Krasnoyarskda Heydər Əliyevin 100 illiyi münasibətilə “Əsrlər boyu xalqların dostluğu” adlı konsert təşkil edilib

Krasnoyarskda Heydər Əliyevin 100 illiyi münasibətilə “Əsrlər boyu xalqların dostluğu” adlı konsert təşkil edilib
 

Rusiya Federasiyasının Krasnoyarsk şəhərindəki diyar filarmoniyasında müasir
Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin 100
illik yubileyinə həsr olunmuş “Əsrlər boyu xalqların dostluğu” adlı konsert
keçirilib.

Krasnoyarsk diyarı Azərbaycan milli-mədəni muxtariyyəti regional ictimai
təşkilatının təşəbbüsü, Krasnoyarsk diyarı qubernatorluğunun təşkilatçılığı və
dəstəyi, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin, Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin və Diasporla İş üzrə
Dövlət Komitəsinin iştirakı ilə təşkil edilən tədbir Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində baş tutub.

Tədbirdə diyarın rəsmi şəxsləri, Azərbaycanın Rusiyadakı səfirliyinin, Azərbaycan
Mədəniyyət Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri,
Azərbaycan icmasının, yerli ictimaiyyətin və digər millətlərin 1200-dən çox
nümayəndəsi iştirak ediblər.

Konsertdən öncə Azərbaycan nümayəndə heyətinin Krasnoyarsk diyarı
qubernatorunun müavini vəzifəsini icra edən Vasili Nelyubinlə görüşü keçirilib.
Görüşdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov,
Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev, Diasporla İş
üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov, Krasnoyarsk
Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Taleh Mahmudov
və “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının direktoru Səadət
Qarayeva iştirak ediblər. Azərbaycan və Rusiya xalqları arasında mədəni
əlaqələrin, dostluğun və diasporlararası münasibətlərin daha da
möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edən nazir müavini
Murad Hüseynov Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 100 illik
yubileyi ilə bağlı tədbirin Krasnoraysk hökumətinin dəstəyi ilə keçirilməsinin
yüksək qiymətləndirildiyini bildirib və dəvətə görə dərin minnətdarlığını ifadə
edib. Mədəniyyət sahəsində gələcək perspektivlərdən söhbət açaraq, qarşılıqlı
əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müvafiq addımların atılmasının
zəruriliyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev
fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlunun Krasnoyarsk diyarı
hökumətinə salamlarını və minnətdarlığını çatdırıraq, ulu öndər Heydər Əliyevin
Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və onun surətli inkişafında
əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin adından görüş iştirakçılarını salamlayan
Komitənin şöbə müdirinin müavini T.Səfərov yubiley tədbirində dəvətə görə
təşkilatçılara – Krasnoyarsk diyarı hökumətinə və Krasnoyarsk Deputatlar
Şurasının üzvü, “Azərbaycan milli-mədəni muxtariyyəti” regional ictimai
təşkilatının sədri Taleh Mahmudova dərin minnətdarlığını bildirib. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin çoxlu sayda soydaşımızın
yaşadığı Krasnoyarsk şəhərində qeyd edilməsini, soydaşlarımızın öz tarixi
vətənlərinin taleyinə biganə qalmadıqlarını sevindirici hal adlandırılıb.

Sonra Krasnoyarsk rəhbərliyinə Azərbaycanın Rusiyadakı səfirliyinin adından
Heydər Əliyevin “Rusiyada ruhumun bir parçası var” fotoalbomu və “Qarabağ
işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib. Eyni zamanda Mədəniyyət Nazirliyi
və Dövlət Komitəsi adından Azərbaycanın milli və mənəvi dəyərlərini özündə əks
etdirən hədiyyələr görüş iştirakçılarına təqdim edilib.

Konsert zamanı Krasnoyarsk diyarı qubernatorunun müavini vəzifəsini icra edən
Vasili Nelyubin və Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov
tamaşaçıları salamlayıblar. Natiqlər mədəni irsimizin təkcə paytaxtlarda deyil, həm
də regionlarda yayılmasını Azərbaycanla Rusiya arasında müasir mədəniyyət
əməkdaşlığının fəqrləndirici xüsusiyyəti kimi səciyyələndiriblər. Heydər Əliyevin
rəhbərliyi altında Sibirin ən mühüm nəqliyyat arteriyası olan Baykal-Amur
magistralının tikintisinin həyata keçirildiyi, SSRİ-nin sənaye, maşınqayırma, təhsil
və mədəniyyətin inkişafına əvəzsiz töhfələr verdiyi xatırlanıb.

M.Hüseynov bildirib ki, “Heydər Əliyev – Rusiyadan baxış” monoqrafiyasının
Rusiyanın bir sıra regionlarında təqdim olunması, Rusiya Dövlət Dumasında isə
“Heydər Əliyev. Əbədiyyət qədər ömür” adlı fotosərgi açılması Azərbaycanın
görkəmli dövlət xadiminə nümayiş olunan diqqətin təzahürüdür. “Əgər o,
Azərbaycanı mütərəqqi islahatlar yoluna çıxararaq doğma ölkəsini parçalanmaqdan
xilas edibsə, rusiyalılar Heydər Əliyevi çoxlu sayda iqtisadi və sosial layihələrin
təşəbbüskarı kimi xatırlayırlar”, - deyə nazir müavini vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından diyar rəhbərliyinə və
tədbirin təşkilatçılarına ünvanlanmış təşəkkür məktubu oxunub. Müraciətdə
ölkələrimiz arasında hərtərəfli əlaqələrin möhkəmlənməsində Heydər Əliyevin rolu
qeyd olunub.

Konsertdə Krasnoyarsk diyarının incəsənət ustalarının ifasında maraqlı repertuar
təqdim olunub. Yaradıcı kollektivlərin arasında Krasnoyarsk dövlət akademik rəqs
ansamblı, “Yenisey şəfəqləri” rəqs ansamblı, “Kedr fıstığı” rəqs ansamblı və
“Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı olub.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş
fotosərgi nümayiş etdirilib.

"Paralel.az"

0.017975091934204