Müəllim: "Müəllimi dövlətdən narazı salan sizsiniz, cənab Emin Əmirquliyev"! - İTTİHAM

Müəllim:
 

“Belə olmasaydı, bu gün ölkənin ikinci böyük şəhərində təhsil sistemindən anlayışı olmayan Anar Qədiməliyevlər, Sevinc Quliyevalar və daha kimlər iş başında olub, təhsili məhv etməzdilər”

Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Elvira Zeynalova şok faktları açıqladı.

Paralel.az xəbər verir ki, Gəncə şəhər sakini Zeynalova Elvira Oruc qızının “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu göndərib. İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyət göstərən E. Zeynalovanın məktubunu olduğu kimi oxuculara təqdim edirik:

“21.10.2022-ci il tarixdə Mətanət Qarayeva vəzifəsində etdiyi nöqsanlara görə işdən azad edildi və hazırda bununla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma gedir. M. Qarayevanın yerinə müvəqqəti müdir təyin edilsə də, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin bəxti gətirmədi. Növbəti əvəzedici müdir kim oldu: Anar Qədiməliyevin əmisi nəvəsinin qaynanası. Hansı ki, o, yəni təlim-tərbiyə üzrə direktor müavini Məmmədova Nüşabə Zakir qızı müvəqqəti müdir kimi təyin olunmazdan bir necə gün öncə Elim və Təhsil nazirinin Daxili Nəzarət Şöbəsi tərəfindən siddətli töhmət almışdı.

Yeri gəlmişkən, Nüşabə Məmmədova həm də İ.Qayıbov adına orta məktəbin sabiq direktoru Məmmədov Müsəddinin gəlinidir. Beləliklə, Anar Qədimalıyev Nüşabə Məmmədovanın çoxdankı arzusunu həyata keçirmiş oldu.

Dəyişən nəsə yoxdu, yenə də aqronom ingilis dili, baytar, texnoloq isə musiqi dərsi deyir, MİQ-dən keçən müəllimlərsə iş axtarır. Hələ, üstəlik, Anar Qədiməliyev “Təhsilin keyfiyyəti” sektoru yaradıb, sektor müdiri Sevinc Quliyevaya özünə məxsus olan Göygöldə yerləşən tədris mərkəzinin sınaq imtahanları üçün Gəncə məktəblərində biletlər satdırır. Bu da oldu, tədrisin keyfiyyəti.

Mətanət Qarayevanı maliyyə maxinasiyalarına görə işdən azad edən Anar Qədiməliyev bu günə qədər davam edən maxinasiyalara bəs niyə göz yumur? Səbəbi yəqin ondadır ki, bu gün onun qohumu olan Azər İbrahimovun qaynanası çoxdankı arzusuna qovuşaraq, bir az da o pullansın.

Azər İbrahimova gəlincə isə, müəllimə bir saat artıq dərs yazılarsa bu maxinasiya sayılır, amma Təhsil İdarəsində günbəgün artan şöbələr, ora təyinat alan önəmli məmurların yaxınlarının ştatları deyil. Məsələn, indi də İ.Qayıbov adına 1 nömrəli məktəbin rus bölməsinin müdir müavini Səbinə İmamverdiyevanın qanun pozuntularına göz yumulur.

Səbinə İmamverdiyeva hər gün məktəbdə olsaydı, yəni tez-tez icazəsiz olaraq ölkə xaricinə çıxşlar etməsəydi, yəqin ki, rəhbərlik etdiyi  rus bölməsinin sinif jurnallarında baş verən maliyə pozuntularını görərdi. Bu haqda mən dəfələrlə şifahi müraciət etsəm də, hələlik bir nəticəsi yoxdur. Belə çıxır ki, Anar Qədiməliyev, onun təyin etdiyi direktor əvəzi Nüşabə Məmmədova və Səbinə İmamverdiyeva hazırda Mətanət Qarayevanın yolu ilə gedirlər. Rəhbərlik dəyişsə də, idarəetmə üsulu dəyişmədi. Bəs, dəyişən nə oldu?

Bu məktəbdə tək rus bölməsi deyil, ibtidai siniflər üzrə müdir müavini Gülnar Məmmədova da eynilə Səbinə İmamverdiyevanın yolu ilə gedir. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin ev dərsləri üçün nəzərdə tutulan sinif jurnallarına diqqət yetirəndə dərhal gözə çarpan odur ki, maliyə  pozuntularına yol verilmələr davam edir. Hətta bu pozuntulara vəzifə bölgüsü təhkim olunanın özü şərait yaradır, yəni dünən Səbinə İmamverdiyeva, bu gün Gülnar Məmmədova… Şagirdlərə isə evlərdə təyin olunan dərslər keçirilmir. Gəncə Prokurorluğuna təqdim olunan ibtidai sinifə məxsus 1 “D” sinifinin jurnalı buna subutdur.

