Birdən elə bilərsiniz ki...

Birdən elə bilərsiniz ki...
 

Professor Mübariz Əliyevi tanıyanadək, zəruriyyət yaranarkən hansı cərraha müraciət etməkdə həmişə tərəddüt hissi keçirmişəm. Qorxmuşam ki, təsadüfi, naşı cərrahın əlinə düşərəm. Axı cərrahiyə elə bir peşədir ki, həkimlər onu xəstələri öldürə-öldürə öyrənirlər. Arada qanın da batır. Necə deyərlər, sən o dünyalıq olursan, amma yeni cərrah yetişir...

Bəzən mənə elə gəlir ki, professor Mübariz Əliyev məhz cərrah olmaq üçün doğulub. Uğurlu cərrahdır, necə deyərlər, əlləri şəfalıdır, elə bil, Allah onu yer üzünə bundan ötrü göndərib…

Bir neçə ay öncə təsadüfən boğazımda təxminən 7 sm civarında şişin olduğunu gördüm. Udlaq borusundan sol tərəfdə olan bu şiş, elə bil ildrım sürəti ilə əmələ gəlib. Nə ağrısı var idi, nə də gözə çarpması. UZİ-dən keçəndən sonra məlum oldu ki, təcili götürülməlidir. “Biopsiya”nın nəticəsi yaxşı çıxdığından bir az da ürəkləndim. Xoş xassəli şiş idi. Necə əməliyyat etdisə heç ruhum da incimədi. Qorxu, təlaş arxada qaldı…

Mehribandır- haradan gəlib, harada olduğunu və sonda haraya gedəcəyini bilənlərin adətidir…

Təvazökardır- insanı sevdirən ilahi rəngdən onda da var…

Baməzə adamdır, incə zarafatları dodaq qaçırır- kübarlıq qandan gəlir…

Gözütox həkimdir- əməliyyatları az qala təmənnasız edir. Ödəniş məsələsində xəstəyə yardım etməkdən zövq alır. Necə deyərlər, peşəsinin zəkatını ödəməyə çalışır…

Bəli, məzəli söhbətləri ilə ürəkləri fəth edən tibb elmləri doktoru, professor Mübariz Əliyev bir başqa aləmdir. Lap elə nağıllardakı kimi. O aləmə düşdünsə, sehirlənəcəksən…

Həyatının mənasını oğlu Yaqubda, bir də peşəsi ilə xalqa xidmətdə görən bu cərrahın əlinin şəfasından çox insana pay düşüb. Müxtəlif xəstəliklərdən əziyyət çəkən yüzlərlə soydaşımız məhz onun apardığı cərrahi əməliyyatlar nəticəsində şəfa tapıb, rahat həyata qayıdıb…

Ölkəmizdə bir sıra unikal əməliyyatların ilkini o, başlayıb, o, ənənəyə çevirib…

Günələrin bir günü 65 yaşlı bir xəstə qarın boşluğundakı ağrılarla ona müraciət edir. Müayinə zamanı məlum olur ki, həmin xəstə mədəaltı vəzinin xərçənginin ağırlaşmış formasını özündə daşıyır. Damarlarına sirayət edən törəmə, qonşu orqanlara da xələl yetirib. Bunu görən Mübariz Əliyev dərhal Almaniyaya yola düşür, orada bu sahədə peşəkarlaşmış hospitalda, bir neçə əməliyyatda iştirak edir və tezliklə vətənə dönərək həmin xəstəni əməliyyata hazırlayır. Əməliyyat uğurlu alınır və xəstə yenidən normal həyata qayıdır. Necə deyərlər, ölümün pəncəsindən qurtulur…

Cərrah səliqəsi deyilən bir anlam var. Bu səliqə əməliyyatdan sonrakı dövürdə daha çox nəzərə çarpır. İnsan əməliyyat olunduğu nahiyəyə baxarkən bunu tikişdən də görür…

Bu kimi xüsusiyyətləri sayəsində ölkəmizdə tanınan, ictimai çəkisi olan həkimlərdəndir…

Birdən elə bilərsiniz ki, ad günü və ya peşə bayramıdır deyə bu sözləri yazıram. Yox, onun haqqında bildiklərimi sizinlə bölüşmək istədim…

Elman Eldaroğlu

"Paralel.az"

0.011507987976074