Türkiyənin 28 Mayı...- Qəzənfər Həmidoğlu
Türkiyənin 28 Mayı...
Ərdoğan qalib gəlmədi, amma məğlub da olmadı. Kılıcdaroğlu məğlub olmadı, amma qalib də gəlmədi...
"Əsrin seçkisi"nin 2-ci tura keçməsi ilə hər bir halda Türk demokratiyası sınaqdan keçdi, avtokratiya çuxuruna düşmədi. Bu, 2-ci turda - mayın 28-də kimin şansının gətirəcəyindən daha önəmlidir, Türkiyə demokratiyasının perspektivlərinə pozitiv möhürünü vuracaq.
14 may səsverməsini belə dəyərləndirmək olar: CHP şansını qaçırdı, Ərdoğan isə dərsini aldı, yaxasını ucuz qurtardı. Tarix feilin şərt şəklini sevmir, amma siyasi ağılları hələ də məşğul edir ki, İstanbulu və Ankaranı Ərdoğandan alan, reytinqlərdə Kılıcdaroğludan öndə olan Əkrəm İmamoğlu və Mansur Yavaş "Millət İttifaqı"nın namizədi olsaydı, seçkinin sonucu başqa cür də ola bilərdi...
Türk dünyasında ilk demokratik cümhuriyyətin qurulduğu 28 Mayın simvolik anlamı, magiyası var və Azərbaycanın bu tale günü qardaş dövlət üçün də düşərli-uğurlu olar, haqq edən qazanar...
Ərdoğan vs Kılıcdaroğlu yarışı burun-buruna davam edəcək, bununla belə hər halda 14 maydan seçkinin lideri kimi çıxması və partiyasının parlamenti əlindən buraxmaması fonunda indiki prezident 2-ci turun favoriti kimi görünür. Amma iki həftə seçki furoru yaratmaq üçün az müddət deyil və indi əsas məsələ budur ku, "Millət İttifaqı" siyasi-psixoloji sarsıntıdan 15 may sabahına necə oyanacaq, hansı siyasi ovqat və iddia ilə oyanacaq?
"Paralel.az"