Məktəb direktorunun vəzifə bölgüsündə əmrlə həvalə etdiyi fərdi ev dərslərinə nəzarət edən Gülnar Məmmədova fərdi ev dərslərinin saxtalaşaraq tərtib olunmasında fəal iştirak edir. Sinif jurnallarında böyük maliyə pozuntuları edən Gülnar Məmmədovaya bu haqda dəfələrlə müraciət etsəm də, pozuntular hal-hazırda da davam edir. Mən bununla bağlı   sübutlarımı redaksiyaya, eləcə də hüquq-mühafizə orqanlarına təqdim edə bilərəm. Bu sübutları 15.04.2023-cü il tarixində  Gəncə şəhər Prokurorluğuna şəxsən yazılı təqdim etsəm də, hələ nəticəsi yoxdur.

Tarix yenidən təkrar olunur. Prezident İlham Əliyev 2023-cü ili Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” elan etmişdir. Mən 08.05.2023-cü il tarixdə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı 100 illik yubileyi münasibəti ilə xatirə gecəsi təşkil etmək istədim. Bu haqda çalışdığım rus bölməsinin müdir müavini Səbinə İmamverdiyevaya, ibtidai siniflər üzrə müdir müavini Gülnar Məmmədovaya, eləcə də müdir əvəzi Nüşabə Məmmədovaya bildirmişdim.

Bu tədbirin keçirilməsi üçün mənə dəstək əvəzinə, təpkilər göstərməyə başladılar. Məktəbdə baş verən qanun pozuntuları ilə əlaqədar Prezident İlham Əliyevə, Elm və Təhsil naziri Emin Əmrullayevə, DTX sədri Əli Nağıyevə, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-rezident Mehriban xanım Əliyevaya, Gəncə şəhər Baş Prokrorluğuna məktub, həmçinin  teleqram vasitəsilə müraciət etsəm də, nəticəsi yoxdur. Bu həqiqəti xəbər verdiyim üçün şəxsi işimə tikilməklə, töhmət belə almışam. Yəni Anar Qədiməliyev və Nüşabə Məmmədova bundan hiddətlənərək, mənə qarşı qanunsuz təqib və təzyiqləri daha da artırdılar.

15.03.2023 və 29.03.2023-cü il tarixlərində sinifdə dərs keçərkən Nüşabə Məmmədova əsas iş yeri Göygöl və Naftalan şəhərində olan, DTX-nın Gəncə şöbəsində rəis müavini olan Tural Quliyevin yoldaşı, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Təhsilin keyfiyyəti sektoruna Anar Qədiməliyev tərəfindən təyin olunan Sevinc Quliyevanın təpkilərinə məruz qaldım.

Yeri gəlmişkən, Sevinc Quliyeva kimi, Anar Qədiməliyevin dövlət qulluğuna daimi təyin etdiyi kadrları bu il dövlət qulluğu ilə bağlı 18.03.2023-cü ildə tarixində keçirilən imtahandan keçə bilməsələr də, hələ iş başındadırlar. Dövlət qulluğu imtahanından keçə bilməyən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məktəblərdə, o cümlədən Nüşabə Məmmədovanın dəstəkçisi olaraq çalışdığımız məktəbdə “at oynadan” Sevinc Quliyeva heç bir müvafiq sənəd təqdim etmədən istədiyi zaman kobud formada siniflərə daxil ola bilir. Şəxsən mənim dərs dediyim birinci siniflərə daxil olaraq, şagirdlərin və valideyinlərin qarşısında nüfuzdan salıcı hərəkətlər etsə də, ona irad tutan yoxdur. Səbəb isə, onun həyat yoldaşının DTX əməkdaşı olması ola bilər. Bu hadisə ilə bağlı mən sübutlarımı təqdim etməyə hazıram.

Bir halda kı, Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında  “Xalq dövlətdən narazıdırsa, buna mən nə edim?” deyirsə, ondan aşağıda olan kadrlarına nə deyəsən?! Bir müəllim olaraq nazir Əmrullayevə göstəriş vermək mənə düşməz, amma vətəndaş olaraq demək istəyirəm: o unudur ki, özü də dövləti təmsil edən Təhsil Nazirliyinin rəhbəridir. Müəllimi hazırda dövlətdən narazı salansa onun səriştəsiz idarəetməsidir. Belə olmasaydı, bu gün ölkənin ikinci böyük şəhərində təhsil sistemindən anlayışı olmayan Anar Qədiməliyevlər, Sevinc Quliyevalar və daha kimlər iş başında olub, təhsili məhv etməzdilər.

Yeri gəlmişkən, mənim Hürrüyyət TV vasitəsilə çalışdığım məktəbdə baş verən qanun pozuntuları, özbaşınalıqlarla bağlı açıqlamalarıma Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən absurd bir cavab aldım. Sən demə, bu məktəbdə bütün baş verənlərin əsas səbəbkarı mənəm. Burada Mirzə Ələkbər Sabirin sözlərin yadıma düşdü:

“Hökm еyləyəcəkmiş bütün aləmdə cəhalət,
Dildadеyi - irfanları nеylərdin, ilahi?!”

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: "Hüriyyət" qəzeti 

0.023956060409546