Tallinndə Heydər Əliyevin 100 illiyi münasibətilə "Əbədilik" adlı təntənəli
konsert keçirilib - FOTO

Tallinndə Heydər Əliyevin 100 illiyi münasibətilə
 

Estoniyanın Tallinn şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli
siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100
illik yubileyinə həsr olunmuş “Əbədilik” adlı təntənəli konsert keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycanın Estoniyadakı
səfirliyinin və Tallindəki Azərbaycan Evinin təşkilatçılığı ilə “Konsert Di Saal”
konsert salonunda baş tutan tədbirdə Azərbaycan və Estoniyanın rəsmi şəxsləri, bu
ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli
ictimaiyyətin, müxtəlif milli azlıqların və icmamızın nümayəndələri iştirak ediblər.

Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov
ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konsertin əsas
məqsədinin Azərbaycan mədəniyyətini və ölkəmizin milli musiqi incilərini Avropa
İttifaqının üzvü Estoniyada geniş təbliğ etmək olduğunu vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xalqımızın ümummilli
lideri Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə
göstərdiyi misilsiz və əvəzsiz xidmətlərindən danışıb, onunla bağlı xatirələrini
bölüşüb. Komitə sədri keçirilən tədbirin iki ölkə arasında mədəniyyət sahəsində
əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə vermək məqsədi daşıdığını diqqətə
çatdırıb.

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Rina Solman
xalqımızın ümummilli liderinin 100 illik yubileyinin Tallinndə qeyd olunmasını iki
ölkənin tarixi baxımından mühüm hadisə adlandırıb, möhtəşəm musiqi gecəsinin
ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişafına və eston tamaşaçısının
Azərbaycan milli musiqisi ilə yaxından tanış olmasına xidmət etdiyini bildirib.

Sonra Narva şəhər Simfonik Orkestrinin iştirakı və Azərbaycanın xalq artisti
Yalçın Adıgözəlovun dirijorluğu ilə xalq artisti, xanəndə Nəzakət Teymurova,
əməkdar artist, tarzən Əliağa Sadiyev, Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının solisti Fatimə Cəfərzadənin ifasında azərbaycanlı bəstəkarların,
eləcə də dünya klassiklərinin əsərləri səsləndirilib.

Konsertdən sonra Komitə sədri Azərbaycan-Estoniya dostluq əlaqələrinin
genişlənməsinə verdiyi töhfələrə görə layiq görüldüyü "Diaspor fəaliyyətində
xidmətə görə" Azərbaycan Respublikasının medalını Estoniyanın keçmiş xarici
işlər naziri Kristina Oylanda təqdim edib. Bu cür əhəmiyyətli dövlət mükafatına
layiq görüldüyünə görə dərin minnətdarlığını bildirən Kristina Oyland bu tədbirin
iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə
təkan verəcəyinə əminliyini ifadə edib.

Komitənin adından Narva sinfonik orkestrinin bədii rəhbəri Anatoli Şuraya və
Azərbaycan əsilli estonıyalı siyasətçi Züleyxa İsmayılovaya xatirə hədiyyələri
təqdim olunub.

Komitə əməkdaşlarının Estoniyaya səfəri çərçivəsində ümummilli lider Heydər
Əliyevin 100 illiyi münasibətilə Narva şəhərində də konsert proqramı təşkil
olunub.

Konsert proqramları tamaşaçıların rəğbəti ilə qarşılanıb.

Komitə sədri “Heydər Əliyev İli” çərçivəsində Estoniyada yaşayan azərbaycanlı
rəssam Rövşən Nurun yeni açılmış yaradıcılıq qalereyasını ziyarət edərək, burada
nümayiş olunan sərgiyə baxıb.

"Paralel.az"

0.044913053512573