Azərbaycan - Ermənistan vasitəçilərinin əsas hədəfi - RƏY

Azərbaycan - Ermənistan vasitəçilərinin əsas hədəfi - RƏY
 

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə müxtəlif formatlarda görüşlər keçirilir. Bütün vasitəçi tərəflər İrəvanla Bakı arasında dayanıqlı sülhün əldə olunmasını bəyan edirlər. Amma təəssüflər doğuran məqam ondan ibarətdir ki, səslənən fikirlər nə qədər yaxşı olsa da, bunlar fikir olaraq qalmaqdadır, real həyatda əksini tapmır”.

Bunu “Paralel.az ”a açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, sülh danışıqlarının getməsinə baxmayaraq erməni tərəfi təxribatlar törətməkdə, separatçıların isə qudurğanlığı davam etməkdədir: “Hətta bir çox hallarda həmin vasitəçilər ermənilərə və separatçılara müəyyən dəstəklər də verilir ki, bu da nəticədə sülh prosesinə mane olur”.

O əlavə edib ki, Fransa Ermənistanın işğalçı siyasətinə dəstək verməklə birbaşa sülhə mane olur: “Fransa son vaxtlar hətta “qırmızı xətti” keçərək Ermənistanı silahlandırmaq barədə bəyanatlar verir ki, bu da bölgədə sülhün yaranması deyil, gərginliyin davam etməsinə xidmət edir.

Rusiya da eyni qaydada… Moskvanın sülh yaranması istiqamətində verdiyi bəyanatlarla əməli fəaliyəti daban-dabana ziddir. Rusiya tərəfi ortaya elə mövqe qoyur ki, bu da sülhün əldə olunmasına imkan vermir. 

Konkret olaraq Rusiyanın sülhməramlı qüvvələr adı altında ərazilərimizə yerləşdirdiyi hərbi kontingent gəldiyi gündən torpaqlarımızda 30 ildən artıq müddətdə kök salmış separatçılarla, terrorçularla, cinayətkarlarla sıx əməkdaşlıq edir. Rus hərbçiləri Qarabağdakı separatçı və terrorçuları silahlandırıb, onlara təlim keçib, təlimatlar verirlər”. 

Deputat bildirib ki, bu gün Moskvada Rusiya tərəfinin vasitəçiliyi ilə Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində növbəti görüş keçiriləcək.

“Görüşdə hansı nəticə olacaq, onu indidən demək çətindir. Yuxarıda qeyd etdiyim amillərə görə, görüşdən ciddi irəliləyişin əldə ediləcəyini gözləmirəm. Amma hansısa məsələlərdə irəliləyiş ola bilər”, - o vurğulayıb.

Məmmədov onu da bildirib ki, Rusiya başda olmaqla digər vasitçilik missiyasını həyata keçirən  tərəflərin də əsas niyyəti bölgədə maraqlarını təmin etməkdir: “Bilirlər ki, bölgədə dayanıqlı sülh olarsa, onlara ehtiyac qalmayacaq”. 

 

0.016199111938477