Sonuncu müzirin son blefi -Qəzənfər Həmidoğlu

Sonuncu müzirin son blefi -Qəzənfər Həmidoğlu
 

İngilislər Ukraynaya "Storm Shadow" ("Fırtına Kölgəsi") qanadlı raketlərini verdikdən və Putinin son kozırı - hipersonik “Kinjal” raketləri çürümüş armud kimi Kiyev küçələrinə töküldükdən sonra Kreml yenə nüvə dəyənəyini yelləməyə başladı.
Putinin təbliğatı inandırmağa çalışır ki, Qərb mövcud situasiyada Moskvanın nüvə silahı tətbiqindən çəkindiyini hiss etdikcə, Rusiyanı sıxışdırmaqdan və axırına çıxmaqdan çəkinməyəcək. Odur ki, iki sarsaq narrativi çeynəməyə başlayıblar: “Nüvə dövləti müharibəni uduzmaz” və “Batsın belə dünya, əgər orda Rusiya yoxdursa”.
Yəni, dünyanı şantaj edirlər ki, suya düşən saman çöpündən yapışdığı kimi Ukrayna bataqlığına gömülməkdə olan Putin də nüvə raketinə sarılacaq. Amma nüvə raketi strateji deyil, daha çox psixioloji silahdır - hamını vahiməyə salır və Kremldəki sonuncu müziri bəlkə də hamıdan daha çox salır…
Məhz bu vahimə ABŞ və müttəfiqlərini eskalasiyanı dərinləşdirməkdən çəkindirdi və Ukraynaya savaşın birinci iıində Rusiyanı çökdürəcək müasir silahlar tədarük edilmədi. Nəticədə Ukrayna yerləbir edildi, insanları qırıldı, uşaqları oğurlandı.
Hesab edilir ki, Ukraynanın yetərli silahlandırılmaması və ya tədrici silahlandırılması, Ukrayna ordusunun genişmiqyaslı əks-hücumunun yubadılması hərbi-taktiki gedişdir və hədəfi Rusiyanın bütün parametrləri üzrə hərbi, siyasi və iqtisadi çökdürülməsidir. Yəni, Ukrayna Silahlı Qüvvələri qısa bir müddətdə ölkənin 1991-ci il sərhədlərinə çıxsa və Rusiya tam yıxılmasa, bəla yenə Domokl qılıncı kimi Ukraynanın, postsovet məkanının və dünyanın başı üzərində sallanıb qalacaq.
Ola bilsin ki, belədir, amma nüvə vahiməsi də Qərbi Ukraynada eskalasiyanı sərt dərinləşdirməkdən çəkindirirdi. Sonradan vahimə bir qədər səngidi və Rusiyanın hədələri, dramatik çəkindirmə faktoru anti-Putin koalisiyasını Ukraynanı silahlandırmaqdan vaz keçdirmədi.
Bəlli oldu ki, “Batsın belə dünya” təhdidi işə yaramır - başqalarının nüvə silahına sahib olması Rusiyanın özünü də çəkindirir: nüvə silahının tətbiqi Moskvanın qələbəsinə təminat vermir, amma Qərbin adekvat cavabı Rusiyanın, ən azı Putinin sonu deməkdir.
Bütünlükdə Putinin nüvə ritorikası başdan-ayağa yalan-palan, hop-gopdur. “Nüvə dövləti müharibəni uduzmaz” psevdoarqumenti rusların öz başlarını aldatması, uzaqbaşı postsovet məkanındakı 5-ci kolonlarını hərifləməsi və ya debil məntiqdən çıxarılan abdal qənaətdir. Tarixi faktdır ki, bu dünyada nüvə dövlətləri də müharibədən qalib çıxmırlar. Nüvə silahına malik olması Britaniya imperiyasının çökməsinin qarşısını almadı, Fransa Əlcəzairi itirdi, ABŞ Vyetnamda uduzdu, SSRİ Əfqanıstanda biabır oldu, İsrail Livanın öhdəsindən gəlmədi. Rusiya isə Ukrayna savaşında hərbə başlayandan uduzub…

"Paralel.az"

0.013839960098267