AzerSky2 peykini hansı ölkə istehsal edəcək? - Osman Gündüz

AzerSky2 peykini hansı ölkə istehsal edəcək? - Osman Gündüz
 

Azərkosmos müşahidə peykini istehsal edən İsrail şirkətinin adını niyə açıqlamaq istəmir?

"Ötən gün Azərkosmos Azərbaycanın xarici ölkədən peyk alması ilə bağlı yayılan məlumatları "natamam və təhrif olunmuş" hesab edib.
Qurum bu məqsədlə hələlik beynəlxalq nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparıldığını diqqətə çatdırıb."

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

O, qeyd edib ki, Azərkosmos-un açıqlamasında birmənalı təkzib yoxdur, eyni zamanda AzerSky2-nin kimlər, hansı ölkələr tərəfindən hazırlanacağını da açıqlamayıb.

"Bundan öncə isə haqqın.az resursu da İsrail mənbələrinə əsaslanaraq Azərbaycanın peyk istehsalı ilə bağlı İsrail şirkətləri ilə əməkdaşlıq etdiyini açıqlamışdı.

Xeyli öncədən də, AzerSky1 peykini hazırlayan Fransanın "Airbus Defence and Space" şirkətinin nümayəndəliyi Azərbaycanı tərk edəndən sonra yeni peykin istehsalçısının kim ola biləcəyi haqqında məlumatlar yayılırdı.
Mümkün tərəfdaşlar sırasında ilk adı çəkilən də İsrail idi. 44 günlük Vətən müharibəsində hərbi sahədə uğurlu əməkdaşlıq da bunu düşünməyə əsas verirdi.

Bir müddət öncə də İsrailin müvafiq qurumları, biznes sektoru ilə Azərbaycanda yüksək səviyyəli görüşlər keçirilib.

Məhz bundan sonra İsrail mediasında Azərbaycanın yeni müşahidə peykinin istehsalı ilə bağlı İsrail şirkətləri ilə əməkdaşlığın olması, artıq razılaşmalar əldə edilməsi ilə bağlı açıqlamalar yer alıb. Açıqlanan məlumatlarda İsrail rəsmilərinə istinadlar edilib.

Bu məlumatlarda AzerSky2-nin istehsalı ilə bağlı artıq tenderin başa çatdığı, İsrailin "İsrael Aerospace Industries" (İAİ) şirkəti ilə müqavilə bağlandığı bildirilir. Hansı ki, bu şirkətlə Azərbaycanın əvvəldən də hərbi sahədə əməkdaşlığı vardı.
Adı çəkilən İsrail şirkəti hazırda müşahidə, kəşfiyyat və rabitə peyklərinin istehsalı üzrə ixtisaslaşıb.
Bu şirkət son zaman ən yüksək ayırdetmə xüsusiyyəti olan müşahidə-kəşfiyyat peykləri hazırlayıb.
Yeri gəlmişkən, bu peyklərin xüsusiyyəti, Türkiyənin öz resursları hesabına hazırladığı müşahidə peykindən dəfələrlə yüksəkdir." 

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru sual verir ki, görəsən nə üçün Azərkosmos AzerSky2-nin istehsalçısının İsrail şirkəti olduğunu açıqlamaq istəmir?

"Görəsən bunun AzerSky1 peykinin vaxtından əvvəl sıradan çıxması, peykimizə qarşı mümkün kiberhücumlarla bağlı araşdırmaların aparılması ilə bağlı hansısa əlaqəsi varmı?
Güman etmək olar ki, Azərbaycan tərəfi AzerSky1 peykinnin vaxtından əvvəl, qəflətən idarəetmədən çıxmasının səbəblərini xarici partnyorlarla araşdırır.
Regionda baş verənlər, məhz müşahidə- kəşfiyyat yönümlü peyk bazarında mövcud durum düşünmək üçün əsas verir ki, kiber hücum məsələsində İran, Fransa və Rusiyada müəyyən dairələr əvvəllər sınaqdan çıxarılan kiber hücum vasitələrindən istifadə edə bilərdilər.

Mümkündür ki, hazırda bu sahədə gedən araşdırmalarda İsrail şirkətləri də iştirak edir.
Xatırladıram ki, Azərkosmos bildirmişdi ki, ABŞ kosmik qurumlarına da kömək üçün müraciət edilib, onlar da bildiriblər ki, AzerSky1 öz orbitində hərəkətini davam etdirir, lakin onunla rabitə mümkün deyil.

Düşünmək olar ki, AzerSky1 peykinin qəflətən idarəetmədən çıx(arıl)masının dəqiq səbəbləri haqqında açıqlama olmadan Azərkosmos Azərbaycanın yeni müşahidə-kəşfiyyat peykinin məhz İsrail şirkəti tərəfindən istehsal olunacağını açıqlamağı məqsədəuyğun hesab etmir.

Xatırladıram ki , Azərkosmos bir neçə gün öncə açıqlama yayıb ki, Azersky1 peykimiz fəaliyyətini vaxtından tez bitirib."

Qurumun açıqlamasına görə peyklə əlaqələr qəflətən kəsilib.
Azərkosmos ilkin ehtimal olaraq müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb.

 

Şahnaz,

Paralel.az

0.023008823394775