Nikbinliyə əsas varmı? - Dos. İlham Əhmədov yazır...
Elm və təhsil naziri E.Əmrullayev mətbuatla ünsiyyəti çox sevir. Tez-tez saytlarda, telekanallarda, müxtəlif tədbirlərdə təhsilin vəziyyəti barədə fikirlərini bölüşür, KİV-lər də öz növbəsində bunu paylaşır.
Təhsil ictimaiyyətı bu məlumatların əsasında təhsildəki islahat prosesini izləyir. Amma verilən müsahibə və bəyanatlarda problemlərin qoyuluşu, onların müzakirəsi, həlli perspektivləri haqqında fikirlərə çox az rast gəlinir. Bu müsahibələr təhsildəki real vəziyyəti əks etdirmir, əksinə problemlərin ört basdır edilməsinə cəhdləri müşahidə edirik.
Nazir bu yaxınlarda bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir: “Bizdə bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirlər. .... Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsildən yayınma halları var".
Bu fikirlərə öz münasibətimizi bildirmək istərdik.
1. “Bizdə bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirlər.”
İnsanlar nəyə, hansı pozitivə sevinsinlər? 70 % məzunun 150-dən az ball yığdığınamı? Reytinqlərdə universitetlərimizin davamlı olaraq aşağı pillələrdə olmasınamı? Universitetlərimizdə yaradılan innovasiyalaramı? 30 ildə hələ də bir normal dərslik yaza bilmədiyimizəmi ? ....
Əvvəl ciddi uğurlara nail olmalıyıq, bunu ictimaiyyətə sübut etməliyik, xalq övladının təhsilində real inkişafı hiss etməlidir, onda xalq özü qərar verəcək, nəyə görə nikbin olsun, ya da nəyə görə bədbin olsun. İnsanlarda bu əhval ruhiyyə nazirin göstərişi iləmi, yoxsa onun işinin nəticəsi iləmi olmalıdır?
Əgər uşaq valideynin pulu hesabına repetitorun yanına gedib, imtahanda orta səviyyə göstərirsə, burda məktəbin ya nazirliyin nə rolu var? Əsassız yerə nikbinlik mümkündürmü?
2. “Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsildən yayınma halları var".
Heç bir ölkədə 9,10,11-ci siniflərdə bizdəki kimi, təhsildən kütləvi yayınma halları yoxdur, çünki, heç bir ölkədə repetitorluq belə kütləvi deyil, kölgə təhsili heç yerdə rəsmi təhsili bizdəki kimi açıq aşkar üstələməyib.
Təəssüf ki, həmişəki kimi, ETN mövcud nöqsanlara qarşı qətiyyətlə mübarizə aparmaq, problemləri həll etmək əvəzinə, yenə də nöqsanları ört basdır etmək istəyir. Dünya təhsili süni intellekt əsasında innovativ inkişaf edəndə, biz də 100 bəhanə ilə, süni yollarla uğursuzluğumuza bəraət qazandırırıq.
Hələ də məktəblərdə müxtəlif bəhanələrlə pul yığılır, direktorların və müəllimlərin səsyazıları yayılır, buna qarşı çıxmaq əvəzinə bu işə bəraət qazandırılır. Heç olmasa Qırğızıstanın təcrübəsini öyrənək. Qeyd edək ki, Qırğızıstanda məktəblərdə valideynlərdən pul yığılmasını, eləcə də bunun üçün ictimai fondun yaradılmasını qadağan edib. Şagirdlərin valideynlərindən pul yığmaq, valideyn komitələrinin işində iştirak etmək qadağandır. Artıq məişət əşyalarının təmiri, mühafizəsi və alınması üçün vəsait Qırğızıstanın dövlət büdcəsindən ayrılmalıdır.
ETN harada onlara əl verirsə, orada bütün dünyadan nümunələr tapır, misallar gətirirlər, harda əl vermirsə, bütün dünyanı görməzdən gəlirlər. Niyə fəxrlə demirlər ki, bütün dünyada 20 ildir distant təhsil var, amma biz bunu 20 ildir ölkəmizdə qanunsuz olaraq (“Təhsil Qanunuda” olduğu halda) qadağan etmişik? Hətta Pandemiya da ibrət olmadı ?
Heç olmasa Monqolustandan öyrənsinlər. Bu ölkənin universitetlərində 20 ildir distant təhsil sistemi tətbiq edilir.
Başqa nümunə. ETN-nin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı deyib: "Biz istəsək də, istəməsək də ali təhsil sistemi dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır". Bunu bir çox təhsil ekspertləri illərdir deyir, burda yeni nə var? Nazirliyin rəhbər işçisi bunun yollarını, konsepsiyasını, fəaliyyət planını şərh etməlidir, bu istiqamətdə etdikləri işin hesabıtını verməlidir. Hamıya məlum olan fikirləri təkrarlamağa nə ehtiyac var? Nazir müavini daha sonra qeyd edir: “Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər".
Aydın olmadı. Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmləri kim təklif etməlidir? ETN bunu kimdən gözləyir? 30 ildir bu sözlər deyilir, təkrar olunur, hər dəfə də gələcək zamanda. O zaman gəlmədimi?
İctimaiyyət olaraq təhsilin inkişafı, bu sahədəki problemlərin həlli istiqamətində nazirlikdən konkret addımlar gözlədiyimiz halda, nazirliyin rəhbərləri qeyri müəyyən, absurd fikirlər deyilir (deputat, prof. Xanhüseyn Kazımlının məhşur çıxışı aspektində). İslahatlardakı uğursuzluğun ört basdır edilməsi cəhdlərini hər dəfə müşahidə edirik.
Avropa, ABŞ və digər inkişaf etmiş ölkələrin təhsili ilə özümüzü müqayisə etmirik, heç olmasa Qırğızıstan və Monqolustan təhsilinə bir az yaxınlaşsaydıq, gənc təhsil menecerlərinə sağ ol deyərdik.
"Paralel.az"