“Banan ölkəsi”nin liderinin vəzifədən getdikdən sonra yaşadıqları - Maraqlı faktlar

“Banan ölkəsi”nin liderinin vəzifədən getdikdən sonra yaşadıqları - Maraqlı faktlar
 

İlham Cəmiloğlu

Ən yeni tarix

“Banan ölkəsi”nin lideri Banana – vəzifədən getdikdən sonra onun başına oyunlar gəlib.

“Banan respublikası”, yaxud da “banan ölkəsi” ifadəsi XX əsrin əvvəllərində Latın Amerikasının bir sıra dövlətlərindəki acınacaqlı vəziyyəti əks etdirən ifadə kimi işlədilib.

Sonralar bu qeyri-rəsmi siyasi termin kimi daha da populyarlaşıb, daha çox aşağılayacı mənada, iqtisadiyyatı çökən, korrupsiyalaşan, xarici borcu hər il yüksək templə artan, əhalisi yoxsulluq işində yaşayan, hakimiyyətin bir neçə nəfərin əlində cəmləşdiyi, tez-tez hərbi qiyamlar baş verən ölkələr haqqında işlədilməyə başlanıb.

Sözsüz ki, heç bir dövlət başçısı öz ölkəsi haqqında bu ifadənin işlədilməsini “həzm” edə bilməyib. Əhalisinin hər 100 nəfərindən 85-nin işsiz olduğu, inflyasiyanın səviyyəsinin dünyada ən yüksək həddə çatdığı, milli pulu ölü valyutaya çevrilən, bir çörəyin qiyməti bir milyard Zimbabve dolları olan Zimbabvedə isə “banan” məsələsi ikiqat problem yaradıb. “Banan ölkəsi” olmaqla yanaşı Zimbabvenin prezidentinin soyadı da Banana olub. Kanaan Banana vəziyyyəti “yüngüllüşdərmək” üçün 1982-ci ildə ölkədə yeni bir qanunun tətbiqinə imza atıb, bu qanunda ölkə vətəndaşlarının onun soyadı ilə zarafat etməsi rəsmi şəkildə qadağan edilib.

Kanaan Banana 1936-cı ildə Zimbabvenin ikinci ən böyük şəhəri sayılan Bulavoyo yaxınlığındakı Esefizini kənd kommunasında anadan olub. Orta təhsilini bitirdikdən sonra iki il illahiyyət seminariyasında oxuyub. Bir neçə il keşiş kimi xidmət edib, daha sonra illahiyyət üzrə magistr dərəcəsi alan Banana 1974-1975-ci illərdə ABŞ-da seminariyada təhsilini davam etdirib.

Banana gənc yaşlarından müstəmləkə altında olan ölkəsindəki irqi gərginliyə qarşı mübarizəyə qoşulub. Siyasi fəaliyyətinə görə o, bir neçə dəfə həbs edilib. Ona qarşı təhdid və təzyiqlər o həddə çatıb ki, Banana Amerikaya mühacirət edərək bir neçə il orada yaşamağa məcbur qalıb.

1970-ci illərin əvvələrindən Banana siyasi fəaliyyətini Birləşmiş Afrika Milli İttifaqında davam etdirib. Bu ittifaq Zimbabvedə (həmin dövrdə Rodeziya) mövcud rejimə qarşı mübarizə aparan milli təşkilat olub. Məhz həmin illərdə Banana ilə Robert Muqabe (Zimbabvenin 1987-2017-ci illərdəki prezidenti) eyni cəbhədə ən yaxın silahdaşlar olublar.

Nəhayət, gərgin mübarizələrdən sonra 11 aprel 1980-ci ildə Zimbabve müstəqilliyini əldə etdikdən sonra ölkə parlamenti Kanaan Banananı Zimbabvenin ilk prezidenti seçib. Robert Müqabe isə baş nazir vəzifəsinə seçilib.

