Küçələrdə gecələyən aktyor 1500 manat alır - AÇIQLAMA
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni bədii rəhbəri Mehriban Ələkbərzadə sözügedən teatrın aktyoru Elçin Əfəndinin ev probleminə münasibət bildirib.
Əməkdar incəsənət xadimi M.Ələkbərzadə Ölkə.Az-a açıqlamasında hələ sənədlərlə tanış olmadığını deyib:
"Teatra yeni təqdim olunmuşam. Hələ dosyelərlə tanış deyiləm. Qoyun, bir tanışlıq edim, heç olmasa, bir ay keçsin. Bu dəqiqə nə deyə bilərəm? Mən bilirəm ki, onun vəziyyəti əvvəldən belədir. Onunla bir teatrda işləməsəm də, "İsgəndərnamə"də birgə çalışırdıq. Yəqin ki, bu problemlə bağlı nə isə düşünülməli, axtarılmalı, bir yolu tapılmalıdır. Hansı yolla bilmirəm, amma, əlbəttə, kömək olunmalıdır".
Sözügedən teatrın mətbuat xidmətindən isə Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dram artisti Elçin Əfəndinin ev məsələsi ilə bağlı mətbuata verdiyi açıqlamadan məlumatlıdırlar:
"Aktyor Elçin Əfəndi Akademik Milli Dram Teatrının aktyoru kimi tarif cədvəlinə uyğun olaraq, 1036 manat məbləğində əməkhaqqı alır. Elçin Əfəndi eyni zamanda 2022-ci ildən etibarən 500 manat məbləğində Prezident mükafatı alır. Digər teatr xadimlərinin, o cümlədən, Elçin Əfəndinin ev probleminin həlli diqqət mərkəzindədir.
Bu gün teatrın direktor vəzifəsini icra edən İlham Əsgərov Elçin Əfəndi ilə görüşüb, onun problemi ilə yaxından maraqlanıb. Yaxın günlərdə Elçin Əfəndi ailəsini rayondan Bakıya gətirəcək. Onun kirayə məsələsi həllini tapacaq, aktyor bundan sonra bütün diqqətini tamaşalara, sənətinə yönəldəcək".
Mədəniyyət Nazirliyindən isə Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı "Azdrama"ya müraciət etmək lazımdır.
Xatırladaq ki, aktyor, Prezident mükafatçısı Elçin Əfəndi bundan əvvəl küçələrdə gecələdiyini açıqlamışdı.
O bildirib ki, ev məsələsi ilə bağlı teatrın mərhum bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətova, həmçinin sabiq mədəniyyət naziri Anar Kərimova müraciət edib. Anar Kərimov ona məsələni Prezidentə çatdıracağını deyib.
Daha sonra isə A.Nemətov vəfat edib, A.Kərimov isə vəzifəsindən azad olunub.