki, Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumların hər birindən, öncədən, “Pajarnı” binasına düşmək üçün birdəfəlik 10 000 manat pul alıb. Bu isə o deməkdir ki, Müəssisənin rəisi Məmməd Mahmudov məhkumlardan (40 məhkum X 10.000 manat) 400.000 manat qabaqcadan alıb.
Cənab nazir!
Aydın məsələdir, məktubla tanış olub, deyəcəksiniz ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovun məhkumlardan, rüşvət yolu ilə ayda 6 milyon manat pul toplamasının Fövqaladə Hallar Nazirliyinin rəhbərliyinə nə aidiyyəti var?!
Lakin İB müəyyən edib ki, “Pajarnı”nın binasında yaşayan məhkumlardan ayda yığılan 120 000 manat pul, müəssisənin əməkdaşları və məhkumların ötürdükləri məlumatlara görə, FHN rəhbərliyinə çatdırıldığı bildirilir. Hətta həmin pullu məhkumlardan biri aylığı gecikdirərkən, FHN-nin rəhbərliyinin adı ilə məhkumu binadan çıxarmaqla hədələnir.
Bir sözlə, bina yanğınsondürənlərin binası adı ilə məhşurlaşdığı üçün, Məmməd Mahmudov ayda yığılan 120 min manat rüşvəti, Sizin rəhbərlik etdiyiniz FHN-nin adı ilə bağlayır.
Hörmətli nazir!
İB müəyyənləşdirib ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ədliyə Nazirliyi tarixində yeganə rəisdir ki, “Pajarnı” adı ilə məhşur olan binanı böşaldaraq, məhkumlara icarəyə verib.
6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi yeganə rəisdir ki, “Pajarnı”nın binasını boşaldıb və binanın təyinatını dəyişdirib, binada yaşayan məhkumlardan ayda aldığı 120 000 manat pulu FHN rəhbərliyinə çatdırıldığını bildirir.
Məmməd Mahmudov yeganə rəisdir ki, hər ay yanğınsöndürən maşınlara təmir, yanacaq adı ilə xeyli miqdarda pul vəsaiti silməsinə baxmayaraq, 2 yanğınsöndürən maşından biri işlək vəziyyətdə deyil.
Cənab nazir!
Cənab Prezidentin çağrışına qoşularaq “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi“ İctimai Birliyini təsis etmişik. Amalımız Korrupsioner, rüşvətxor məmurlar barədə Prezidentə məlumat verməkdir. Mübarızə üçün çıxdığımız bu yol korrupsioner, rüşvətxor məmurlarla çətin, təhlükəli olmasına baxmayaraq, aparaçağımız bu mübarızə korrupsioner, rüşvətxor məmurlara qarşıdır, hər an həyatımız bahasına başa gələ bilər. Hətta canımız-qanımız bahasına başa gəlsə belə, bu yoldan geriyə çəkilən deyilik.
Hörmətli nazir!
Məmməd Mahmudovun “Pajarnı”nın binasını boşaltdırması, imkanlı məhkumlara verməsi, ayda binada qalan imkanlı məhkumlardan 120.000 manat pul yığması, danılmaz faktdır və heç bir subuta ehtiyac yoxdur.
Bütün yuxarıda qeyd etdiklərimizə baxmayaraq, Siz yeganə nazirsiniz ki, adınız və rəhbərlik etdiyiniz nazirliyin adı bu günə kimi heç bir Korrupsiya və Rüşvət qalmaqallarında hallanmamışdır. Ona görə də, rəhbərlik etdiyiniz Nazirliyin adının, Baş Nazirin sabiq müavini Abid Şərifovun qızının əri, Məmməd Mahmudov tərəfindən qanunsuz əmməllərdə hallandırılması barədə KİV-ə və dövlət başçısına məlumat verməmişdən öncə, şəxsən Sizə müraciət etmək qərarına gəldik.
Sizdən xahiş edirik ki, cəza çəkən 1800 nəfər məhkumun təhlükədə olduğunu nəzərə alıb, səlahiyyətiniz daxilində qanunamüvafiq tədbir görüb, 6 saylı Cəzaçəkmə Müəssisəsində baş verə biləcək fəlakətin qarşısını almaq üçün tədbir görəsiniz.
Qabaqcadan minnətdarlığımızı bildiririk”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.