Mayın 31-i Oqtay Zülfüqarovun 94 illiyidir...

Mayın 31-i Oqtay Zülfüqarovun 94 illiyidir...
 

Bizim məhəllənin uşaqları çox nadinc idilər. İndi yazıçı kimi şöhrət qazanan Varis Yolçuyev də bizim məhəllədə böyüyüb, Allah şahididir. Heç vaxt dinc oturmazdıq, hər gün bir məcara, hər gün bir hoqqa çıxarardıq. O vaxtlar hamı ermənilərlə mehriban dolananda, biz, yaşadığımız Sumqayıtın 8-ci mikrorayonundakı 10-cu binanın qarşısında ermənilərə göz verib, işıq vermirdik. İndi sakit, təmkinli olmasına baxmayın, Varis aramızda ən dalaşqan uşaqlardan biri idi. Erməni dığalarına qan uddururdu. Yaxşı yadımdadır, ermənilər bir halda məhəllədə rahat gəzirdilər. elə ki, televizorda “Tumurcuq” verilişi başlayırdı, biz hamımız çəkilirdik evlərə, düz yarım saat həmin verilişə baxırdıq. Sonra da yenə də həmin koordinat, həmin dalağa...

Demək olar ki, bütün məhəllə uşaqları Oqtay Zülfüqarovun pərəstişkarları idi. “Tumurcuğa” xüsusi zövqlə baxır, həyətə düşüb verilişi müzakirə edirdik. Oqtay Zülfüqarov uşaqlar üçün silsilə mahnılar yaradıb, bu verilişdə nümaiş etdirirdi. O dövrün ən gözəl uşaq verilişi də elə “Tumurcuq” idi. Oqtay müəllimin yaradıcılığı bununla bitmirdi. Onun “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da izləmişdik. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediyasından da xəbərimiz var idi. Bilirdik ki, böyük simfonik orkestr üçün yaratdığı “Şənlən mənim xalqım” uvertürası Moskvada laureat adına layiq görülmüşdü...

Heç şübhəsiz ki, Oqtay müəllim böyük insan idi. O, ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etdi. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşdığından, zaman-zaman azyaşlılar üçün şən, gözəl mahnı nümunələri yaratmağı bacardı və neçə-neçə nəsil bu mahnılarla böyüb. Bəli, Oqtay Zülfüqarov Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi adını tarixə yaza bildi. O, 31 avqust 2016-cı ildə 87 yaşında ikən vəfat etdi. Unutmamışıq, onu bu xidmətlərinə görə II Fəxri Xiyabanda dəfn etdilər.
Yaşasaydı mayın 31-də 94 yaşı tamam olacaqdı. Biz- bir vaxtlar eyni məhəllədə böyüyən “Tumurcuq” sevərlər indi də onu xatırlayır, ehtiramla yad edirik. Ruhu şad olsun!

Elman Eldaroğlu

"Paralel.az"

0.015900135040283