Vəzifə bölgüsündə demək olar ki, bütün səlahiyyətlər baş nazirə verilib. Banana əsasən mərasim və rəsmi tədbirlər prezidenti kimi fəaliyyət göstərib.

Banana ilə Muqabe eyni cəbhənin üzvləri və yaxın silahdaşlar sayılsa da, Muqabe Zimbabvedə mütləq hakim olmaq iddiasında olub. Bu iddianı anlayan Banana 1987-ci ildə öz postundan geri çəkilərək yerini Muqabeyə verib. 1987-ci ildə prezident seçilən Muqabe konstitusiyada dəyişiklik edərək ölkədə prezident idarəetmə üsuluna keçib və bütün səlahiyyətləri öz əlinə alıb.

Prezident kürsüsünü tərk etdikdən sonra Banana Afrika Birliyi Təşkilatında diplomat kimi fəaliyyət göstərməyə başlayıb. O, eyni zamanda Zimbabve Universitetinin illahiyyət fakültəsinə rəhbərlik edib.
Sabiq prezident kimi Banana ölkəsinin siyasi həyatına çox da müdaxilə etməyib. O cümlədən Muqabe də keçmiş silahdaşına hörmətlə yanaşıb, bir sıra beynəlxalq səviyyəli görüşlərə, rəsmi qəbullara onu da dəvət edib. Beləliklə, Banana Afrika ölkələrinə xas olan “sabiq prezident” sindromunu yaşamayıb. Amma bu “rahat həyat” uzun sürməyib.

1997-ci ildə Banana həbs edilib. O, homoseksuallıqda, həmcinsi ilə məcburi cinsi əlaqəyə girməkdə ittiham olunub. Məhkəmə prosesində Banananın keçmiş mühafizəçisinin ölümünün bu hadisə ilə bağlı olduğu təsdiqini tapıb. Ümumilikdə məhkəmədə Bananaya 11 eyni epizodla ittiham edilib.

Sabiq prezident girov qarşılığında həbsdən ev dustaqlığına buraxılıb. Banana bu “azadlıqdan” istifadə edərək Çənubi Afrika Respublikasına qaçmağa nail olub. O, həmin ölkədə bəyanatla şıxış edərək ona qarşı irəli sürülən ittihamların heç bir əsası, sübut və dəlili olmadığını bildirib: “Haqqımda deyilənlər, mənə qarşı irəli sürülən ittihamlar yalan və böhtandır. Mən onların heç birini qəbul etmirəm. Bütün bunlar mənim siyasi karyeramı ləkələmək üçün atılan addımlardır...”

1998-ci ildə Banana Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela ilə görüşməyə müvəffəq olub. Mandelanın vasitəçiliyi ilə o, Zimbabveyə qayıdıb. Ancaq bu qayıdış da sakitliklə ötüşməyib. 1999-cu ilin yanvar ayında məhkəmə yenidən Banananın işinə baxıb. Bir neçə gün davam edən prosesdən sonra Banana 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə cəza müddətinin 9 ili şərti cəza kimi qeyd olunub. Bununla da Banana bir neşə ay həbsxanada qaldıqdan sonra cəzasının qalan hissəsini şərti olaraq azadlıqda keçirib.

Kanaan Banana 2003-cü ilin noyabr ayında, 67 yaşında Londonda vəfat edib. Sabiq prezident həyat yoldaşının siyasi sığınacaq aldığı İngiltərədə onkoloji xəstəlikdən müalicə aldığı klinikada dünyasını dəyişib.

Banana Zimbabvedə dəfn olunub. O, sabiq prezident statusunda olsa da, dəfn mərasimi adi qaydada keçirilib.

Robert Muqabe keçmiş silahdaşının ölümündən sonra onun haqqında “Banana Zimbabve üçün böyük hədiyyə idi” fikrini söyləyib. Onun bu ifadəni işlətdikdə nə qədər səmimi olduğuna isə çoxları şübhə ilə yanaşıb.

"Paralel.az"

 

0.026845932006836