“Dünya Təhsil Forumu-2023” bizə faydalı olacaqmı? -Dos. İlham Əhmədov

“Dünya Təhsil Forumu-2023” bizə faydalı olacaqmı? -Dos. İlham Əhmədov
 

Londonda Dünya Təhsil Forumu-2023 öz işinə başlayıb. Forumda dünya təhsilinin qarşısında duran əsas çətinlik və çağırışlar, onların həlli yolları müzakirə ediləcək. Forumda həmçinin öyrənmə prosesi, insanlar, müəssisə və təhsil sistemləri arasında qarşılıqlı anlaşma məsələlərinə toxunulacaq. Sessiyalarda bilik, bacarıq, münasibət və dəyərlərin inkişafına yönələn siyasət, liderliyin əhəmiyyəti və təhsilin əsas məqsədləri üçün texnologiya dəstəyi müzakirə olunacaq. Ümumi təhsil müzakirələrinin gündəliyində təhsilin davamlılığı, onun anlama prosesi və qlobal davamlılığa töhfə verməsi də əks olunacaq. Bu ilki Dünya Təhsil Forumunun devizi belədir: “Dizayn təfəkkürü vasitəsilə daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün öyrənmə mədəniyyətinin təkmilləşdirilməsi, dözümlülüyün formalaşdırılması və dayanıqlılığın təşviq edilməsi”.
Forumda ölkəmizi elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumda yəqin ki, təhsilimizdə gedən "inkişaf və islahat"lar haqqında da məruzə edilər.
Bəli, dünyanın ən yaxşı təhsil liderləri və nazirləri qlobal öyrənmə mədəniyyətini inkişaf etdirmək, davamlılıq yaratmaq və davamlılığı təşviq etmək, innovativ yolları araşdırmaq məqsədi ilə Dünya Təhsil Forumuna toplaşıblar. Maraqlıdır, təhsildə autsayder olanlar bu Forumda nədən danışacaqlar? Keyfiyyətsiz dərslik və kurikulumlardan, distant təhsilə 20 illik qadağalardan, pandemiya vaxtı təhsildə yaranan problemlərdən, kütləvi repetitorluğa və məktəblərdə total fond pulu yığımına dəstək verməkdənmi?
Bu Forumda nazirliyin nümayəndələrinin iştirakından sonra bizim təhsilimizdə nələr dəyişəcək? 25 ildir Avropaya, ABŞ-a v.s. regionlara belə turist səfərləri davam edir. Bu ezamiyyələrə sərf edilən milyonlarla dollar vəsaitlə təhsilimizin 1-2 real problemini burda, evin içində özümüz həll edə bilərdik, təbii ki, peşəkarları cəlb etməklə və pulları təyinatı üzrə xərcləməklə.
Forumda həmçinin Qazaxstan elm və təhsil nazirliyi nümayəndə heyəti ilə görüş baş tutub, onları Bakıya dəvət ediliblər. Qeyd edək ki, Qazaxstanda təhsilin səviyyəsi bizim təhsilin səviyyəsindən çox yüksəkdir. Pandemiya dövründə 100 minlərlə imkansız məktəbliyə pulsuz planşetlər paylanmış, pulsuz İnternet imkanı yaradılmışdı. Qeyd edim ki, Qazaxstanda distant təhsil 2000-ci illərdən yaradılmışdır. Bir neçə universitetdə və müəllimlərin ixtisasartırma sistemində distant təhsilin geniş tətbiq təcrübəsi var, artıq 15-20 ildir. Onlarda tədqiqat universitetləri, innovativ universitetlər, beynəlxalq statuslu universitetlər fəaliyyət göstərir. Bir çox universitetlərdə texnoparklar mövcuddur, onlar real fəaliyyət göstərir, pul gətirirlər universitetin büdcəsinə.
Mən 12 il əvvəl onların əyalət universiteti sayılan Pavlodar Dövlət Universitetində 1 həftə ərzində ezamiyyədə olmuşdum (təbii ki, bizim TN-nin hesabına yox, Təhsilin İnkişafı Beynəlxalq Fondu (Çexiya) hesabına). Tələbə və magistrlərə bir neçə mühazirə oxudum. Univeritetin işi ilə ətraflı tanış oldum. O universitetin 2011-ci ildəki səviyyəsinə 2023-cü ildə bizim universitetlərin 90% hələ də çatmayıb. Astana və Alma-atadakı universitetlər daha da yüksək səviyyədədirlər. Reytinqlərdə də onların universitetləri bizdən çox yüksəkdədir. PİSA qqiymətləndirilməsində də vəziyyətləri yaxşıdır.
Onların naziri bura gəlsə və bizim təhsilin real vəziyyətini görsə (pokazuxa tədbirlərini yox, real mənzərəni), bir az ürəyi toxtaxlıq tapardı. Çünki, onların universitetlərinin səviyyəsi bizimkilərdən xeyli yüksəkdədir axi. Hər şey müqayisədə dərk edilir.

"Paralel.az"

0.019435167312622