Kinqmeyker Dr. Sinan Oğan!

Kinqmeyker Dr. Sinan Oğan!
 

2-ci turda seçkinin taleyini adətən ilk turda yarışı tərk edənlərin növbəti mərhələyə keçənlərə dəstəyi həll edir.
“Ata İttifaqı”nın namizədi Sinan Oğan mayın 14-də gerçəkdən furor yaratdı – 5%-in üstündə səs yığıb (2,9 milyona yaxın seçici) seçkini 2-ci tura daşıdı.
İndi isə hesab edilir ki, mayın 28-də keçiriləcək ikinci turda Sinan Oğanın seçicilərini yönləndirməsi seçkinin taleyini həll edəcək.
Dr. Sinan Oğan Türkiyənin tarixi seçkisinin kinqmeykeri (“kingmaker” – kral yaradan) ola biləcəkmi? “Ata İtifaqı”nın lideri əmindir ki, “Türk milliyətçiləri, Atatürkçülər 2-ci turun müəyyən edəni olacaqlar”. Onun sövdələşmə şərtləri də bəllidir.
Xadırladaq ki, Sinan Oğanın seçki prosesində Ərdoğanla kiçik vendettası yaşanmışdı. Ərdoğan prezident seçkisində rəqiblərini belə dəyərləndirmişdi: “Bir tarafta bölücülerin “Yürü Kemal”i var. Öte tarafta “Gel Muharrem’” bulunuyor. Beri taraftakini saymaya gerek bile yok”.
Adının çəkilməməsi və sayılmaması “Ata İttifaqı”nın namizədinin yaman xətrinə dəymişdi və Sinan Oğan Twitter hesabından indiki prezidentə belə cavab vermişdi:
“Sevgili Türk Milleti, Türk milliyetçileri ve Atatürkçülerin Adayı Sinan Oğan için Sn. Erdoğan “saymaya gerek bile yok” demiş. Bu bakış açısı aslında bunların bilinç altının tezahürüdür. Bunlara göre Türk milliyetçilerinin oyu “zaten çantada kekliktir” ama Sn. Erdoğan 14 Mayıs’ta çantada ne olduğunu iyi görecektir. Unutma Sn. Erdoğan; “Cüceyi payızda sayarlar””.
Daha sonra Sinan Oğan "cüceyi payızda sayarlar"ın anlamına TV-100 telekanalında aydınlıq gətirmişdi: “Bizim Iğdır'da laf var "Cüceyi payız sayarlar". Cüce dediğiniz civciv. Civcivi sonbaharda sayarlar. Hele bir o civcive bakalım. Sonbaharı görecek mi görmeyecek mi? Sayın Erdoğan beklesin, cüceyi biz 14 Mayıs'ta sayacağız”.
Mayın 14-də Sinan Oğan Ərdoğana göstərdi ki, “çantada kəklik” deyil və Türkiyə də bildi ki, “payız” sonbahar deməkdir...
Seçkini 2-ci tura keçirən Sinan Oğan güman ki, mayın 28-də seçkinin taleyini həll edən gerçək kinqmeyker ola bilməyəcək. Çünki Sinan Oğan yalnız millətçi kəsimin səslərini almayıb, “Ata İttifaqı”nın namizədinin sürprizi etiraz səslərinin ona axmasının nəticəsidir. O kəslər ki, ilk turda Ərdoğana və ya Kılıçdaroğluya səs verməmişdilər, çətin ki, 2-cu turda başqa fikrə düşsünlər. Digər tərəfdən etiraz səslərini 2-ci turda yönəltmək müşkül məsələdir, çünki sosial bazadan gəlmir ki, onlara kiməsə səs verməyə çağırışdan bir nəticə hasil olsun. Sinan Oğanın isə nəinki geniş sosial bazası var, heç partiyası da yoxdur.
Bununla belə, prezident seçkisini 2-ci tura keçirənin manevr imkanları qalır, ən azı siyasi blef fürsəti var: bazarlığa girirsən, seçicilərinə çağırışını edirsən, sonrası Allah kərimdir - tutar ayran, tutmaz qatıq.
Sinan Oğan "Payız is coming" tviti ilə göstərdi ki, siyasi bazarlığa hazırdır, kinqmeyker fürsətini əldən qaçırmayacaq. Böyük ehtimalla Ərdoğan praqmatik Sinan Oğanla dil tapmağa çalışacaq və tapacaq, baxmayaraq ki, ikincinin dəstəkçiləri daha çox parlamentli respublika tərəfdarıdırlar və çağırışa qulaq asmayacaqlar.

Qəzənfər Həmidoğlu

0.016603946685791