Çexiya və İtaliya neft kəməri ilə bağlı razılığa gəldi

Çexiya və İtaliya neft kəməri ilə bağlı razılığa gəldi
 

Çexiyanın “Mero” neft şirkəti və İtaliyanın TAL konserni trans-Alp neft kəmərinin genişləndirilməsinə dair saziş imzalayıblar. 2025-ci ildən bu neft kəməri Rusiyanın “Drujba” kəmərinin əvəzinə istifadə ediləcək.

Paralel.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala tviter səhifəsində məlumat verib.

“TAL neft kəmərinin ötürmə qabiliyyətinin artırılması 2025-ci ildən etibarlı təchizatçılardan Çexiyaya neft tədarükünün həcmini ildə 4 milyon ton artırmağa imkan verəcək ki, bu da bizim tələbatımızı tam ödəyəcək”, - P.Fiala bildirib. Onun sözlərinə görə, bunun köməyi ilə Çexiya Rusiya neftindən asılılıqdan xilas olacaq.

Çexiya İnformasiya Agentliyinin məlumatına görə, bu kəmərlə tədarüklərin həcmi ildə 8 milyon ton təşkil edəcək. Anlaşma Çexiyaya 1,6 milyard krona (təxminən 124,3 milyon manata) başa gəlib. Xərcləri Çexiyanın “Mero” şirkəti qarşılayacaq.

0.034217119216919