"Azad JurnalistlərTəşkilatı" Əvəz Zeynallı ilə bağlı Bəyanat yaydı
Bəyanatda deyilir: "Azad Jurnalistlər Təşkilatı" (AJT) ayrı-ayrı vəzifəli şəxslərin neqativ əməllərini çəkinmədən tənqid edən Əvəz Zeynallının həbs olunmasını, ilkin istintaqın az qala qapalı aparılmasını, ümumiyyətlə, bu şübhəli həbsi qətiyyətlə pisləyir, jurnalistin həbsinin ölkəmizin beynəlxalq imicinə mənfi təsirindən narahatlıqını ifadə edir.
Təşkilat mülki qaydada araşdırılmalı olan bu olayın cinayət təqibi kimi tövsif olunmasına təəssüflənir və bunu hansısa revanşist dairənin hüquq-mühafizə orqanlarına təsirinin əlaməti kimi qiymətləndirir. Çünki jurnalistə ilk əvvəl şahid qismində saxlanıldığı bildirilsə də, sonradan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər "yamaq" maddələrlə ittihamı irəli sürülüb.
Məhkəmə prosesində Əvəz Zeynallı ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, həmin ittihamları şər və böhtan olduğunu bildirib. AJT tənqidi çıxışlarına görə, bu gün məhbəs həyatı yaşayan Əvəz Zeynallının həbsinin sifarişli, şübhəli və ədalətsiz olduğunu düşünür, eyni zamanda işin Ağır Cinayətlər Məhkəməsində mübahisələndirilən ittiham aktının obyektiv, şəffaf araşdırılmasına və ədalətli məhkəmə qərarının çıxarılmasına ümid edir və hökuməti buna çağırır.